Milli Məclisin sədri Sahibə Qafarova aprelin 16-da Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Müdafiə Komissiyasının sədri Hulusi Akarla görüşüb.
Görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına uyğun olaraq uğurla inkişaf etdiyi qeyd olunaraq, qardaş ölkələrimizin bütün məsələlərdə bir yerdə olduğu və bir-birini dəstəklədiyi vurğulanıb. Bildirilib ki, dövlət başçılarımızın davamlı təmasları strateji müttəfiqliyimizin hər gün yeni amillərlə zənginləşdiyini göstərir. 2021-ci ilin iyununda imzalanmış Şuşa Bəyannaməsi ardıcıl şəkildə həyata keçirilir.
Görüşdə qeyd olunub ki, qardaş ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin ruhuna uyğun olaraq, parlamentlərimiz arasında da əlaqələr uğurla inkişaf edir. Qanunverici orqanların rəhbərləri səviyyəsində qarşılıqlı səfərlər, beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşləri, deputatların davamlı təmasları və qarşılıqlı dəstəyi bunu bir daha sübut edir.
Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komitəsinin sədri Hulusi Akar Şuşa və Xankəndiyə səfəri haqqında təəssüratlarını bölüşərək, həmin ərazilərdə böyük inkişaf və quruculuq işlərinin şahidi olduqlarını bildirib.
Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında qalmasının bölgədə çox ağır fəsadlar yaratdığını deyən Hulusi Akar ATƏT, Avropa İttifaqı kimi təşkilatların baxışlarının nə qədər zərərli olduğunu söyləyib. O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasının regionda yeni reallıqlar yaratdığını söyləyərək, Ermənistanın sülh sazişini imzalamaq üçün lazımi iradə göstərməsini və Azərbaycanın və Türkiyənin uzatdığı sülh əlini tutmasını arzuladığını bildirib.