“Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına heç bir maneə yoxdur. Müharibənin gətirdiyi bütün ağrı-acılara baxmayaraq, Azərbaycan dəfələrlə sülhə hazır olduğunu ifadə edib”.

Bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunan qəbulda çıxışı zamanı səsləndirib. O qeyd edib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin də dediyi kimi, bu, ədalətli sülh olmalıdır – hər iki ölkənin ərazi bütövlüyünün və suverenliyinin tanınmasına əsaslanan sülh. Belə sülh sabitliyə, inkişafa və əməkdaşlığa nail olmağın yeganə yoludur.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın işğalına toxunan parlamentin spikeri deyib ki, Azərbaycan işğala məruz qalmasına baxmayaraq, 44 günlük Vətən müharibəsindən sonra Ermənistana beynəlxalq hüququn 5 prinsipi əsasında sülh sazişi imzalamağı təklif etməklə regionumuzda uzunmüddətli davamlı sülhün bərqərar olunması istiqamətində böyük səylər göstərir.

İştirakçıların diqqətinə çatdırılıb ki, Ermənistanın siyasi və hərbi təxribatları, onun son 3 ildə üzərinə götürdüyü öhdəliklərə əməl etməməsi, ərazilərimizdə yaradılmış qanunsuz separatçı rejimə davamlı dəstəyi Azərbaycanın Qarabağ bölgəsində antiterror tədbirlərinin aparılmasını qaçılmaz edib. Bu tədbirlər beynəlxalq hüquq normalarına tam uyğun şəkildə həyata keçirilib, mülki şəxslər arasında itki qeydə alınmayıb. Nəticədə separatçı rejim özünü buraxdığını elan edib və Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü bərpa edib.

Spiker Sahibə Qafarova deyib ki, Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb. Sıfırdan yeni şəhərlər, kəndlər salınır, keçmiş məcburi köçkünlər artıq öz evlərinə qayıtmağa başlayıblar. “Böyük Qayıdış Proqramı”na uyğun olaraq 2026-cı ilin sonuna kimi 140 mindən çox insan Qarabağa və Şərqi Zəngəzura qayıdacaq.