Azərbaycan COP29-un əsas mövzusu olan enerji keçidində maliyyələşdirmə mexanizmlərinin təmin edilməsi məqsədilə bütün maraqlı tərəflərlə işləməyə hazırdır.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “Ambisiyaların artırılması və fəaliyyətə təkan: COP29 Dayanıqlı Biznes Forumu”nda deyib.

Onun sözlərinə görə, beynəlxalq maliyyə təşkilatları bu məsələdə mühüm tərəfdaşlardır: “Bununla yanaşı, prosesə özəl sərmayənin cəlb edilməsinin təşviqi əsas prioritetlərdəndir. Azərbaycan hökümətinin Milli Prioritetləri və 2022-20226-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası ilə qarşıya qoyduğu hədəflərin dünyanın “yaşıl” gündəliyi ilə uyğunluq təşkil etməsi iqlim dəyişikliyi ilə mübarizədə ölkəmizin fəaliyyətinə əlavə stimul verir. Azərbaycan neft-qaz ölkəsi olsa da, bizim gündəliyimiz “yaşıl enerji” ilə bağlıdır. Qarabağ, Şərqi Zəngəzur iqtisadi rayonları “yaşıl enerji” zonası elan olunub. 2030-cu ilə qədər ümumi enerji istehsalında alternativ və bərpa olunan enerji mənbələrinin payını 30 %-ə çatdırmaq hədəflənir”.

Nazir müavini bildirib ki, Azərbaycanın bərpa olunan enerji mənbələrinin potensialından səmərəli şəkildə istifadə olunması məqsədilə Azərbaycan qanunvericiliyi müntəzəm olaraq qlobal mühitin dinamik iqtisadi tendensiyalarına uyğunlaşdırılır:”Ölkə iqtisadiyyatına yeni texnologiyaların və innovasiyaların cəlb edilməsi, əlverişli investisiya mühitinin yaradılması, investorların hüquq və qanuni mənafelərinin müdafiəsi və digər mühüm məsələlər effektiv şəkildə tənzimlənir.
Bundan əlavə, “Dövlət-özəl tərəfdaşlığı haqqında” və “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunların qəbulu müvafiq sahələrə investisiyaların cəlbi üçün mühüm əhəmiyyət kəsb edir”.

O vurğulayıb ki, “yaşıl iqtisadiyyat”ın stimullaşdırılmasında vergi siyasətinin rolu nəzərə alınaraq, bərpa olunan enerji mənbələrinə sərmayə qoyuluşunun, eləcə də istehsal sektorunda və ixrac olunan məhsullarda “karbon izi”nin azaldılmasına yönələn siyasətin vergi alətləri vasitəsilə dəstəklənməsi məsələsi daim diqqətdədir: “Təbii ki, ölkəmizdə tətbiq olunan şəffaf vergi rejimi, sahibkarlara imtiyazların təklif olunması, eləcə də müxtəlif təşviq mexanizmləri, o cümlədən qurulan müasir infrastruktur hesabına formalaşan əlverişli biznes mühiti çərçivəsində beynəlxalq tərəfdaşlarımızın artması ilə yanaşı, yerli şirkətlərimiz də inkişaf edir və “yaşıl” iqtisadiyyatın böyüməsinə töhfə verirlər.

COP29 özəl sektorun fəaliyyətinin iqlim dəyişikliyinə uyğunlaşdırılması sahəsində təcrübəsinin və gələcəkdə bu sahədə təsir gücünün artmasında vacib rol oynayacaq. Genişmiqyaslı islahatların məntiqi nəticəsi olaraq ölkəmizin “yaşıl enerji” potensialının səmərəli şəkildə reallaşdırılması üçün qlobal şirkətlərlə aktiv əməkdaşlıq edilir”.

S. Məmmədov xatırladıb ki, ötən ilin oktyabr ayında Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin sərmayəsi ilə ölkədə regionun ən böyük günəş elektrik stansiyası olan Qaradağ Günəş Elektrik Stansiyasının açılışı oldu, bununla yanaşı Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının tikintisi davam edir.

Bundan əlavə Mərkəzi Asiya ölkələrindən “yaşıl enerji”nin Xəzər dənizinin dibi ilə Azərbaycana ixracının təşkili üzərində fəal iş aparılır. Artıq Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında enerji mübadiləsi, müvafiq infrastrukturun yaradılması sahəsində önəmli razılıqlar əldə edilib. Eyni zamanda, Azərbaycan Qara dənizdə sualtı kabel vasitəsilə Xəzər dənizi-Qara dəniz-Avropa enerji dəhlizinin yaradılması layihəsini fəal şəkildə inkişaf etdirir.

İstinadlar Report