Bu il Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etməsi və bu ili Yaşıl Dünya naminə həmrəylik ili elan edilməsi, “yaşıl” iqtisadiyyata transformasiya sahəsində təşəbbüslərin daha da artırılması üçün fürsətlər yaradır.

Bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bu gün keçirilən “Yerli şirkətlərin tanıtım sərgisi”ndə bildirib.

Onun sözlərinə görə, bu həm ölkənin imicinin artırılması, həm də sahibkarlıq fəaliyyətinin təkmilləşdirilməsi və biznes proseslərinin müasir dövrün tələblərinə uyğunlaşdırılması baxımından əhəmiyyətlidir: “Yaşıl və resurs-səmərəli texnologiyaların və davranışların tətbiqi bizneslərin xərclərinin azalmasına, rəqabət qabiliyyətinin artırılmasına və məhsuldarlığının yüksəldilməsinə imkan yaradır. Hazırda təşkil olunan sərgi də müvafiq sahədə mütərəqqi təcrübələri nümayiş etdirmək və bizneslərin şəbəkələşməsi ilə onlar arasında təcrübə mübadiləsini təşviq etmək üçün mühüm platforma təmin edir. Sərginin yarada biləcəyi digər bir müsbət məqama toxunmaq istərdim ki, bu da ölkə iqtisadiyyatına əlavə investisiyaların yatırılması imkanıdır. Bu gün məhsullarını nümayiş etdirən şirkətlərimiz alıcılar ilə yanaşı potensial investorlar da cəlb edə bilərlər”.

Nazir müavini bildirib ki, Azərbaycan kifayət qədər əlverişli investisiya mühitinə malikdir və bu nüfuzlu beynəlxalq hesabatlarda və reytinqlərdə də özünü göstərir: “Belə ki, Beynəlxalq Valyuta Fondunun hesabatında Azərbaycanı 2024-cü il üçün dünyanın 7 ən cəlbedici investisiya ölkəsindən biri elan edib. Mövcud rəqəmlər də ölkə iqtisadiyyatına investisiya qoyuluşunda artım dinamikasının davam etdiyini göstərir. Ümidvaram ki, milli şirkətlərimizin qazandığı uğurların nümayiş olunduğu “Yerli şirkətlərin tanıtım sərgisi” yeni işgüzar əlaqələrin qurulmasına və inkişafına öz müsbət töhfəsini verəcək”.

İstinadlar Report