Son 10 ildə Avropa İttifaqı Azərbaycana 20 milyard ABŞ dollarından artıq investisiya yatırıb.

Bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “Bakı Limanının Yaşıl Liman Konsepsiyasının həyata keçirilməsinə və əməliyyat imkanlarının gücləndirilməsinə dəstək” layihəsinin açılış mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır və avropalı investorlar üçün cəlbedici bazarlardan biridir. Hazırda ölkədə 700-dən çox Avropa şirkəti fəaliyyət göstərir.

“Həmçinin Avropa İttifaqının insitusional alətləri çərçivəsində də ikitərəfli əməkdaşlığımız uğurla davam etdirilir. Texniki yardım üzrə əməkdaşlıq baxımından Azərbaycan ümumilikdə 56 tvininq layihəsi ilə ən yaxşı “Şərq Tərəfdaşlığı” ölkələrindən biridir”, – nazir müavini bildirib.

S. Məmmədov xatırladıb ki, Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşı olaraq qalır.

O bildirib ki, 2021-ci ildə Avropa İttifaqının ölkəmizin xarici ticarətində payı 44,8 % (15,2 milyard ABŞ dolları), 2022-ci ilin yanvar-oktyabr aylarında isə bu rəqəm 54,49 % (25,23 milyard ABŞ dolları) təşkil edib.

“İnanıram ki, bu gün açılış mərasimini qeyd etdiyimiz “Bakı Limanının Yaşıl Liman Konsepsiyasının həyata keçirilməsinə və əməliyyat imkanlarının gücləndirilməsinə dəstək” texniki yardım layihəsi Avropa İttifaqı ilə əməkdaşlığımız baxımından çox önəmli olacaq, Bakı Limanının dayanıqlı, davamlı və inteqrasiyalı inkişafı üçün institusional potensialının gücləndirilməsi istiqamətində qarşısına qoyduğu məqsədlərə nail olacaqdır.

İstinadlar Report