Bu gün Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında “15 İyun-Milli Qurtuluş Günü” ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak edib.

İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla yad edib.

Dövlət Himni səsləndirildikdən sonra Ulu öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tədbiri açıq elan edərək “Milli Qurtuluş Günü” münasibətilə təşkil olunan ümumrayon toplantısının iştirakçılarını salamlayıb və bayram münasibətilə təbrik edib. A.Vəliyev bildirib ki, tariximizə qızıl hərflərlə yazılmış “15 İyun-Milli Qurtuluş Günü” Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. 

Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ümummilli lider Heydər Əliyevdir. 

Qeyd olundu ki, həmin gün Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda o zaman hökm sürən dərin ictimai-siyasi böhrana son qoyulub, Azərbaycanın müstəqilliyinin itirilməsi təhlükəsi aradan qaldırılıb və respublikamızda dövlət quruculuğunun, sosial-iqtisadi inkişafın təməli qoyulub. A.Vəliyev vurğulayıb ki, Ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində bu gün ölkəmiz regionda söz sahibidir.

Sonra Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov və müavin Rəna Vəliyeva çıxış edərək Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın inkişafı naminə aparılan çoxşaxəli işlər və islahatlardan söz açıblar.




İstinadlar Qafqazinfo