Xəbər verdiyimiz kimi, Sabirabad rayonunun 12 kəndində yol yoxdur.

Rayonun Qaratoğay, Güdəcühür, Axtaçı-Muğan, Həşimxanlı, Ətcələr, Bulduq, Ulacalı, Mürsəlli, digər tərəfdən bərə vasitəsilə Ulacalı kəndinə birləşən Quruzma, Qaraqaşlı, Yeni kənd, Qəzli kəndlərində bu səbəbdən həyat, demək olar ki, dayanıb.

Bu kəndlərdə yaşayan sakinlər gileylənirlər ki, təcili tibbi yardım, yaxud da yanğınsöndürən maşınlar çağırılanda buraya çətinliklə gəlib çıxırlar. Onların sözlərinə görə, bu problem illərdir qalır və həllini tapmır.

Məsələ ilə bağlı Sabirabad Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, qeyd edilən yollar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) balansındadır.

AAYDA-nın mətbuat katibi Anar Nəcəfli isə sözügedən kənd yollarının əsaslı şəkildə yenidənqurulmasının nəzərdə tutulduğunu qeyd etdi: “Məlumat üçün bildirim ki, kənd ərazisində avtomobil yollarının yenidən qurulması regionların sosial və iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində öz həllini tapır. Bu proqrama əsasən Sabirabad rayonu ərazisində irimiqyaslı yol infrasturkturu layihələrinin icrası həyata keçirilib və davam etdirilir. Bununla bağlı maliyyə vəsaiti ayrılan kimi həmin avtomobil yollarının yenidənqurulması həyata keçiriləcək”.

Lamiyə Məmmədova


İstinadlar Qafqazinfo