
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ölkə sərhədini qannunsuz keçmək ittihamı üzrə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə Tbilisi Şəhər Məhkəməsi hökm çıxarıb.
Nəticədə Saakaşvili həbsxanada 12,6 il keçirməli olacaq. Martın 12-də Saakaşvili dövlət vəsaitlərini mənimsəmək ittihamı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Gürcü siyasətçi daha əvvəl iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Gürcüstan qanunvericiliyinə əsasən, cəzanın müddəti 2021-ci il oktyabrın 1-dən hesablanır. Bununla da, eks-prezident əfv edilməzsə və ya şərti sərbəst buraxılmazsa, 2030-cu ilin oktyabrında azadlığa buraxılacaq. Onun əfv edilməsi barədə qərarı isə Gürcüstan prezidenti verir.
Xatırladaq ki, 57 yaşlı Saakaşvili 2021-ci il oktyabrın 1-də gizli şəkildə getdiyi Tbilisidə saxlanılıb. Saxlanıldığı gün aclıq aksiyasına başlayan keçmiş prezident 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü. Saakaşvili 2022-ci ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə “Vivamed” klinikasına köçürülüb. O, hazırda az qidalanma səbəbindən yaranan kaxeksiya xəstəliyindən müalicə olunur. Həkimlər onun səhhətinin getdikcə yaxşılaşdığını qeyd edib.