Azərbaycan Respublikasının Qarabağ torpaqlarında yerləşən Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları 1941-1945-ci illər müharibəsində faşizm üzərində qələbənin 76-cı ildönümünə  təsadüf edən təntənəli yürüş üçün təlimlərə başlayıblar.
Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə,  Xocalı hava limanında keçirilən təlimə  400-dək rus hərbçisi cəlb olunub.
“Təntənəli yürüş üçün məşqlərdə Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin əsasını təşkil edən Mərkəzi Hərbi Dairənin 15-ci əlahiddə moto-atıcı  briqadasının (sülhməramlı) şəxsi heyəti iştirak edirlər. Bundan əlavə, Humanitar Reaksiya Mərkəzinin bölmələri, hərbi polis, xüsusi təyinatlı tibbi hissə, Rusiya sülhməramlı kontingentinin komanda qrupu, eləcə də maddi-texniki dəstək bölmələri də məşqlərə cəlb olunur.
Zəfərin 76-cı ildönümü günü – 9 May 2021-ci il tarixində təntənəli yürüşdə hər biri 45 hərbçidən ibarət 10-a qədər hərbi “qutu”nun  iştirak edəcəyi planlaşdırılır” – xəbərdə belə deyilir.