“Noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycanın nəzarətinə qaytarıldı. Həmin ərazi birbaşa Ermənistanla həmsərhəd olduğu üçün əslində iki ölkə arasında hələ SSRİ dövründə mövcud olmuş inzibati sərhəd bərpa olundu”.

Bu fikirləri “Report”un Rusiya bürosuna açıqlamasında rusiyalı politoloq, Rusiya İqtisad Universitetinin kafedra müdiri Aleksandr Perenciyev deyib.

Politoloq Qarabağ müharibəsi nəticəsində Ermənistan dövlətinə böyük zərbə vurulduğunu qeyd edib: “Bu gün Ermənistanda bir çoxlarının həmin o yeddi rayonu elə əvvəlcədən qaytarmadığı üçün Paşinyana irad tutduqları da çox maraqlı haldır, yəni bu qədər insan və texnika itkisi boşuna oldu. Əslində Ermənistan iqtisadiyyatına da, dövlətinə də ciddi ziyan dəyib. Hər halda Madrid prinsipləri həyata keçirilsə də, məsələ bunun Ermənistana necə baha başa gəldiyindədir. Məsələni dinc yolla yoluna qoymaq, danışıqlar masası arxasında yeddi rayonu qaytarıb Qarabağ üçün status əldə etmək əvəzinə, onlar heç bir şansları olmaya-olmaya bu müharibəyə girişdilər. Əslində həmin o Madrid prinsiplərinin Azərbaycana yox, məhz Ermənistana sərf etməsini onlar indi-indi dərk etməyə başlayırlar. Halbuki mən bunu çoxdan demişəm. Madrid prinsipləri daha çox Ermənistanın mənafeyinə uyğun gəlsə də, Azərbaycan onu imzaladı, çünki müharibə istəmirdi, əksinə məsələni sülh yolu ilə həll etmək istəyirdi”.

“Həmişə demişəm ki, Ermənistanın “bir addım geri atmarıq” mövqeyi, işğal etdikləri bütün əraziləri hərbi yolla əldə saxlamaq istəyi bu ölkəni iflasa sürükləyəcək. İndi Azərbaycan dörd rayonu və Qarabağın bir hissəsini hərbi yolla, daha üç rayonu isə sülh yolu ilə qaytardı, üstəlik də, bir növ təzminat olaraq Naxçıvana da dəhliz əldə etdi. Beləliklə, Azərbaycan Madrid prinsiplərində nəzərdə tutulandan da artıq qazanc əldə edib”, – ekspert bildirib.

İstinadlar Report