Rusiyada həbsdə olan ukraynalı kinorejissor Oleq Semtsov müddətisiz aclıq elan edib.

Bunu onun vəkili Dmtri Dinze bildirib.

Vəkilin sözlərinə görə, Oleq Sentsov aclığı qələbəyədək davam etdirmək niyyətindədir: “Müvəkkilim Rusiya ərazisində həbsdə saxlanılan ukraynalı bütün siyasi məhbusların azadlığa buraxılmasını tələb edir. O, hazırda saxlanıldığı “Ağ ayı” həbsxanası ilə bağlı heç bir iddia irəli sürməyib”.

Qeyd edək ki, bu həbsxana Yamal-nene muxtar dairəsinin Labıtnanqi şəhərində yerləşir.

Xatırladaq ki, Ukrayna vətəndaşı olan kinorejissor terrorçuluqda günahlandırılaraq 20 il müddətinə azadlıqdan məhrum edilib. Aleksandr Kolçenko (10 il azadlıqdan məhrum olunub) və Oleq Sentsov 2014-cü ildə Krım ilhaq ediləndən sonra Simferopolda Krımdakı Rusiya icması və Vahid Rusiya Partiyasının ofisini yandırmaqda təqsirləndiliblər. Müttəhimlər isə onlara qarşı irəli sürülən ittihamların siyasi xarakter daşıdığını və istintaqın saxta sübutları saxtalaşdırdığını bildiriblər. Oleq Sentsov vurğulayıb ki, həbs edildikdən sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları ona işgəncə verib və döyüblər.

Oxumağa dəyər:   Baş pediatrdan ağır vəziyyətdə olan körpə ilə bağlı - Açıqlama

Ukrayna hakimiyyəti onların təcili olaraq azadlığa buraxılmasını tələb edir. Rusiya və Qərbin kinematoqrafları, o cümlədən ABŞ-ın məşhur aktyorları – Conni Depp və Meril Strip də Oleq Sentsovun hüquqlarını müdafiə edirlər.

Bu ilin martında Rusiya prezidentliyinə keçmiş namizəd Kseniya Sobçak Sentsov və Kolçenko da daxil olmaqla, siyasi məhbus saydığı 16 nəfərin əfv edilməsi ilə bağlı dövlət başçısı Vladimir Putinə müraciət etmişdi.

İstinadlar Report