Azərbaycanın beynəlxalq nəqliyyat qovşağına çevrilmək üçün böyük potensialı var.

Bunu Rusiya Federasiyasının Ticarət və Sənaye Palatasının (TSP) Azərbaycandakı nümayəndəsi Mariya Suvorovskaya deyib.

“İlin əvvəlindən Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 12,4 % artıb. Azərbaycan beynəlxalq nəqliyyat qovşağına çevrilmək üçün böyük potensiala malikdir. Güclü infrastrukturu və nəqliyyat şəbəkələrinin inkişafına sərmayələr sayəsində ölkə özünün strateji üstünlüyünü möhkəmləndirir və qlobal iqtisadi xəritədə mühüm qovşağa çevrilir”, – M.Suvorovskaya bildirib.

Suzdalda “Ekologiya Kadrlar Dövlət – Məsuliyyətli Biznes Forumu” çərçivəsində keçirilən “Vladimir vilayətində Beynəlxalq Gün”də Rusiya biznesi ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyət perspektivlərinə böyük diqqət yetirilib.

Tədbir iştirakçıları arasında Vladimir vilayətinin müəssisələrinin, eləcə də Azərbaycan və Türkiyədən peşəkar birliklərin və iri şirkətlərin nümayəndələri olub.

Azərbaycan nümayəndə heyəti Vladimir vilayəti ilə əməkdaşlığı yüksək qiymətləndirib, Rusiyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğu qeyd edilib. 2024-cü ilin yanvar-sentyabr aylarının nəticələrinə əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 3,5 milyard ABŞ dolları təşkil edib.

Tədbirdə Azərbaycan şirkətləri yeni birgə layihələrin, o cümlədən kommersiya daşınmaz əmlakına investisiya yatırılmasına və ixrac tədarükünün inkişafının həyata keçirilməsinə hazır olduqlarını bildiriblər.

İstinadlar Report