“Hesab edirəm ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, 10 noyabr bəyanatının icrasına maneə olmaq cəhdləri bu ölkə üçün zərərverici olacaq”.

Bunu Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, Ermənistandakı vəziyyətlə bağlı dərinə getmək istəməzdim: “Məncə, məsələni özləri həll etsələr yaxşıdı. Ancaq qonşu ölkə olaraq, biz Ermənistandakı vəziyyətə biganə ola bilmərik. Biz məsələni diqqətlə izləyirik. Hesab edirəm ki, Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq, 10 noyabr bəyanatının icrasına maneə olmaq cəhdləri bu ölkə üçün zərərverici olacaq. Mən artıq Prezident Putinin sitatını dilə gətirdim, onlar üçün bu, sui-qəsd olacaq. Vəziyyət bundan da qat-qat pis olacaq.

Mən narahat deyiləm ki, Ermənistanda olan hər hansı dəyişiklik bəyanatın icrasına təsir edə bilər. Birincisi, bu, artıq rəsmi imzalanmış sənəddir, ikincisi, burada Rusiya Prezidentinin də imzası var. Yəni, bu gün Ermənistanın Rusiyadan asılılığını nəzərə alsaq, müharibədən əvvəlki dövrlə müqayisədə 10 dəfə artıb, Ermənistanın buna cəsarəti çatacaq ki, Rusiya Prezidentinin imzasına bu cür yanaşsın. Rusiya Prezidenti bu sənədin qarantı kimi çıxış edir. Ermənistanın hər hansı artıq gözləntisi olmasın. Ermənistan hakimiyyətinin iradəsindən asılı olmayaraq, istənilən halda 10 noyabr bəyanatı icra ediləcək”.

İstinadlar Qafqazinfo