Moskva Hindistan tərəfinin müraciətinə əsasən, 5 ədəd S400 raket sistemini qarşı tərəfə satmağa hazırdır. Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətindən bu barədə məlumat verilib. “Federal Xidmət S400 sistemlərinin satışı ilə bağlı dövlətlərarası müqaviləni hazırlayıb və rəsmi cavabın verilməsini gözləyir”-“Defexpo India 2016” sərgisində  iştirak edən Rusiyanın Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktor müavini Vladimir Drozzov belə deyib.

Qeyd edək ki, ötən ilin dekabrın 17-də Hindistanın Müdafiə Nazirliyinin tabeliyində olan Silahları Müdafiə Sisteminə Qəbuletmə Şurası bəyan edib ki, rəsmi Dehli Rusiyadan S400 raketlərinin alınması barədə qərar qəbul edib. Müqavilənin dəyəri açıqlanmasa da, mediada bu məbləğin 6 milyard ABŞ dollarına çatması haqqında məlumatlar yayılıb.

Əlavə edək ki, S400 raket kompleksi 400 kilometr məsafədə olan təyyarə, ballistik raket və kosmik gəmini məhv etmək imkanına malikdir. Rəqəmsal hədəf təyini sistemi eyni anda bir neçə obyektin hədəf kimi seçilməsini mümkün edir.