Son zamanlar Ermənistanın Azərbaycanla sərhəddə hərbi təxribatı Qafqaz regionundakı həll edilməmiş münaqişələr məsələsini yenidən gündəmə gətirib. Qarabağ münaqişəsi başlayandan bu günə qədər qeyri-rəsmi olaraq səsləndirilməkdə olan “açar Moskvadadır” ifadəsi Kremlin artıq heç kəsə sirr olmayan “dondurulmuş münaqişələr” siyasətinin xalq arasında loru dildə inikası olsa da Rusiyanın baxış və istəkləri, bu siyasətlə hansı maraqlarını və strategiyasını izlədiyi heç də çox təhlil edilməyib və ya tam dərinliklərinə qədər gedilmir. Bəs Rusiyanın maraqları nədir və rəsmi Moskva nəyin naminə siyasi və ictimai nüfuzunun bu cür hallanmasına razı olur?

Əvvəlcə Azərbaycan ictimaiyyətinə bu fikri təqdim etməkdən başlayaq ki, əslində əksəriyyətin düşündüyü kimi Rusiya heç də Ermənistanın tərəfdaşı və müttəfiqi olaraq bu məsələdə təmsil olunmur. Bu, yalnız məsələnin səthi tərəfi və ya aysberqin su üzərindəki hissəsidir. Əslində isə Moskvanın bu cür münaqişələrdə məqsədi daha dərin və təhlükəlidir. Bu, münaqişələr bir növ “dondurulmuş embrion” kimi həmin coğrafiyalardan məcburi çəkilərkən (SSRİ-nin süqutu zamanı) sanki bənzətmə ilə desək dinozavr yumurtası kimi qoyulub və bu yumurtalar o zaman götürülə bilər ki, ana dinozavr bu yuvalara bir daha geri dönsün. Yəni, Rusiya Qarabağ münaqişəsini problem saymır və Moskva üçün ağrılı olan və daha böyük dərd bu ərazilərin itirilməsidir. Rusiya strategiyasına görə ölkənin sərhədləri yenidən İranla birləşəndə Qarabağ və Cənubi Qafqazdakı digər münaqişələr də öz-özlüyündə həll ediləcək. Məsələni daha real təsəvvür etmək üçün 1918-1920-ci illərdəki vəziyyəti göz önünə gətirmək lazımdır. O zaman da Qarabağ daxil olmaqla Azərbaycan bir çox digər əraziləri də Ermənistanla münaqişəli vəziyyətdə idi və Moskva bu problemə ümumi ittifaq-ümumi vətən paradiqması ilə son qoydu. Çox böyük ehtimalla Moskva yenə də eyni strategiyanı izləyir və Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtar vilayət olmasının lehinədir, lakin bir şərtlə ki, Azərbaycan və Ermənistan Rusiyanın ümumi ittifaq dövlətinin tərkib hissələri olsun. Kremlin Azərbaycanda məyusluqla izlənilən Qarabağ münaqişənin indiki məqamda həlli prosesinə maraqsızlığı da əslində bununla bağlıdır. Rusiya özünün keçmiş imperiya sərhədlərinə qayıtmayanadək münaqişənin həllini milli maraqlarına zidd sayır və lüzumsuz hesab edir, üstəlik belə bir hal olacağı təqdirdə Azərbaycan və Ermənistanın daha müstəqil və cəsarətli addımları ilə Moskvanın imperiya planlarına xələl gətirəcəyindən ehtiyatlanır. Əslində bu məqam tək Azərbaycan deyil, Ermənistan tərəfini də dərindən düşündürməli və münaqişənin uzanmasının sonda nəinki Qarabağ ərazisini, ümumiyyətlə hər iki dövlət və bütöv regionu imperiya tələsinə aparan yem olduğunu anlamalıdırlar. Bu arzuolunmaz ssenari hər iki ölkənin gənc və kövrək dövlətçilik tarixini və ümumilikdə müstəqilliyini təhlükə altına alır və geosiyasi perspektivdə bu iki Cənubi Qafqaz ölkəsini nəinki əks tərəflərdəki düşmənlər, əksinə təbii müttəfiq vəziyyətinə gətirir.

Bəs Moskva regiona qayıtmağı nə zamana planlaşdırır?

Bu məsələ ilə bağlı çoxlu və kifayət qədər əsaslı fərziyyələr olsa da sualın cavabı indiki məqamda Rusiyadan daha çox Putin amili ilə bağlıdır. Rusiyanın əvvəlki imperiya miqyasının xiffətini çəkən əsas siyasi fiqur kimi Putinin bioloji olaraq yaşlanması və qarşıdakı illərdə həyatının sona çata bilməsi ehtimalının yüksəldiyindən çıxış edərək deyə bilərik ki, Rusiya lideri qarşıdakı illərdə bu yöndəki fəaliyyətini daha intensivləşdirəcək. Konstitusiya dəyişikliklərinin təcili keçirilməsi də bunun əyani sübutlarından biridir. Üstəlik sanksiyaların iqtisadiyyatı taqətdən salması və neft-qaz resurslarının dəyərdən düşməsi ilə paralel Rusiyanın öz maraqları baxımından aqressivləşəcəyi və bu niyyətində tələsəcəyi proqnozlaşdırıla bilər. Bu səbəbdən Cənubi Qafqaz ölkələri qarşıdakı müddətdə daha uzaq perspektivi düşünməli və münaqişəli vəziyyətlə bir-birini zəiflətmək və xarici müdaxiləyə daha əlverişli hala salmaq siyasətindən imtina etməli, konfliktlərin necə və hansı yolla həllinin onların dövlət müstəqilliyi və siyasi aktor kimi mövcudluqlarına nə kimi təsirlər göstərəcəyini mütləq düşünməlidirlər.

Rusiyanın vaxtaşırı Ermənistana çoxsaylı silah-sursat və hərbi texnika göndərməsinin səbəbləri hansılardır?

Əvvəldə də qeyd etdiyimiz kimi, Moskva Qarabağ münaqişəsi bölgəsində status-kvonun qalmasının tərəfdarıdır. Bu, gələcəkdə Rusiyanın imperiya sərhədlərinə dönməsi zamanı Moskvaya hava-su qədər vacib olan bir geosiyasi rıçaqdır və Kreml bu vasitəni əldən verməyə qətiyyən maraqlı deyil. Bu səbəbdən də Rusiya münaqişənin hər iki tərəfini hərbi texnika ilə təmin etməklə həm hərbi sənayesinin gəlirlərini təmin edir, həm də vaxtaşırı Azərbaycanla eyni səviyyədə silahlanma imkanlarına malik olmayan İrəvanı güzəştli şərtlərlə hərbi texnika ilə təmin etməklə tərəflər arasında balans yaratmağa çalışır. Burada məqsəd Azərbaycanla Ermənistan arasında ciddi hərbi fərqin yaranmasına yol verməməkdir. Moskva düşünür ki, bu, Bakını öz torpaqlarının azad edilməsi istiqamətində daha fəal cəhdlərə sövq edə bilər və ona görə də Kreml mütəmadi olaraq Cənubi Qafqazdakı forpostuna texnika göndərməklə tarazlığın bərpasına çalışır.

Azərbaycan rəhbərliyinin Rusiyanın imperialist siyasəti və Ermənistanın təcavüzkar fəaliyyətinin cilovlanması yönündə xətti necədir?

Rəsmi Bakı son illər ərzində Moskva ilə çox isti münasibətlər yaradaraq Qarabağ məsələsinin həllinə Rusiyanı razı salmaq istiqamətində ciddi səylər göstərib. Azərbaycan rəhbərliyi çox düzgün olaraq bu məsələnin həllinin Rusiya ilə münasibətləri korlamadan reallaşdırılması strategiyasını izləyir və ölkənin milli maraqları baxımından bu olduqca müdrik və uzaqgörən bir yanaşmadır. Çünki hətta Rusiyanın ziddinə gedərək nə qədər riskli olsa belə işğal olunmuş torpaqların azad edilməsinə hətta nail olunsa belə, əgər bu Moskva ilə münasibətlərin tamamilə korlanması ilə yekunlaşacaqsa bu, Azərbaycanın milli maraqlarına cavab vermir. Qarabağı azad etmək-Rusiyan itirmək paraleli rəsmi Bakının həm siyasi, həm iqtisadi maraqlarına tamamilə ziddir. Bu səbəbdən də Azərbaycan çox düzgün olaraq Rusiya ilə tərəfdaşlıq+Qarabağın azad edilməsi siyasətini həyata keçirməyə çalışır və alınacağı təqdirdə ölkəmizin milli maraqlarına ən çox uyğun gələn versiya budur.

Azərbaycan Prezidentinin RF Prezidenti Valdimir Putinlə son telefon söhbəti və Türkiyə hərbi-siyasi rəhbərliyi ilə aparılan müzakirələr rəsmi Bakının əvvəlki siyasi xətti bəzi korrektələrlə davam etdirəcəyini proqnozlaşdırmağa imkan verir. İlk növbədə Tovuz təxribatı zamanı Rusiya Ordusunun Cənub Hərbi Dairəsində qəfil yoxlanış hərəkətlənməsi və ardınca Ermənistana 400 ton hərbi texnikanın çatdırılması kimi son baş verənlər Bakıda olan bəzi təxminlərin aydınlaşmasına kömək etmiş oldu. Birincisi, Soros Fondu və Qərbin layihəsi olan Ermənistan inqilabı sonrası hakimiyyətə gələn Paşinyan və komanadasının kreslosunu laxlatmaq üçün Moskvanın Bakıya cəbhədə yaşıl işıq yandıracağı ehtimalları özünü doğrultmadı. Məlum oldu ki, Moskva Paşinyan komandasının hakimiyyətdən salınması naminə Qarabağ bölgəsinə yerləşdirdiyi “imperiya rüşeymini” qurban vermək fikrində deyil. İkincisi, rəsmi Bakı özü üçün dəqiqləşdirdi ki, Rusiya ilə nə qədər sıx əməkdaşlıq olsa da, Kreml hər zaman Qarabağ münqişəsini sövdələşmədən kənar tutmaqda qərarlıdır. Məhz baş verənlər fonunda Azərbaycanın Türkiyə ilə daha da yaxınlaşması xətti həm Moskvaya mesaj, həm də Kremldən layiqli qarşılıq görülməməsinin nəticəsi sayıla bilər. Təsadüfi deyil ki, Azərbaycan rəhbərliyi artıq Türkiyənin hərbi sənaye kompleksinin nailiyyətlərinə üstünlük verəcəyini və hətta yaxın zamanda bu sahədə Ankaranın bir nömrəli tərəfdaş olacağını rəsmi bəyan etdi.

 

Azərbaycan bundan sonra nə edəcək?

Cəbhədə və Ermənistanla sərhəddə baş verən hər bir insident rəsmi Bakıya xarici aktorların necə davranacağı ilə bağlı ssenariləri dəqiqləşdirməyə və  Qarabağ siyasəti, xarici siyasət və ümumilikdə milli təhlükəsizlik strategiyasını korrektə etməyə gözəl imkanlar yaradır. Tovuz təxribatı və davamında baş verənlərdən sonra çox böyük ehtimalla Azərbaycan yenidən daxili güclənmə siyasətinə daha çox önəm verərək Türkiyə ilə əməkdaşlıq və inteqrasiyanı gücləndirəcək. Bakıda bunu çoxdan anlayırdılar və bir daha özləri üçün təsdiqlədilər ki, Rusiya ilə bağlı ciddi bir dəyişiklik olmadan topraqların işğaldan azad edilməsi əməliyyatlarına başlamaq ölkənin milli maraqlarına uyğun deyil və xeyirdən çox ziyan gətirə bilər. Bu səbəbdən də rəsmi Bakı ölkədaxili islahatları davam etdirməklə daha sağlam bünövrə qazanmaq, eləcə də iqtisadi və hərbi baxımdan güclənərək əlverişli beynəlxalq situasiyanı gözləmək xəttini izləyəcəkdir. Həmçinin qarşıdakı illərdə Azərbaycan Ordusunun hərbi texnika və bütün digər vacib amillər baxımından öz arsenalında daha fərqli, müasir və effektli əvəzləmələr edəcəyi prioritet olacaq.

Analitik şöbə