Kremlin nəzarətindəki “Nezavisimaya qazeta” qəzeti “Azərbaycan da daxil olmaqla bəzi MDB respublikaları Suriyada “sülhün təmin olunması” üçün başladılacaq sülhməramlı missiya tərkibində öz qoşunlarını bu ölkəyə göndərə bilər” məzmunlu məqalə dərc edib.

Azərbaycan 24 xəbər verir ki, politoloq Elxan Şahinoğlu hesab edir ki, yazının məhz bu gün yayımlanması təsadüfi deyil: “Bu bir nəbz yoxlamasıdır. Moskvada MDB müdafiə nazirlərinin toplantısı başlayır. Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə artıq toplantı çərçivəsində azərbaycanlı həmkarı Zakir Həsənovla görüşüb. Rusiya qəzetinin yazdığına görə, bu görüşmədə də Suriyaya hərbi birlik göndərilməsi məsələsi müzakirə olunub. İndiki şərtlər altında Suriyaya hərbi birlik göndərilməsi Azərbaycanın maraqlarına cavab vermir.”

Politoloq bunun ölkəmizin milli maraqlarına zidd olduğunu aşağıdakı kimi əsaslandırıb:

“Birincisi, beynəlxalq birlik Suriya ilə bağlı ümumi koalisiya yarada bilmirsə, Azərbaycan öz hərbçilərini Rusiyanın patronajlığı altında niyə bu ölkəyə göndərməlidir? Azərbaycanın İrak, Kosovo və Əfqanıstandakı sülhməramlıların tərkibində iştirakı ümumi koalisiyanın varlığı ilə əlaqəli idi. Suriyada isə terrorçulara qarşı savaşan beynəlxalq koalisiya yoxdur. İkincisi, Azərbaycan Ermənistan hərbçiləri ilə eyni koalisiyada iştirak etməməlidir. Üçüncüsü, Azərbaycanın Rusiyanın rəhbərliyi altında koalisiyada iştirakı rəsmi Bakının tərəf seçməsi anlamına gələcək. Yəni rəsmi Bakı yüzminlərlə insanın qətlinin səbəkarı Bəşər Əsəd seçəcək, qarşısında isə strateji müttəfiqi Türkiyəni və ABŞ görəcək. Bu bizə lazımdırmı?”