Qarabağda olan rusiyalı milyarder Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend “Kommersant” qəzetinə danışıb.

O, Vardanyanla əlaqə saxlaya bilmədiyini deyib.

 

“Qazprom-Media Holdinq”in baş direktorunun müavini Tina Kandelaki isə öz “Telegram” kanalında yazıb ki, Ruben Vardanyan Azərbaycan hərbçiləri tərəfindən həbs edilib.

 

TASS-ın mənbəsinin məlumatına görə, Vardanyan Gorus şəhərinə getmək istəyərkən Azərbaycanla sərhəddə saxlanılıb. “Ruben Vardanyan Hərkəti körpüsünü keçərkən saxlanılıb”, – agentliyin həmsöhbəti deyib.

***

 

Ermənistanın bəzi xəbər saytları və teleqram kanalları qondarma “Artsaxın keçmiş dövlət naziri”, rusiyalı milyarder Ruben Vardanyanın saxlanıldığı barədə məlumat yayıblar.

Yayılan xəbərlərdə Ruben Vardanyanın Laçın yolunda saxlanıldığı bildirilib.

Hələlik bununla bağlı rəsmi məlumat almaq mümkün olmayıb.
1968-ci il təvəllüdlü erməni milyarder Ruben Vardanyan Yerevanda anadan olsa da, sərvətini Rusiyada qazanıb. “Forbes” jurnalı onun varidatının təxminən 1 milyard dollar həcmində qiymətləndirir. Vardanyan 2021-ci ildə Ermənistan vətəndaşlığı alıb. O, qərarını II Qarabağ müharibəsindən sonra erməni xalqına dəstək olmaq istəməsiylə əlaqələndirib. Milyarder əvvəlcə hansısa dövlət vəzifəsini tutacağını rədd eləsə də, sonradan Qarabağdakı erməni seperatçılarının rəhbəri Araik Harutunyanın “dövlət naziri” vəzifəsini tutmaq təklifini qəbul edib. O, bir müddət bu qondarma “vəzifə”ni daşıyandan sonra “istefaya göndərilib”.

Qeyd edək ki, Vardanyanın Qarabağdakı separatçı rejimin “dövlət naziri” elan edilməsindən sonra azərbaycanlı ekofəallar Laçın-Xankəndi yolunda aksiya keçirməyə başlamışdılar.

Bəzi ekspertlər Vardanyanın məhz Rusiyanın himayəsi ilə Qarabağa gətirildiyini bildirirlər.

İstinadlar Modern.az