Ruanda hakimiyyəti Konqo Demokratik Respublikasının onlara qarşı kütləvi hücuma hazırlaşdığını və hərbi resursları sərhəddəki Qoma şəhəri ərazisində cəmləşdirdiyinə dair sübutlara malikdir.

Bu barədə Ruandanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Ceyms Nqanqo bildirib.

“Aydındır ki, bu şəraitdə Ruanda birbaşa təhlükə altında idi. Qomanın süqutu ilə Ruandaya genişmiqyaslı hücumun qaçılmaz olduğuna dair yeni dəlillər ortaya çıxdı”, – Nqanqo BMT-nin İnsan Haqları Şurasının fövqəladə iclasında deyib.

O qeyd edib ki, Konqo DR hökuməti və onun müttəfiq qüvvələri Qoma hava limanında və onun ətraflarında silah-sursat yığır.

“Biz Konqonun Ruandanı ölkələrinin şərqindəki qeyri-sabitliyə görə məsuliyyət daşıdığını göstərmək cəhdlərini qəti şəkildə rədd edirik”, – Nqanqo söyləyib.

İstinadlar Report