Rəsmi Moskva İkinci Dünya müharibəsi illərində Yaponiyada fəaliyyət göstərmiş keçmiş sovet kəşfiyyatçısı Rixard Zorgenin yenidən Rusiyada dəfn olunması üçün Tokio ilə müzakirələr aparır.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasının “Hökumət saatı” plenar iclasında çıxışı zamanı bildirib.

“Biz yapon qonşularımızdan Rixard Zorgenin yenidən dəfni məsələsi ilə bağlı yekun, müsbət cavab gözləyirik. Onun Saxalin vilayətinin cənubunda, Kuril silsiləsinin cənubunda öz ərazimizdə yenidən dəfn edilməsi təşəbbüsü var”, – rusiyalı nazir deyib.

Qeyd edək ki, Rixard Zorge 1895-ci il oktyabrın 4-də Bakının Sabunçu qəsəbəsində neftçi texnik Adolf Zorgenin ailəsində dünyaya gəlib. Atası milliyətcə alman olan Adolf Zorge rus əsilli Nina Kabaleva adlı bir qadınla ailə qurur. Bu ailədə 5 uşaq dünyaya gəlir. Zorge sonuncu övladı olur. Ailə bir neçə il Bakıda qaldıqdan sonra yenidən Berlin şəhərinə köçür.

1914-cü ildə Birinci Dünya müharibəsinin başlaması ilə Zorge həmin ilin oktyabr ayında könüllü cəbhəyə yollanır. O, topçu birliklərində xidmət etməyə başlayır. Müharibədə göstərdiyi şücaətə görə kapral rütbəsi alan Rixard Zorge Almaniya İmperiyasının II dərəcəli Dəmir Xaç medalına layiq görülür.

1924-cü ildə Sovet İttifaqına qayıdan Rixard Zorge 1929-cu ildə Yan Berzin tərəfindən sovet kəşfiyyat xidmətinin işinə cəlb edilir.

Zorge Yaponiyada Ramzay kod adı atlında fəaliyyət göstərirdi. 1941-ci ilin əvvəlində Zorge Moskvaya məxfi teleqram göndərərək keçmiş SSRİ-nin rəhbəri İ.V.Stalinə bildirirdi ki, faşist Almaniyasının başçısı Adolf Hitler iyunun 22-si səhər tezdən SSRİ-yə hücum edəcək.

Rixard Zorge 1941-ci il oktyabrın 18-də Tokioda həbs olunub. O, 1944-cü il noyabrın 7-də Tokioda saxlanıldığı həbsxanada asılaraq edam edilib. Həbsxana protokolunda edamın icrası barədə belə yazılmışdı: “Dar ağacından çıxarılandan sonra məhbus Rixard Zorgenin ürəyi 8 dəqiqə döyünüb”.

Edamdan sonra Zorgenin meyiti Suqamo həbsxanasında məhkumlar üçün nəzərdə tutulmuş ümumi məzarlığa dəfn olunub. Bir müddət sonra Almaniyada yaşayan anası Anna Klausenin səyləri ilə meyit həbsxanadan çıxarılır. Onun nəşi Tokionun Füçi rayonunda yerləşən qəbiristanlıqda dəfn olunub. Rixard Zorgenin küllərinin saxlanıldığı məzar bu gün də burada yerləşməkdədir.

İstinadlar Report