4 oktyabr Ümumdünya Heyvanları Müdafiə Günüdür. 

Bu tarix hər il oktyabr ayının 4-də qeyd olunsa da, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən il boyu mütəmadi olaraq bu istiqamətdə tədbirlər həyata keçirilir. 

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib ki, zubr, ceyran, nəcib maral, bezoar keçilərinin reintroduksiya edilərək öz areallarına qaytarılması və populyasiyalarının artırılması istiqamətində həyata keçirilən layihələri, su ekosisteminin bərpası məqsədilə Xəzər dənizi və daxili su hövzələrinə balıq buraxılışlarını, həmçinin brakonyerliyə qarşı görülən mübarizə tədbirlərini bu istiqamətdəki fəaliyyətlərə misal göstərmək olar:

“Respublikamızda heyvanların mühafizəsi üçün Xüsusi Mühafizə Olunan Təbiət Ərazisi (XMOTƏ) şəbəkəsi fəaliyyət göstərir və bu  şəbəkənin daha da genişləndirilməsi məqsədilə davamlı işlər görülür. 

Samux və Qax rayonları, Alazan (Qanıx) çayı vadisi və Axar-baxar dağ silsiləsinin ərazisində yeni milli parkın yaradılması ilə bağlı işlər davam etdirilir. Naxçıvanda ötən əsrdə yalnız Ordubad yasaqlığı var idisə, hazırda orada ümumi sahəsi 148 min 645 hektar olan 4 Xüsusi Mühafizə Olunan Təbiət Ərazisi fəaliyyət göstərir”.

İstinadlar Qafqazinfo