“Erməni tərəfinin bəyanatı münaqişədə məhz iki tərəfin mövcudluğunu növbəti dəfə sübut edir”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva erməni həmkarının bəyanatını şərh edərkən deyib.

L.Abdullayeva bildirib: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin Avropa İttifaqı-Ermənistan sazişində necə əks olunmasının detallarına varmadan, mən yalnız onu söyləyə bilərəm ki, erməni tərəfinin bu bəyanatı münaqişədə məhz iki tərəfin, yəni Ermənistan və Azərbaycanın mövcudluğunu və heç bir “üçüncü tərəf”in olmaması barədə həqiqətin dəyişilməzliyini növbəti dəfə sübut edir”.

Qeyd edək ki, Ermənistan XİN-in mətbuat katibi öz şərhində Avropa İttifaqının (Aİ) Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı mövqeyinin Ermənistan-Avropa İttifaqı hərtərəfli və genişləndirilmiş tərəfdaşlığı haqqında sazişində aydın ifadə olunduğunu və orada digər prinsiplərlə yanaşı, öz müqəddəratını təyinetmə prinsipinə də istinad edildiyini deyib.