Ali Məhkəmədə Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq icra başçısının müavini Ramiz Tatarovun cəzası azaldılaraq 6 ilə endirilib.

Bu barədə onun vəkili İlham Əsədov məlumat verib.

O bildirib ki, məhkəmə prokurorun sabiq icra başçısı Nizaməddin Quliyevə aid 600 min manatlıq əmlakının müsadirədən azad olunması ilə bağlı verdiyi protesti təmin edib: “Əmlaklarla bağlı hissəyə yenidən baxılması üçün iş apellyasiya məhkəməsinə qaytarılıb”.

Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N.Quliyev 9 il və R.Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər. Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən, N.Quliyevin cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib. Onun əmlakının üzərinə qoyulmuş həbs götürülüb. Məhkəmə R.Tatarovun ittiham olunduğu Cinayət Məclləsinin 313-cü (Vəzifə saxtakarlığı) maddəsi müddət keçdiyi üçün ittihamdan çıxarılıb və cəzası 3 ay azaldılıb.

Xatırladaq ki, sentyabrın 7-də N.Quliyev səhhəti qəflətən pisləşdiyindən kompüter tomoqrafiya müayinəsindən keçirilib və ağciyərlərində viral pnevmoniya əlamətləri (“buzlu şüşə”) aşkar olunaraq “COVID-19 infeksiyasına yoluxma” diaqnozu təyin edilib və o, Təcili Tibbi Yardım briqadası tərəfindən Gəncə şəhər modul tipli xəstəxanaya yerləşdirilib.

İstinadlar Report