AMEA-nın şöbə müdiri, professor Əbülhəsən Abbasov bu qurumun prezidenti Ramiz Mehdiyev haqda şok faktlar açıqlayıb. O, AMEA prezidentini öz şəxsi bioqrafiyasını saxtalaşdırmaqda və savadsızlıqda ittiham edib. Bildirib ki, Mehdiyev 1994-cü ilə kimi elmi işini müdafiə edə bilmirdi. Hazırladığı dissertasiya işini yararsız olduğundan dəfələrlə Elmi Şura tərəfindən geri qaytarılmışdı. PA-ya işə girdikdən sonra 1993-cü ildə öz elmi işini Elmi Şuraya qəbul etdirən Ramiz Mehdiyev, fəlsəfə elmləri üzrə doktorluq adını aldı. 

Bu ittihamla bağlı AMEA Fəlsəfə İnstitutunun direktoru İlham  Məmmədzadə açıqlama yayıb. Bildirib ki, Əbülhəsən Abbasov Ramiz Mehdiyev barəsində həqiqətə uyğun olmayan məlumatlar səsləndirib.

“İctimaiyyətin nəzərinə çatdırırıq ki, akademik Ramiz Mehdiyev elmlər doktoru dissertasiyasını 1993-cü ilin dekabr ayında müdafiə etmişdir. Bu fakt öz təsdiqini Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının müvafiq sənədlərində də tapmışdır. Bir faktı da xatırlatmağı lazım bilirik ki, akademik Ramiz Mehdiyevin doktorluq dissertasiyasının müdafiəsində iştirak etmiş alimlərin bir çoxu hələ də həyatdadır. Onlar həmin dövrdə Ali Attestasiya Komissiyasının rəhbəri, mərhum akademik Azad Mirzəcanzadənin dissertasiya haqqında söylədiyi yüksək rəyi təsdiq edə bilərlər.

1994-cü ilin 4 fevral tarixində isə Ramiz Mehdiyev Ümummilli lider Heydər Əliyev tərəfindən Prezidentin İcra Aparatının Ümumi şöbəsinin müdiri təyin edilmişdir. Bu faktı təsdiq edən sənədlər də öz növbəsində müvafiq qurumların arxivlərində saxlanılmaqdadır. Azərbaycan Respublikasının istənilən vətəndaşı rahatlıqla həmin sənədlərlə tanış ola bilər. Ölkə başçısının imzaladığı hər hansı siyasi sənədin, xüsusilə də yüksək dövlət vəzifələrinə təyinatla bağlı sərəncamların mətninin, yaxud tarixinin saxtalaşdırılmasına dair iddialar olduqca qeyri-ciddi səslənir. Belə iddiaların elmlər doktoru tərəfindən ifadə edilməsi isə təəssüf doğurur.

Həmçinin əməkdaşımızın diqqətinə çatdırırıq ki, əsası olmayan və yoxlanılmamış məlumatların mətbuata açıqlanması şəxsin şərəf və ləyaqətini aşağıladığı üçün hüquqi məsuliyyət yaradır”.