Azərbaycanla Türkiyəni yalnız ortaq etnik və mədəni dəyərlər deyil, həm də ümumi iqtisadi və geosiyasi maraqlar birləşdirir.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov komitənin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Qars şəhərində keçirilən iftar mərasimində deyib.
O qeyd edib ki, bunu ötən həftə iki ölkənin prezidentləri arasında keçirilən görüş və onun nəticələri də bütün dünyaya bir daha sübut etdi.
Ramin Məmmədov, həmçinin dil, din, mədəniyyət, milli-mənəvi dəyərlər baxımından doğma olan qardaş ölkələrin dövlət başçılarının səmimi dostluğu, siyasi iradəsi və qətiyyəti sayəsində münasibətlərin gündən-günə daha da möhkəmlənməsinin əhəmiyyətinə toxunub.
Komitə sədri bildirib ki, Azərbaycan ilə Türkiyə arasında dini etiqad azadlığının təmin edilməsi, eləcə də dini təhsil sahəsində həyata keçirilən əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsinin artırılması perspektivdə dayanan vacib məsələlərdəndir.
Çıxış edən Qars Bələdiyyə sədri prof. Dr. Ötüken Senger isə İslam aləmi üçün mühüm əhəmiyyət kəsb edən müqəddəs Ramazan günlərində qardaş ölkə Azərbaycandan gələn nümayəndə heyəti ilə birgə iftar süfrəsində toplaşmaqdan məmnunluğunu ifadə edib.
Qars valisi Ziya Polat Ramazan ayının İslam aləmi üçün önəmi, həmçinin verilən iftar süfrəsinin həmrəyliyi, dostluq və əməkdaşlığı təşviq etdiyini vurğulayıb.
Çıxışların ardınca Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi Cəlal Cəfərli tərəfindən Quran tilavəti təqdim olunub. İftar mərasimində Qars vilayətinin müftisi Yavuz Yıldız və Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi Valeh Nəsirov Ramazan duaları səsləndiriblər.