Bu gün daxili işlər naziri Ramil Usubov Lənkəran Şəhər Rayon Polis Şöbəsində polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib

Daxili İşlər Naziliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbul üçün müraciət edən Lənkəran, Cəlilabad, Masallı, Astara, Yardımlı, Lerik şəhər və rayonlarının sakinləri ilə görüşən nazir onları narahat edən problemləri şəxsən dinləyib, müraciətlərin operativ şəkildə, mövcud qanunvericiliyə uyğun həlli üçün nazirliyin tədbirdə iştirak edən aidiyyatı Baş İdarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib.
Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan məsələlərin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb. Digərlərinin aidiyyatı qurumlara göndəriləcəyi nəzərə çatdırılıb. Qəbulda iştirak edənlər yerlərdə vətəndaşlarla dövlət məmurlarının görüşməsi, onların müraciətlərinə, ərizə və şikayətlərinə operativ, həssaslıqla yanaşılması barədə dövlət başçısının məlum tapşırığının yüksək səviyyədə icrasına, problemlərinə hər zaman xüsusi diqqət və qayğı göstərilməsinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.