İslamın müqəddəs mərasimləri arasında Ramazan bayramının xüsusi yeri var.

Bu, mərhəmətli qəlblərin haqq dərgahına səmimi dualar yolladığı bayramdır.

Ramazan ayı rəhmət, bərəkət və sevgi ayıdır. Bu ay insanlar arasında birlik, bərabərlik və xeyirxahlığın tərənnümüdür.

Bu o aydır ki, möminlər məhz 1 damcı suya, 1 tikə çörəyə həsrət qalanları mənəvi olaraq anlamaq üçün oruc tuturlar.

Orucun və İslamın mühüm əməllərindən biri olan fitrə zəkatı canın sədəqəsidir.

Ailələrin bu zəkatı çıxarması, imkansızlara, ehtiyacı olanlara verməsi bayramda sosial təbəqələşməni aradan qaldırmağa hədəflənib.

Bundan əlavə ehtiyacı olanlara kömək etmək istəyənlər üçün dünya praktikasında tez-tez rast gəlinən yardım növlərini də təqdim edirik:

-Əsas Qida məhsulları: 

Belə ki, siz dostlarınızdan, yaxınlarınızdan və ya sosial şəbəkələrdə etibar etdiyiniz şəxslərdən aztəminatlı ailələrin yaşadıqları ünvanları öyrənərək, onlara içərisində yağ, un, düyü, konservlər, şəkər tozu, çay, qənd və s. kimi əsas qida məhsulları olan bağlamalar çatdıra bilərsiniz.

-Tibbi və gigyenik dəstək:

Burada siz, uşaq və böyüklər üçün bezlər, yuyucu vasitələr, lazım olan tibbi ləvazimatlar və pletlər tədürük edə bilərsiniz. Bu təşəbbüs evsizlər üçün də faydalı olacaq.

-Geyimlər:

Mövsümə uyğun az işlənmiş (təmiz və yararlı olan) ya da, yeni alınmış geyimləri yaxşı paketləyib ehtiyacı olanlara bağışlaya bilərsiniz.

-Qanvermə aksiyalarında iştirak etmək:

Həkim icazəsi ilə qanınızı bağışlaya, ehtiyac sahiblərinə könüllü donor ola bilərsiniz.

-Uşaq oyuncaqları:

Uşaqları sevindirmək vacibdir. Çünki onlar “yox”un nə olduğunu bilmirlər. Bu katqeqoyiyada azyaşlılar üçün təhlükəsiz məhsulları hədiyyə edə bilərsiniz.

Sahiblənmə, yemləmə:

Ev heyvanlarını sahiblənərək və ya küçədə yemləməklə sevindirə bilərsiniz.

Bu siyahını istədiyimiz qədər xoş əməllərlə artıra və bayramda hər kəsin üzünü az da olsa güldürmək olar.

Qeyd edək ki, xoş təşəbbüslərinizi yardım etdiyiniz şəxslərin kimliyini açıqlamadan da kampaniya halına çevirmək mümkündür.

Hazırladı: Telli Minbir

İstinadlar Qafqazinfo