Qubadlıda xidmət edən hərbçilərə ərzaq məhsulları göndərilib – VİDEO

Ermənistanın işğalından azad edilən rayonlarda yerləşən Azərbaycan Ordusunun təminatının daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər davam etdirilir.
“Report” xəbər evrir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü, Heydər Əliyev Fondunun dəstəyi və “Bravo” supermarketlər şəbəkəsinin təşkilatçılığı ilə bir neçə aydır davam edən dəstək aksiyası çərçivəsində Qubadlı rayonunda xidmət edən hərbi qulluqçulara zəruri ərzaq məhsulları göndərilib.
2399 bağlama Qubadlı rayonunda müxtəlif istiqamətlər üzrə əsgərlərə çatdırılıb. Ərzaq yardımı Xocavənd rayonundakı hərbi qulluqçular üçün də göndərilib. 2700-ə yaxın bağlama fərdi qaydada onlara təqdim olunub. Hərbi xidməti davam etdirən əsgər və zabit heyəti üçün, onların istəkləri nəzərə alınmaqla, müxtəlif qida məhsulları, fərdi qulluq və gigiyenik ləvazimatlardan ibarət bağlamaların çatdırılması işləri davamlı olacaq.
Növbəti günlərdə işğaldan azad olunan digər ərazilərə də səfərlər təşkil ediləcək.
Rusiya qırıcıları Yerevan səmasında uçuş edib – VİDEO

Rusiya Silahlı Qüvvələrinin qırıcıları Ermənistanın paytaxtı Yerevanın üzərində manevrlər ediblər.
Ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar bu hadisəni alqışla qarşılayıblar.
Hərbi təyyarənin paytaxt üzərində uçmasının səbəbi və məqsədi açıqlanmayıb.
“Həmin görüntülər Qubada çəkilməyib” – Video

Sosial şəbəkələrdə Quba rayonunda qar və buz bağlamış yolların hələ də köhnə texnika ilə təmizlənməsi ilə bağlı videogörüntülər yayılıb. Görüntülərdən aydın olur ki, yollar hələ də Sovet dövründə istehsal olunan köhnə “DT-75” traktorları vasitəsilə təmizlənir. Ötən gündən bəri həmin video müzakirələrə səbəb olub. Traktorun qar təmizləməkdən daha çox yolun asfalt-beton örtüyünə ziyan vurduğu qeyd olunub.
“Qafqazinfo” həmin görüntülərlə bağlı Quba rayon İcra Hakimiyyətinin İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədovla əlaqə saxlayıb.
O, həmin görüntülərin Quba rayonunda çəkilmədiyini bildirib: “Əvvəlcə əmin olmaq lazımdır ki, həmin görüntülər Qubada çəkilib, ya yox. Quba şəhərində şəhər təsərrüfatında yolların buzdan və qardan təmizlənməsi üçün kifayət qədər texnika var. Bu barədə ötən gün televiziyalarda süjetlər də göstərilib. Həmin süjetlərə baxıb Qubadakı müasir texnikalarla da tanış ola bilərsiniz. Həmin videoda göstərilən texnika bizim rayona aid deyil”.
Gülnar Əliyeva
Paşinyanın tərəfdarları Respublika Meydanına toplaşır – Video

Vətəndaşları Respublika Meydanına çağıran Ermənistan hökumətinin başçısı Nikol Paşinyan tərəfdarlarına müraciət etməyi planlaşdırır.
Paşinyanın çağırışı ilə çoxlu sayda vətəndaş mitinqin keçiriləcəyi Ermənistan hökumətinin binasının yaxınlığındakı Respublika Meydanına toplaşıblar.
Kadrlarda İrəvanın mərkəzinə getdikcə daha çox insanın axışdığı əks olunur. Meydana polis qüvvələri də cəlb olunub.
Qeyd edək ki, daha əvvəl Ermənistan hökumətinin başçısı Nikol Paşinyan ölkədə hərbi çevriliş cəhdini elan edərək tərəfdarlarını Respublika Meydanına toplaşmağa çağırmışdı.
Daha sonra o, yerli vaxtla saat 16: 00-da çıxış edəcəyini açıqlayıb. Paşinyan mitinqdə vətəndaşların təhlükəsizliyinin təmin olunacağını bildirib.
Dünənki havada 25 yanğına çağırış olub – Video

Ötən gün qarlı havada Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında 25 yanğına çıxış və 9 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, ötən sutka ərzində 16 nəfər xilas edilib.
Keçmiş məhkum üzərində avtomatla saxlanıldı – VİDEO

Bakıda əvvəllər məhkum olunmuş şəxsdən “Kalaşnikov” aşkar edilib.
Əvvəllər dəfələrlə məhkum olunmuş Çingiz Quliyevin üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.
Həmin şəxs qısa zamanda Sabunçu rayonu ərazisində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, 2 ədəd sandıqça və 30 ədəd patron aşkar olunaraq götürülüb. Çingiz Quliyev silah-sursatın ona məxsus olduğunu, bir müddət əvvəl tapmasına baxmayaraq polis əməkdaşalarına təhvil vermədiyini bildirib.
Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Çingiz Quliyev barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Los Ancelesdə Xocalı soyqrımına dair ingilis dilində film hazırlanıb – VİDEO

Son illərdə sosial şəbəkələrin sürətli inkişafını və təbliğat işində qısa və məzmunlu filmlərin effektivliyini nəzərə alaraq, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən Azərbaycana dair 2019-cu ildən başlayaraq, bir sıra mövzularda ingilis dilində 20 qısa film hazırlanaraq yayılıb. Xüsusilə, Baş Konsulluq tərəfindən Vətən Müharibəsi dövründə hazırlanan, Ermənistanın cinayətlərini göstərən qısa filmlər geniş yayılaraq böyük sayda izlənilmişdi. Bu səpkidə Baş Konsulluq tərəfindən hazırlanan sonuncu film Xocalı soyqırımına həsr olunub.
Konsulluqdan verilən məlumata görə, filmdə 26 fevral 1992-ci il tarixində Ermənistan qoşunlarının Azərbaycanın Xocalı şəhərinə hücum edərək, uşaq, qadın və qocalar da daxil olmaqla 613 dinc sakini qətlə yetirdiyi vurğulanır.
Videoda Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın Xocalı qətliamını etiraf edən müsahibəsindən sitat gətirilir. Həmin qətliamı törədənlərdən biri, Kaliforniyadan olan erməni terrorçu Monte Melkonyanın qardaşının yazdığı kitaba da istinad edilərək, erməni cəlladlarının qəddar əməlləri təqdim olunur.
1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal edərək, etnik təmizləmə apardığı və 800 min azərbaycanlını öz doğma yurdlarından didərgin saldığı qeyd olunur. BMT Təhlükəsizlik Şurasının (TŞ) 1993-cü ildə sözügedən işğalı pislədiyi qeyd olunaraq, həmin dövrdə TŞ-də sədrlik edən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi, sonradan ABŞ dövlət katibi olmuş Madlen Olbraytın TŞ-nin iclasında verdiyi bəyanatın video-yazısından çıxarış təqdim olunur. Qeyd edək ki, sözügedən video-yazı BMT arxivlərindən Baş Konsulluq tərəfindən üzə çıxarılaraq, hələ ötən ilin sentyabrında ayrıca yayılmışdı. Video-yazıda M.Olbrayt bütün TŞ adından çıxış edərək, işğalçı qoşunların Azərbaycanın işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılmasını tələb etmişdi.
Sonra bu günədək 17 ölkənin və ABŞ-ın 20-dən çox ştatının Xocalı soyqırımını pislədiyi bildirilir.
2020-ci ildə Azərbaycanın işğal altında olan torpaqlarını azad etdiyi və öz ərazi bütövlüyünü bərpa etdiyi vurğulanır. Xocalıda olduğu kimi Vətən Müharibəsi dövründə də Ermənistanın dinc sakinləri hədəf aldığı və nəticədə uşaqlar da daxil olmaqla çoxlu sayda mülki azərbaycanlının qətlə yetirildiyi və yaralandığı diqqətə çatdırılır. Videoda həm Xocalı soyqırımını, həm də son müharibə cinayətlərini törədənlərin hələ də cəzasız qaldıqları qeyd olunur.
Film müvafiq ölkələrdəki Səfirliklərimiz tərəfindən alman, alban, ispan, çin, fars, türk, yunan və digər dillərə də tərcümə olunub. Film sosial şəbəkələrdə geniş şəkildə yayılmaqdadır.
CBC TV-nin avtomobili aşdı – Video

CBC TV-yə məxsus avtomobil aşıb.
Hadisə Tərtər-Bərdə avtomagistralı istiqamətində baş verib.
Qəzaya ölkə ərazisində hökm sürən qarlı və şaxtalı hava şəraiti nəticəsində yolların buz bağlaması səbəb olub.
Hadisə nəticəsində qəzaya uğrayan avtomobil aşıb. Avtoqəzada xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
ABŞ-da Xocalı soyqırımına həsr olunmuş televiziya verilişi… – Video

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində fəaliyyət göstərən tanınmış jurnalist Raul Kontrerasın (Raoul Contreras) müəllifliyi ilə fevralın 23-də Xocalı soyqırımına həsr olunmuş televiziya verilişi yayımlanıb. Veriliş müəllifin “The Contreras Report: International Edition” müəllif proqramı çərçivəsində hazırlanıb.
Qeyd edək ki, R.Kontreras “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” və “Erməni lobbisi və ABŞ-ın xarici siyasəti” kitablarının müəllifidir və onun indiyədək Azərbaycan haqda bir sıra nüfuzlu mətbu orqanlarında çoxsaylı məqalələri dərc olunub.
Sözügedən verilişdə müəllif 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinə hücum edərək, uşaqlar və qadınlar da daxil olmaqla çoxlu sayda insanı qətlə yetirdiklərini vurğulayır. Müəllif həmçinin erməni cəlladlarının əsir götürdükləri azərbaycanlılara qarşı ağılasığmaz işgəncələr verdiklərini diqqətə çatdırır.
R.Kontreras Xocalı qırğınının soyqırımı olduğunu bildirir və bunu insanlığa qarşı törədilmiş cinayət adlandırır.
Müəllif Xocalı soyqırımı haqda qərb müəlliflərinin yazdığı kitablar haqda məlumat verir. O, həmçinin sözügedən soyqırımında iştirak etmiş Kaliforniyadan olan erməni terrorist Monte Melkonyanın qardaşının yazdığı kitabdan və Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın mövzu ilə bağlı müsahibəsindən sitatlar gətirərək, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri necə etiraf etdiklərini diqqətə çatdırır.
R.Kontreras Xocalı soyqırımını törədənlərin indiyədək cəzalandırılmadığını, onlardan bir çoxunun Ermənistanda milli qəhrəman səviyyəsinə qaldırıldığını və hökumətdə yüksək vəzifə tutduğunu vurğulayır.
Müəllif daha sonra Xocalı şahidlərinin öz dilindən Xocalıda törədilmiş vəhşiliklər haqda qısa video-sujet təqdim edir.
“Azərişığ”ın əməkdaşları qarlı havada iş başında – Video

“Azərişıq” ASC-nin əməkdaşları qarlı və şaxtalı havada əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün səfərbər olunublar.
Ötən gündən bəri davam edən qar və çovğun səbəbindən qurum əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Gün ərzində buzlaşma və yüklənmə səbəbindən elektrik xətlərində baş verən qəzalar aşkar edilərək aradan qaldırılır.
Bu gün evləri yanan məcburi köçkünlərə kirayə pulu veriləcək – VİDEO

“Bu gün Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 31/66 ünvanında yerləşən, keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yeddi mərtəbəli, 3 girişli inzibati binanın damında baş verən yanğın nəticəsində müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar. Az ziyan dəymiş 11 mənzil Dövlət Komitəsinin aidiyyəti şöbəsi tərəfindən təmir olunacaq”.
Bu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yanğın barədə məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerinə yollanıblar. İlkin araşdırma nəticəsində binanın damında yanar konstruksiyalardan primitiv qaydada inşa edilmiş 6 tikilinin əşyaları ilə birlikdə tamamilə yandığı müəyyən edilib. Yanğın nəticəsində, ümumilikdə 17 mənzilə ziyan dəyib.
Ağdam rayonundan məcburi köçkün, 1986-cı il təvəllüdlü Vəliyev Tural Qabil oğlu yüngül yanıq xəsarətləri alıb.
Komitədən bildirilib ki, yanğın baş verən tikililərdə təmir-bərpa işlərinin aparılmasının və zərərçəkmiş ailələrin yenidən, müvəqqəti olaraq, burada yerləşdirilməsinin mümkünlüyü sakinlərin nəzərinə çatdırılıb.
Qeyd edək ki, qeyd olunan binada bu gün yanğın hadisəsi baş verib və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğın baş vermiş binada 277 ailə, yəni min nəfər müvəqqəti məskunlaşıb. Digər yaşayış sahələri yanğından mühafizə olunub.
Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaq.
Gülnar Əliyeva
DİN səhərki qəza haqda məlumat yaydı – VİDEO

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş qəza barədə məlumat yayıb.
verilən məlumata görə, bu gün səhər saat 8 radələrində ağır yol-nəqliyyat hadisəsi baş verib:
“Əsas səbəb yolların qarlı və buzlu olduğu bir vaxtda təcrübəsiz və diqqətsiz sürücülərin hava şəraitinə uyğun sürət həddini seçməmələri olub.
Belə ki, Bakı-Qazax avtomobil yolunun 10-cu kilometrliyində, Qaradağ rayonu ərazisində 8 avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzada bir nəfər həlak olub, bir nəfər isə yaralanıb. Qəzadan sonra qeyd olunan ərazidə qısamüddətli tıxac yaransa da, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının operativ gördükləri tədbirlər nəticəsində yolda hərəkət tam bərpa edilib.
Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır, zəruri tədbirlər həyata keçirilir.
Odur ki, bir daha nəqliyyat vasitələrinin sahiblərinə, sürücülərə müraciət edərək onları əlverişsiz havalarda nəqliyyat vasitəsindən az istifadə etməyə, sükan arxasında olarkən hava şəraitinə uyğun sürət həddini düzgün seçməyə və daha çox diqqətli olmağa çağırırıq”.
Müharibədə düşmənə vurulan aviazərbələrin görüntüsü yayıldı – VİDEO

Müdafiə Nazirliyi Vətən müharibəsi zamanı Su-25 və döyüş helikopterləri ilə düşmənə vurulan aviazərbələri əks etdirən videogörüntülər yayıb.
Azərbaycan 24 həmin videonu təqdim edir:
Ermənistanda etirazçılar universitet binasına basqın etdi – VİDEO

Ermənistanın paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən nümayişçilər universitet binasına basqın ediblər.
Onlar Yerevan Dövlət Universitetinin binasına daxil olublar.
Məlumata görə, aksiya iştirakçıları tələbələri etirazlara qoşulmağa çağırırlar.
Etirazçıların digər qismi isə Ermənistan Dövlət İqtisad Universitetinə daxil olmağa çalışsa da, polis onların qarşısını kəsib.
Xocavəndin Ağdam kəndindən videogörüntülər

Müdafiə Nazirliyi Xocavənd rayonunun Ağdam kəndinin videogörüntülərini yayımlayıb.
“Report” həmin görüntüləri təqdim edir:
Xocalı soyqırımının 29-cı il dönümü ilə bağlı fləşmob təşkil olunub – VİDEO

İsmayıllı rayonunda Xocalı soyqırımının 29-cı il dönümü ilə bağlı fləşmob təşkil olunub.
Şəhərin mərkəzi küçəsində təşkil edilən fləşmobda Xocalı soyqırımının dəhşətləri, qarlı-şaxtalı havada insanlığa qarşı törədilən cinayətin motivləri yer alıb.
Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Xocalı şəhərinə hücum edərək məqsədyönlü şəkildə qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla, 613 nəfər mülki əhalini xüsusi qəddarlıq və amansızlıqla qətlə yetiriblər. Xocalı şəhəri ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində yerlə yeksan edilib, əhalinin 150 nəfəri itkin düşüb, 1 275 nəfər əsir götürülərək ağır işgəncələrə məruz qalıb, vəhşicəsinə qətlə yetirilən dinc sakinlərin meyitlərinin üzərində ağlasığmaz həqarətlər edilib.
Qaradağda 10 maşın toqquşdu, ölən var – Video

Bakı-Qazax yolunda zəncirvari qəza nəticəsində bir nəfər vəfat edib.
Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis mayoru Namidan Piriyev bildirib ki, səhər saatlarında həmin yolun Qaradağ rayonu ərazisindən keçən hissəsində yük maşını (TIR) idarəetməni itirərək aşıb və yolun kənarına düşüb: “Qəza zamanı bir neçə avtomobil də yük maşını ilə toqquşub.
Ümumilikdə, 10 avtomobilin iştirakı ilə qəza baş verib. İlkin məlumata görə, bir nəfər vəfat edib. Hazırda Bakı-Qazax yolunda avtomobillərin hərəkətində heç bir çətinlik yoxdur, yol açıqdır”.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.
Həmçinin baxın
Los Ancelesdə Xocalı soyqrımına dair ingilis dilində film hazırlanıb – VİDEO
Xocalı soyqırımının 29-cı il dönümü ilə bağlı fləşmob təşkil olunub – VİDEO
Ankaradan Bakıya külli miqdarda brilliant qaşlar keçirmək istədi – Video
“Mədəniyyət Nazirliyi atamı hara layiq bilsə, orada dəfn ediləcək” – Video
Bizi Facebook-da izləyirsiniz?
Bağla