
“Biz bu həqiqəti (Xocalı soyqırımı ilə bağlı – red.) dünya ictimaiyyətinə çatdırmaq üçün bir çox səylər göstərmişdik və haqlı olaraq dünyadan ədalət tələb edirdik”.
Bu sözləri Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.
“Xocalı soyqırımı dünyanın gözü qarşısında baş vermiş qanlı cinayətdir. Xocalı soyqırımını inkar etmək ədalətsizlik və vicdansızlıqdır”, – deyən dövlət başçısı Ermənistan dövlətinin, o vaxt və bu gün onun arxasında duran eyni qüvvələrin bu hadisənin ört-basdır edilməsi üçün əllərindən gələni etdiklərini diqqətə çatdırıb.
İlham Əliyev əlavə edib ki, biz tarixi ədaləti bərpa etmişik: “Biz günahsız Xocalı qurbanlarının qisasını döyüş meydanında aldıq, qoymadıq ki, onların qanı yerdə qalsın”.
Buna 30 il vaxt lazım olduğunu diqqətə çatdıran dövlət başçısı qeyd edib: “Ancaq bu 30 il ərzində görülmüş işlər, apardığımız məqsədyönlü siyasət bu günü burada yaşamaq üçün bizə imkan yaradır”.