İyulun 8-də dünya bazarında qızılın bir ünsü (28,35 qram) 1 817 ABŞ dollarından satılıb ki, bu da ilin əvvəlinə nisbətən 20 faizdən çox artması deməkdir.

Bu rəqəm 2011-ci ilin sentyabr ayından sonra ən yüksək göstəricidir.

Ekspertlər əvvəlki gün FRS (Federal Ehtiyatlar Sistemi) sədr müavini Riçard Klaridanın “dövlət istiqrazları limitsiz alınıb-satıla bilər” deməsini qeyd edirlər. Belə ki, qızıl alanların əksəriyyəti Birja Ticarət Fondlarıdır (ETF) ki, bunların 95 faizi ABŞ və Avropada yerləşir, yəni qızıla sərmayələr inkişaf etmiş ölkələrdən qoyulur.

Qısa müddətli persprekivdə qızılın daha da bahalaşacağı gözlənilir. Belə ki, qarşıdakı 3-4 ay ərzində qiymətlərin 1,8-2 min ABŞ dolları səviyyəsində qalacağı bildirilir.

Ekspertlərin fikrincə, qoruyucu aktivlərdən sərmayə yatırmaq üçün ən  sərfəlisi məhz qızıldır. Bütövlükdə bu cür aktivlərə tələbatın ABŞ, Böyük Britaniya kimi koronavirusdan daha çox əziyyət çəkən ölkələrdə ən yüksək, Almaniya, İsveçrə kimi karantin məhdudiyyətlərini yumşaldan ölkələrdə isə ən az həddə olduğu vurğulanır.