“Qızılca zamanı bakteriyalı fəsadlar yaranarsa, onda təbii ki, antibiotik təyin edilir. Amma bu fəsadlar olmadan antibiotik tövsiyə olunmur”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov hazırda kütləvi yoluxma halları müşahidə edilən qızılca xəstəliyi ilə bağlı danışarkən bildirib.

Həkim qeyd edib ki, qızılca virus infeksiyasıdır, antibiotik isə yalnız bakteriyalara təsir göstərir.

T.Eyvazov vurğulayıb ki, qızılcaya yoluxmuş şəxslərin ikinci dəfə buna yoluxması çox nadir hallarda qeydə alınır.

Nazirlik rəsmisi qızılcaya qarşı peyvəndlə bağlı yaranan suala da aydınlıq gətirib:

“Ümumiyyətlə, qızılcaya qarşı iki doza peyvənd almış şəxslər yoluxsalar da, xəstəliyi yüngül keçirirlər və ciddi fəsadlar müşahidə edilmir. I doza peyvənd 95 %, II doza isə 95 %-dən yuxarı qoruyur.

Bizim Milli Peyvənd Təqvimində 11 infeksiyaya qarşı peyvənd var. Peyvəndlərin tətbiqindən sonra qızılcaya yoluxma halları azalmağa başlayıb. Qızlcadan qorunmağın yolu peyvənd olunmaqdır. Əgər uşaqlar peyvənd olunmayıbsa, valideynləri uşaqlarına vaksin vurdurmağa çağırırıq. Hamilə qadın qızılcaya yoluxubsa, həkimə müraciət etməlidir ki, ağırlaşmaların qarşısı alınsın. Bildiyimiz kimi, hamilə qadınlara peyvəndin vurulması əks göstərişdir”.

İstinadlar Qafqazinfo