“Qızı Tünzalənin öldüyünü bilmir” – Video

“Tünzalə yaşamaq istəyirdi. Amma son dəqiqələrində nəfəs ala bilmirdi. Həkimlərə yalvardı ki, məni aparata qoşun, nəfəs alım. Reanimasiyaya yola salanda da axırıncı sözü bu oldu ki, “gedirəm, amma qayıdacam, yaşayacam”.
“Qafqazinfo”nun məlumatna görə, bunu jurnalistlərə açıqlamasında Əməkdar artist Tünzalə Əliyevanın bacısı Təranə Əliyeva bildirib.
Bacısının sözlərinə görə, qızı Tünzalənin öldüyünü bilmir: “Yayılan video köhnədir, çünki uşağın xəbəri yoxdur. Həmişə deyirdi ki, “Tünüş ölsə, mən də ölərəm. Ona görə qorxudan nəsə deyə bilmirik”.
O qeyd edib ki, aktrisanın atasının səhhəti yaxşı olmadığı üçün yas mərasimində iştirak edə bilmir: “Atamın təzyiqi düşdü, yaxşı deyil. Bircə onunla təskinlik tapıram ki, Tünzalənin üzünü açanda gülürdü”.
Qeyd edək ki, T. Əliyeva ötən gün uzun sürən xəstəlikdən sonra 49 yaşında vəfat edib.
***
Uzun illər aktrisa ilə birgə çalışan aparıcı Dilarə Əliyeva jurnalistlərə açıqlama verərkən göz yaşlarına hakim ola bilməyib.
D.Əliyeva Tünzalədən doymadıqlarını dilə gətirib: “Vaxt var idi, onun kadrlarına baxanda gülməkdən gözümdən yaş gəlirdi, amma indi ürəyim ağrıyır”.
***
Rejissor, “SOY” Prodakşnın rəhbəri Oktay Əliyev aktrisa ilə bağlı xatirələrini bölüşüb:
“Tünzalə Əliyeva təxminən 15 ildən artıq “SOY” Prodakşnın aparıcı siması olub. Bizim hazırladığımız bütün verilişlərdə özünü aparıcı kimi, seriallarda aktrisa kimi sınamış, böyük uğurlar əldə etmiş və tamaşaçı alqışlarını qazanmış bir insan idi. Sonuncu günə qədər – keçən həftə bizimlə çəkilişində idi. Dayanmadan “mən işləməliyəm, mənə heç nə olan deyil” deyirdi. Həqiqətən biz də inanırdıq ki, bu keçib gedəcək. Çox heyif ki, bu yaşda, belə parlayan, öz sözünü deyən dövrdə bizimlə vidalaşdı. Həmişə bu insanların üzləri gülürdü. İndi “Toppuş bacı” deyəndə hamısının gözləri ağlayır. Bunu heç kim qəbul edə bilmir. Allah rəhmət eləsin. İnanmazdım ki, mən “Toppuş bacı” üçün bu sözləri deyəcəyəm…”
Hüseyn Məmmədsalahov
İranlıların yaratdığı narkoşəbəkənin üzvləri saxlanıldı – VİDEO

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirən 2 nəfər – Fariz Mehdiyev və Əflatun Nəsrullayev saxlanılıb.
Onlar İran vətəndaşlarının yaratdığı narkoşəbəkənin üzvləri olduqlarını etiraf ediblər.
Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.
Saxlanılan şəxslər paytaxt ərazisində narkokuryerlik etdiklərini və onlayn yolla əldə etdikləri narkotiklərin satışını həyata keçirdiklərini bildiriblər.
Faktlarla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Fariz Mehdiyev və Əflatun Nəsrullayevin üzvü olduqları narkoşəbəkənin digər üzvlərinin və Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən olunması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

“Səfirliyə hücumla bağlı bu xəbəri eşitsəydim, təəccüblənərdim” – Mirşahin+Video

Tanınmış jurnalist Mirşahin Ağayev bu gün Azərbaycanın İrandakı səfirliyinə olan terror hücumuna münasibət bildirib.
Hadisə ilə bağlı REAL TV-də yayımlanan “Real intervyu” verilişində danışan jurnalist Tehrandakı səfirliyimizdə Vyana Konvensiyasının pozularaq təhlükəsizlik qaydalarına düzgün riayət olunmadığını qeyd edib.
“İran haqqında danışarkən diqqət yetirəcəyimiz əsas məsələ orada heç bir beynəlxalq qanunun işləməməsidir. İran İslam Respublikasında baş verənlərin heç birinin beynəlxalq qanuna dəxli yoxdur”.
Daha ətraflı videomaterialda:
“Azəriqaz” İB-də media nümayəndələrinin iştirakı ilə “Açıq qapı” keçirildi – Video

SOCAR “Azəriqaz” İB-də media nümayəndələrinin iştirakı ilə növbəti “Açıq qapı” aksiyası keçirilib.
Tədbirdə çıxış edən Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədov son 1 ildə paytaxt və Abşeron rayonu üzrə abonentlərin sayında 42 min artımın qeydə alındığını bildirib. Departament rəisi aksiya çərçivəsində qaz xətlərinə kənar, yəni qanunsuz qoşulmalarda da artım müşahidə olunduğunu deyib.
Media nümayəndələri ilə görüşdə SOCAR “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev kənar qoşulmalarla bağlı abonentlərə müraciət edib.
Şöbə rəisi həmçinin fərdi yaşayış evləri və ya mənzillərə qaz xətlərinin çəkilməsi məsələsinə də toxunub. O, qeyd edib ki, SOCAR “Azəriqaz” İB-nin daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına, xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir. Mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi şəhid ailələrinə və qazilərə şamil edilir.
Aksiya daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.
Daha ətraflı video materialda:
Binəqədidə narkotiklərin satışını həyata keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb – VİDEO

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirməkdə şübhəli bilinən 2 nəfər – Fariz Mehdiyev və Əflatun Nəsrullayev saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər paytaxt ərazisində narkokuryerlik etdiklərini və onlayn yolla əldə etdikləri narkotiklərin satışını həyata keçirdiklərini deyiblər.
Faktlarla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
“Fariz Mehdiyev və Əflatun Nəsrullayevin üzvü olduqları narkoşəbəkənin digər üzvlərinin və Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən olunması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir”, – məlumatda qeyd olunub.
Sürücülərə axşam saatlarında avtomobillərini texniki baxışdan keçirmələri üçün şərait yaradılıb – VİDEO

Paytaxtda hərəkəti müəyyən olunmuş vaxtlarda məhdudlaşdırılan yük avtomobilləri və avtobus sürücülərinə axşam saatlarında nəqliyyat vasitələrini texniki baxışdan keçirmələri üçün şərait yaradılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
“Nəqliyyat vasitələrinin sahiblərinə fasiləsiz və daha keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə mərkəzlərində artıq bir müddətdir ki, 24 saat fasiləsiz iş rejimi tətbiq edilir.
Gecə saatlarında avtomobilini texniki baxışdan keçirmək istəyən sürücülər kifayət qədərdir. Saatından asılı olmayaraq müraciət edən sürücülərin məmnunluğu üçün Texniki Baxış Mərkəzlərində bütün şərait yaradılıb.
Paytaxt ərazisində hərəkəti müəyyən olunmuş müddətlərdə məhdudlaşdırılmış yük avtomobillərinin, sərnişin daşıması ilə məşğul olan avtobusların sürücüləri qurumun fasiləsiz fəaliyyətindən razıdırlar. İş saatlarında vaxt tapıb avtomobilini texniki baxışa təqdim edə bilməyən minik avtomobillərinin sahibləri də axşamlar avtomobilini rahatlıqla texniki baxışdan keçirmə imkanına malikdirlər.
Qeyd edək ki, nəqliyyat vasitələrinin sahibləri və sürücüləri onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün günün 24 saatı 012-590-71-13 nömrəli qaynar xəttlə əlaqə saxlaya bilərlər”, – məlumatda qeyd olunub.
“Azərişıq” elektrik enerjisinin talanması halları aşkarladı – Video

“Azərişıq” ASC elektrik enerjisi itkilərinin azaldılması yönündə yenilənmə işlərini davam etdirir.Bu yenilənmələr xüsusilə innovativ texnologiyalar əsasında həyata keçirilir.
Xırdalan şəhərində yerləşən “Mormor” restoranında elektrik enerjisindən kənar istifadə halı ortaya çıxıb. Belə ki, sayğaca müdaxilə olunaraq uzaqdan idarə olunan xüsusi qurğu quraşdırılıb.
Qurğudan istifadə etməklə növbəti kənar müdaxilə Göyçay rayonunda avtoservis kimi fəaliyyət gösətərən obyektlərdən birində aşkarlanıb. Məlum olub ki, abonent sayğacını xüsusi qurğu vasitəsilə dayandırıb.
Suraxanıda ərzaq mağazasında da sayğac uzaqdan idarə olunan xüsusi qurğu ilə dayandırılıb. Üstəlik bu səbəbdən yanğın baş verib və sayğac tamamilə yararsız vəziyyətə düşüb.
Xətai rayonunda fəaliyyət göstərən ət dükanına baxış keçirilən zaman da növbəti qanunsuzluq aşkarlanıb. Obyektə elektrik sayğacından kənar xətt daxil olduğu məlum olub.
Əhali abonentləri arasında da analoji hallara rast gəlinib. Astarada rayonunda evlərin birində elektrik sayğacı xüsusi “maqnit” vasitəsilə dövrədən kənarlaşdırılıb.
Eyni üsulla Sabirabad rayonunda, paytaxtda isə Görədil kəndində yerləşən evdə sayğaca kənar müdaxilə edilib.
Digər neqativ hal Xətai rayonuda aşkarlanıb. Fərdi yaşayış evinin sayğacına baxış keçirilən zaman məlum olub ki, elektrik sayğacından kənar xətt daxil olur.
Buzovna qəsəbəsində evlərin birində sayğaca qanunsuz müdaxilə olduğu ortaya çıxıb. Sayğacın giriş-çıxış xətti eyni yuvaya birləşdirilərək dövrədən kənarlaşdırılıb.
“Azərişıq” ASC tərəfindən son illərdə istismara verilən sayğacların müasir və rəqəmsal olduğunu nəzərə alsaq, bütün müdaxilə hallarını sayğac öz yaddaş blokunda saxlayır.
Laboratoriya şəraitində sayğaclara proqram əlavəsi tətbiq olunaraq həmin müdaxilə halları detaylı şəkildə öz təsdiqini tapır.
Qeyd edilən faktlarla bağlı qanunamüvafiq tədbirlər görülüb və bu ardıcıl olaraq davam etdiriləcək. Həmçinin, bu cür qanunsuzluğa yol verən obyekt və müəssisələrin, şəxslərin adları kütləvi informasiya vasitələrində ictimaiyyətə təqdim olunacaq.
Bir məhlədə 13 gəncin adına 1 milyon manata yaxın borc bildirişi gəldi – Video

Bakıda bir məhəllədə yaşayan 13 gəncin 1 milyon manata yaxın vergi borcu yaranıb.
Sabunçu rayonu, Maştağa qəsəbəsi, Çiləgər adlanan ərazidə yerləşən məhəllənin gəncləri dələduzların qurbanı olduqlarını iddia edirlər.
Onlar 20-30 manat qarşılığında bir neçə sənədə imza atmaqla üzərlərinə külli miqdarda vergi borcu yığıblar. Beləliklə, gənclərin adına 902 min manatdan çox borc gəlib.
Elçin Musayev adlı gənc iddia edir ki, adına 5 şirkət və 228 min manat borc var.
Gənclər aldadıldıqlarını 1 il sonra ünvanlarına gələn məktub sayəsində öyrəniblər.
Onları bu işə yönəldən isə Cəlil Hüseynzadə adlı gənc olub. Lakin o özü də dələduzların qurbanı olub.
Günahlandırılan şəxs Elnur Şahgəldiyev isə sadəcə vasitəçi olduğunu bildirdi. Onun sözlərinə görə, nə pul verib sənəd imzalayanları tanıyır, nə də pul alıb sənəd imzalatdıranları.
Daxili İşlər Nazirliyindən isə bildirildi ki, məsələ ilə əlaqədar gənclərin müraciəti qeydə alınıb və hazırda araşdırma aparılır.
Xezerxeber-az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Daha 34 qazi polisdə işə qəbul edildi

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov yanvarın 25-də və 26-da Qəbələdə qəbul keçirib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən ” bildirilib ki, qəbulda Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələdən olan 104 vətəndaşın müraciəti dinlənilib. Nazir onların problemlərinin həlli üçün tapşırıqlar verib. Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb.
Səfər çərçivəsində V.Eyvazov Daxili Qoşunlarının Qəbələdə yerləşən hərbi hissəsinə gedib. Nazir hərbi qulluqçuların kazarma-məişət şəraiti ilə maraqlanıb, silah təminatı, avtomobil və zirehli texnika parkı ilə tanış olub.
Sonra daxili işlər nazirinin rəhbərliyi ilə hərbi hissənin qərargahında komandir heyəti ilə əməliyyat müşavirəsi keçirilib. Nazir hərbi qulluqçulara konkret tapşırıq və tövsiyələrini verib.
Sonda general-polkovnik bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib. Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. 34-ü Vətən müharibəsi iştirakçısı, 3-ü isə şəhid ailələrinin üzvləri olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 131 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
Bakıda bir neçə ay əvvəl bağlanmış yol açıldı – Video

Bakıda bir neçə aydır tamamilə bağlanmış yol açılıb.
Söhbət Badamdar-20-ci sahə yolundan gedir.
Ərazidə avtomobillərin hərəkəti bərpa olunub. Sürüşmə zonasında tamamilə bağlanmış yolda əsaslı təmir işləri aparılıb, asfalt çəkilib.
Yamac ətrafında beton sədlər çəkilib. Hazırda bəndin üst hissəsində istinad divarlarının bərkitmə işiləri aparıldığından yolda hərəkət qismən məhdudlaşdırılıb. Buna görə də həmin yoldan marşrut avtobuslarının hərəkətinə hələlik icazə verilmir. İcazə yalnız minik avtomobilləri üçündür.
Qeyd edək ki, 2018-ci ildə Badamdar yamacında baş vermiş sürüşmədən sonra həmin ərazidən keçən yolda nəqliyyatın hərəkəti tamamilə dayandırılmışdı. 2021-ci ildə ərazidə yaşayan vətəndaşlarının rahatlığını təmin etmək məqsədilə yoldan yalnız minik avtomobillərinin hərəkətinə icazə verilib. İki ay əvvəl isə yamacda görülən təmir işlərinə görə yol yenidən tamamilə bağlanmışdı.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Lazımi qədər qaz sərf olunur, amma eviniz isinmir? – Video

Qızdırıcı cihazlar standartlara və evin həcminə uyğun gəlməyəndə abonentlər istiliklə bağlı müəyyən problemlər yaşayır.
Bu baxımdan fərdi yaşayış evləri tikilərkən və ya qızdırıcı cihazlar alınarkən diqqət olunası vacib məqamlar mütləq nəzərə alınmalıdır. Tövsiyə olunur ki, qızdırıcılar alınarkən və quraşdırılarkən mütləq mütəxxəsislərə müraciət etmək lazımdır.
Eyni zamanda qaydalar sübut edir ki, fərdi yaşayış evlərində qızdırıcı cihazların yeri düzgün seçilməyəndə otaqların eyni səviyyədə isidilməsinə nail olmaq çətin olur. Bu və digər maraqlı məqamları bilmək və nəticə çıxarmaq istəyiriksə, videoçarxa diqqət edək:
“Azərsu” xəbərdarlıq etdi – Video

Hidrometeroloji proqnozlara əsasən, yanvarın 26-da gecə saatlarında havanın temperaturunun -3 dərəcəyə enəcəyi gözlənilir.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların diqqətinə çatdırır ki, şaxtalı hava şəraitində içməli su xətlərinin və sayğacların donvurmadan mühafizəsinə ciddi diqqət yetirilməlidir.
Fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılımış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısını almaq üçün zəruri qabaqlayıcı tədbirlər görülməlidir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğacın içərisində suyun qalmaması üçün sayğacın giriş ventili bağlanmalı, çıxış ventili açıq saxlanmalı, sayğac qutularının qapağı bağlı olmalıdır.
Abonentlər şaxtalı hava şəraitində içməli su təchizatı və sayğacların istismarında qarşılaşdıqları problemlərlə bağlı “Azərsu” ASC-nin 24 saat fəsaliyyət göstərən 955 Zəng Mərkəzinə müraciət edə bilərlər.
Ukrayna televiziya kanalı Qarabağda minatəmizləmə prosesi ilə bağlı material hazırlayıb – VİDEO

Ukraynanın “Ukraina seyças” televiziya kanalı Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi prosesi ilə bağlı material hazırlayıb.
Ukraynalı jurnalistin reportajında bildirilib ki, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) gördüyü işlərə baxmayaraq, mülki insanlar vaxtaşırı Ermənistanın bu əraziləri bir zamanlar işğal altında saxladığı dövrdə qoyduğu minalara düşür.
“Belə ki, 2020-ci ilin noyabrından bəri mina partlayışları nəticəsində 300-ə yaxın azərbaycanlı həlak olub və ya ağır yaralanıb”, – ukraynalı jurnalist vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanda mina ilə çirklənmiş ərazinin ölçüsü Qətər kimi ölkənin ərazisi ilə müqayisə edilə bilər: “Bu ərazilərin təmizlənməsi bir neçə onilliklər çəkə bilər”.
Ukraynalı jurnalist Ermənistanın azərbaycanlılara cəmi 25%-i dəqiq olan mina xəritələrini verdiyini də xatırladıb.
“Tbilisidə yaşamasaydım, mütləq Bakıda yaşayardım” – Video

Yanvarın 15-də 84 yaşında dünyasını dəyişən Gürcüstanın Xalq artisti, müğənni və aktyor Vaxtanq Kikabidzenin illər öncə aparıcı Emin Musaviyə verdiyi müsahibə yenidən gündəmə gəlib.
Kikabidze 75 illik münasibətilə verdiyi müsahibəsində keçdiyi ömür yolu, sənəti haqda danışıb.
Azərbaycanın dostu olan görkəmli sənətkar azərbaycanlılar və Bakı haqda təqdirəlayiq fikirlər səsləndirib: “Biz bir-birimizə çox bənzəyirik. Bilirsiniz, məsələ zahiri oxşarlıqda deyil… Qonaqpərvərlik. Bu, nadir xüsusiyyətdir. Elə xalqlar var ki, onlarda ümumiyyətlə bu cəhət yoxdur. Ona görə yox ki, onlar xəsisdirlər, sadəcə yoxdur. Tanrıdan verilməyib. Mən həmişə deyirəm ki, əgər Tbilisidə yaşamasaydım, mütləq Bakıda yaşayardım. Bunu çəkiliş xatirinə demirəm. Bakıda özümü evimdəki kimi hiss edirəm”.
Daha ətraflı aşağıdakı videoda:
MN: “Hərbi hissələrə yeni gələn çağırışçıların qəbulu davam edir” – VİDEO

“Azərbaycan Respublikası vətəndaşlarının 2023-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında” Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu davam edir.
Bu barədə “Report” Müdafiə Nazirliyindən məlumat verilib.
Xidmətə yeni gələn bütün çağırışçılar hərbi hissələrin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra tibb məntəqələrində hərbi həkim komissiyası tərəfindən təkrar müayinə olunur, mövsümə uyğun hərbi geyimlə və digər təminat növləri ilə tam təmin olunurlar.
Şəxsi heyətin qidalanmasına xüsusi diqqət yetirilir, əsgər yeməkxanalarında sanitar-gigiyenik qaydalara riayət olunmaqla dadlı və keyfiyyətli yeməklər hazırlanır.
Hərbi xidmətin xüsusiyyətləri, xidmət edəcəkləri hərbi hissə, günün nizam və təhlükəsizlik qaydaları barədə çağırışçılara ətraflı məlumat verilir, maarifləndirici və fərdi söhbətlər aparılaraq onların psixoloji xüsusiyyətləri öyrənilir.
Gənc əsgərlərin hazırlığı proqramına uyğun olaraq onlarla fərdi hazırlıq məşğələləri keçirilir. Məşğələlərdə gənc əsgərlərə nizamnamə və hərbi qanunvericiliyin müvafiq tələbləri, hərbi intizam qaydaları, eləcə də sıra, fiziki və atəş hazırlığı üzrə çalışmaların elementləri aşılanılır.
ƏƏSMN-in bu gün onlayn satışa çıxardığı mənzillərdən 1106-sı bron edildi – VİDEO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün saat 10:00-dan ms.sosial.gov-az portalı üzərindən onlayn satışına başlanan 1662 mənzildən artıq 1106-sı bron edilib. Onlayn satışa başlandıqdan 24 saniyə sonra ilk mənzil bron edilib.
Bu barədə “Qafqazinfo”ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, mənzillər Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarındadır. Qeyd edək ki, şəxs mənzili bron etdikdən sonra Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən onunla aidiyyəti üzrə ətraflı məlumat verilməsi üçün əlaqə saxlanılacaq; Vətəndaş tərəfindən mənzilin dəyəri tam ödənilərək notarial alqı-satqı müqaviləsi imzalanacaq; Alqı-satqı prosesi bitdikdən sonra mənzil həmin vətəndaşın mülkiyyətinə veriləcək. Satışa çıxarılan bütün mənzillər çıxarışlı və tam təmirlidir, istifadə olunmayıb və onları banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar. Mənzillərin qiyməti də müstəqil qiymətləndirici tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən edilib. Hər kəs satılan mənzillərdən istədiyi sayda mənzil ala bilər. Qeyd edək ki, mənzillərin portal üzərindən satışı bu il iyulun 1-dək davam edəcək. Yayımlanmış videotəlimatda (https://www.youtube.com/watch?v=FdY-CV9RwIw ) portaldan istifadə etməklə mənzilin onlayn qaydada alınması və satışı qaydası barədə ətraflı məlumat əldə etmək olar.
Vardanyan BBC-də çətin vəziyyətə düşdü – Video

Separatçı “Dağlıq Qarabağ respublikası”nın “dövlət naziri” erməniəsilli rusiyalı biznesmen Ruben Vardanyan “BBC”nin “Hard Talk” proqramında Stiven Sakurun suallarını cavablandırıb.
Vardanyan proqramboyu aparıcının suallarını cavablandırmaqda çətinlik çəkib. Vardanyan, hətta ona ünvanlanan suala başqa cavablar verməklə diqqət çəkib.
Belə ki, aparıcı ona Ermənistanın uzun illər boyunca hərbi dəstək üçün Rusiyaya müraciət etdiyini xatırladaraq, Rusiyanın hazırda Ukraynada həyata keçirdiyi hərbi əməliyyatdan Ermənistanın hansı dərs çıxarmasını soruşub. Vardanyan isə, öz növbəsində sözügedən suala əlaqəsiz cavablar verərək vəziyyətdən çıxmaq istəyib.
Bundan əlavə, aparıcı Azərbaycanın əzəli torpağını “Artsax” adlandıran Rubenyana əslində bölgənin Dağlıq Qarabağ adlandığını və beynəlxalq ictimaiyyət tərəfindən də məhz belə tanındığını xatırladıb.
R. Vardanyan daha sonra “Sizcə, Ermənistanın taleyi və gələcəyi Rusiyanın əlindədirmi?” sualına cavab vermək və Ermənistan barədə danışmaq istəmədiyini bildirib. Bu hal proqramboyu bir neçə dəfə təkrarlanıb.
Daha ətraflı videomaterialda:
Həmçinin baxın
“Səfirliyə hücumla bağlı bu xəbəri eşitsəydim, təəccüblənərdim” – Mirşahin+Video
“Azəriqaz” İB-də media nümayəndələrinin iştirakı ilə “Açıq qapı” keçirildi – Video
Binəqədidə narkotiklərin satışını həyata keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb – VİDEO
Sürücülərə axşam saatlarında avtomobillərini texniki baxışdan keçirmələri üçün şərait yaradılıb – VİDEO
Bir məhlədə 13 gəncin adına 1 milyon manata yaxın borc bildirişi gəldi – Video
Ukrayna televiziya kanalı Qarabağda minatəmizləmə prosesi ilə bağlı material hazırlayıb – VİDEO
MN: “Hərbi hissələrə yeni gələn çağırışçıların qəbulu davam edir” – VİDEO
ƏƏSMN-in bu gün onlayn satışa çıxardığı mənzillərdən 1106-sı bron edildi – VİDEO
İlhamın qardaşı: “Qəbir də qazılmırdı, sanki torpaq da onların ölümünə heyifsilənirdi” – Video
Bizi Facebook-da izləyirsiniz?
Bağla