Bu gün Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən “Daşaltı əməliyyatı”ndan 29 il ötür.Əməliyyat Şuşanın Daşaltı kəndinin azad olunması məqsədilə 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib.

Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər ayrılıb. Yanvarın 25-dən 26-na keçən gecə başlanan əməliyyata sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik edib. Əməliyyatın birinci planı taqımın Nəbilər kəndi vasitəsilə keçərək Qızılqaya hündürlüyünə qalxaraq, oradan Daşaltıdan Sığnaxa aparan yolu kəsmək, ikinci plan Daşaltıdan Şuşakəndə aparan yolu kəsmək olub. Əməliyyat zamanı hava şəraitinin sərtliyi, hərbi əlaqənin pis təşkil edilməsi, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti uğursuzluğa səbəb olub.

Daşaltıya daxil olan tagım ermənilərin pusqusuna düşüb. Digər tağımlar da itki verərək geri çəkiliblər. Azərbaycan Ordusu uğursuz əməliyyatda 90 nəfər itki verib, Müdafiə Nazirliyinin Kəşfiyyat Bölüyünün rəis müavini olan polkovnik-leytenant Riad Əhmədov isə itkin düşüb. Onun taleyindən bu günədək heç bir məlumat yoxdur. Ermənilər də xeyli itki verib, əməliyyat zamanı düşmənin 80 döyüşçüsü məhv edilib.

2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində Ermənistanın uzun illər işğal altında saxladığı torpaqlar azad olunub. 44 gün davam edən Vətən müharibəsində Müzəffər Azərbaycan Ordusu düşməni Qarabağdan qovub. Azərbaycan əsgərinin sərrast atəşi nəticəsində hər gün xeyli sayda canlı qüvvə və texnika itkisi ilə üzləşən erməni silahlı qüvvələri çıxış yolunu geri çəkilməkdə görüblər.

2020-ci ilin noyabrın 9-da Şanlı Azərbaycan Ordusu 1991-ci ildən etibarən erməni silahlı dəstələrinin nəzarəti altında olan Daşaltı kəndini işğaldan azad edib.

Bununla da 28 ildən sonra “Daşaltı əməliyyatı”nın qisası alınıb. Ermənistan rəsmilərinin indiyədək olan məlumatına əsasən, Qarabağda gedən döyüşlərdə məğlubiyyətə uğradılan erməni ordusunun itkilərinin sayı 3 500-dən çoxdur.

İstinadlar Qafqazinfo