Qırğız Respublikasında “Azərbaycanın Dostları” klubu fəaliyyətə başlayıb. Bu ictimai birliyin yaradılmasına həsr olunmuş təsis konfransında iştirakçılar – qırğız ziyalıları qətnamə qəbul ediblər.

Klubun yaradılmasının təşəbbüskarı Xalq yazıçısı Çingiz Aytmatovun oğlu Askar Aytmatov olub.

Çıxışı zamanı o, Azərbaycanla xüsusi əlaqələrdən danışıb.

“Bir oğul olaraq fəxr edirəm ki, bu qardaş ölkədə atamın yaradıcılığını sevirlər və hörmət edirlər, onu özlərininki hesab edirlər. Öz növbəmdə atam da çoxlu dostunun olduğu, tez-tez baş səfər etdiyi Azərbaycanı çox sevirdi. Ümummilli lider Heydər Əliyevlə dostluq da onu Azərbaycana bağlayırdı. Azərbaycan xalqına olan bu isti münasibət atamdan irsən mənə keçib. Hər şey onun məni Bakıya işgüzar səfərlərinin birində özü ilə aparmasından başladı. O vaxt hələ məktəbli idim və bu böyük şəhər Frunzedən sonra gördüyüm ilk şəhər oldu. Məni necə heyran qoyduğunu xatırlayıram. Şəhərə o qədər valeh olmuşdum ki, məşhur Qız Qalasının başına iki dəfə çıxıb ətrafı seyr etdim”, – Askar Aytmatov xatirələrini bölüşüb.

O, həmçinin Azərbaycan hökumətinin Çingiz Aytmatovu “Dostluq” ordeni ilə təltif etdiyini, ordeni Prezident İlham Əliyevin təqdim etdiyini söyləyib.

İstinadlar Report