
İsrail və HƏMAS Qəzzada humanitar atəşkəsin uzadılması ilə bağlı razılığa gəliblər.
Bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari bildirib.
Misir dövlət informasiya xidmətinin rəhbəri Diya Raşvan isə vurğulayıb ki, yeni saziş 20 israilli girovun İsrail həbsxanalarında saxlanılan 60 fələstinli ilə dəyişdirilməsini nəzərdə tutur.
“Müvəqqəti humanitar atəşkəsin daha iki gün müddətinə uzadılması ilə bağlı razılıq əldə olunub. Hər azad olunan girov üçün gündə 3 məhbus və 200 yük maşını düşür”, – Həmas’ın açıqlamasında deyilir.
Xatırladaq ki, HƏMAS hərəkatı ilə İsrail arasında əldə edilən razılaşmaya əsasən noyabrın 24-də Qəzza sektorunda dördgünlük atəşkəs rejimi qüvvəyə minib.