
İsrail və Fələstinin radikal “HƏMAS” hərəkatı Qəzzada atəşkəs razılaşması əldə etməyə yaxındırlar və bu, ilkin olaraq anklavda radikallar tərəfindən saxlanılan 33 girovun azad edilməsini nəzərdə tutur.
Bu açıqlama ilə “Haaretz” qəzeti çıxış edib.

Vurğulanıb ki, ilk mərhələdə radikallar qadınları, uşaqları, 55 yaşdan yuxarı kişiləri və xəstələri azad edəcəklər. Müzakirə olunan sxemə əsasən, atəşkəsdən 16 gün sonra sövdələşmənin ikinci mərhələsi ilə bağlı müzakirələr başlayacaq və bu mərhələ çərçivəsində oğurlanan İsrail vətəndaşlarının digər hissəsi azad ediləcək.

Razılaşmanın birinci mərhələsi çərçivəsində İsrailin neçə fələstinli məhbusu azad edəcəyi barədə hələlik məlumat yoxdur. Bu barədə ətraflı məlumat yayan “Kan” radiosu isə bildirib ki, İsrail tərəfi bu müddət ərzində 1300-ə yaxın məhbusu həbsxanalardan azad etməyə hazırdır.
Sövdələşmənin birinci mərhələsi 42 gün davam edəcək və azad edilən fələstinli məhbusların sayı neçə israilli girovun sağ olmasından asılı olaraq dəyişəcək.