Qətərdə Azərbaycan Mədəniyyəti Günləri davam edir.

Bununla əlaqədar ötən gün konsert proqramı baş tutub. 

Tədbirdə Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Azərbaycanın Qətər Dövlətindəki səfiri Mahir Əliyev, Qətər Dövlət Mədəniyyət Nazirliyinin səlahiyyətli şəxsləri və mədəniyyət xadimlərindən ibarət nümayəndə heyəti iştirak ediblər.

Tədbir iştirakçılarından olan Xalq artisti Fərhad Bədəlbəyli Qətərdə Azərbaycan Mədəniyyəti Günlərinin olduqca önəmli olduğunu vurğulayıb: “Müharibə bitdi və biz qalib gəldik. Lakin ideoloji müharibə davam edir. İdeoloji müharibə bax budur. Burda da qalib gəlməliyik. Hər ölkədə, hər məkanda biz özümüzü ən yaxşı səviyyədə göstərməliyik. Bu konsert də çox möhtəşəm idi. Kitabxanada təşkil olunan tədbir də yüksək səviyyədə keçdi. Hər bir tədbir hərtərəfli olaraq yaxşı keçdi”. 

Konsertdə “Natiq” ritm qrupu, “Buta” etno-caz qrupu və Dövlət Rəqs Ansamblı çıxışlar ediblər. 

Milli musiqilərimiz Dohada böyük coşqu yaradıb. Belə ki, azərbaycanlı qonaqlarla yanaşı yerli əhali də bu musiqilərin sədaları altında rəqs edib, yallı gediblər. 

Qeyd edək ki, Qətərdə Azərbaycan Mədəniyyəti Günləri fevralın 24-dək davam edəcək.

Lamiyə Məmmədova












İstinadlar Qafqazinfo