
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanı “təcavüz”də, “etnik təmizləmə”də, qeyri-konstruktivlikdə ittiham edən açıqlamalarla çıxış edib.
Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd edilib.
Ermənistan diplomatiyasının utanmaz davranışının həddi-hüdudu yoxdur. 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamış, etnik təmizləmə həyata keçirmiş, azərbaycanlıların Ermənistana qayıdış hüququnu belə inkar edən bir ölkənin rəsmisinin belə açıqlaması siyasi əxlaqsızlıqdır.
Bu həmin Ararat Mirzoyandır ki, Vətən müharibəsi zamanı oktyabr ayında başqa bir ölkənin-Azərbaycanın suveren ərazilərində dayanaraq özünə “dahi sərkərdə” siması verib “Biz güclüyük. Biz qalib gələcəyik. Ermənistan ordusuna eşq olsun” kimi açıqlamalar verirdi. 10 noyabr kapitulyasiya aktından sonra erməni xalqının qəzəblənərək küçələrə tökülməsinin bir səbəbi də yəqin Ararat Mirzoyan kimilərinin Vətən müharibəsi zamanı boğazdan yuxarı açıqlamaları idi.
Bir daha vurğulamaq istərdik ki, Ermənistanın uğursuz dövlət olmasının bir səbəbi də daşnak və mağara təfəkkürlü erməni diplomatiyasıdır.