Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Şuşada qulluq edən bir qrup əsgər və zabitlə görüşüb.

Hərbçilərimizi 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə təbrik edən Q.Paşayeva, “Şuşa İli”ndən, Şuşanın qeyri adi üsulla azad edilməsindən, ümumən Milli Ordumuzun tarixindən, şanlı səhifələrdən söz açıb, 44 günlük müharibədəki tarixi Zəfərimizi Dünya Azərbaycanlılarının, Türk dünyasının böyük qüruru kimi xarakterizə edib, Ordumuzu Qafqazın ən güclü ordusu adlandırıb:

“Bu gün Qafqazlarda ən modern ordu hesab olunan Azərbaycan Ordusu, dünya orduları sıralamasında da özünəxas hörmətli yerə sahibdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin başçılığı ilə ölkəmizin hərbi qüdrətini artıran dövlət siyasəti həyata keçirilir. Prezidentin özünün dediyi kimi: “Biz elə bir güclü ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq keçirilmiş təlimlər, ordumuzun döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissəsidir”. – Bu sözlərin ən yaxın aylardakı təntənəsinin təsdiqi kimi Komando birliklərinin yaradılmasını vurğulaya bilərik. 44 günlük müharibədə qazanılan tarixi Zəfər, yaranmış yeni gerçəkliklər ordu quruculuğumuzda da müəyyən islahatları zəruri qılıb.

Artıq Komando briqadaları yaradılır və onlar istənilən hərbi vəzifəni icra etməyə qadir olacaq. Bu, bizim ordumuzun gücünü böyük dərəcədə artıracaq. Yəni Azərbaycan Ordusu tarixi Zəfərdən sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qorumaqdadır.

Əziz hərbçilərimiz, sizlər xoşbəxt insanlarsız. Xoşbəxtsiz ki, əziz Şuşada xidmət edirsiz. İnanıram ki, sizlər Şuşada hərbi xidmətin şərəf və məsuliyyətinin yüksək dərəcədə fərqindəsiz.

Sizi, sizin timsalınızda işğaldan azad edilmiş ərazilərimizdə xidmət edən hərbçilərimizi, bütün Ordu mənsublarımızı ürəkdən təbrik edir, uğurlar diləyirəm! Var olun!”

Q.Paşayeva və onunla birgə görüşdə iştirak edən vətəndaş cəmiyyəti institutlarının rəhbərləri, iş dünyasının təmsilçiləri – Nəfəs İB-nin sədri Firəngiz Balakişiyeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova,  “UMAY – Türk dünyası Qadınlarına dəstək” İB-nin sədri Vəsilə Abulova, Unity Company MM-nin rəhbəri Fikrət Əliyev və sözügedən şirkətin meneceri Zərifə Arzumanova, rejissor Elnurə Kazımova, ictimai fəal xanımlar Rəna Əmirəliyeva, Nilufər Lətif, Şəhla Əliyeva, Nigar Əlizadə, şair Sərvər Kamranlı hərbçilərimizə Qarabağ motivli xatirə hədiyyələri təqdim edib. İştirakçıların hər biri əsgərlərimizi Silahlı Qüvvələr günü münasibətilə ürəkdən təbrik edib, “dövlətimiz və xalqımız hər zaman yanınızdadır” deyiblər.






İstinadlar Qafqazinfo