
Qazaxıstanda bu gün keçirilən parlamentin (aşağı palatası – Red) və məclislərin (yerli nümayəndəlik orqanları – Red) deputatları seçkilərində əksər məntəqələrdə bağlanış vaxtına seçici fəallığı 54,09 % təşkil edib.
Bunu Mərkəzi Seçki Komissiyasının katibi Muxtar Yerman keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, saat 20:00-a ( Bakı vaxtı ilə 18:00) olan məlumata görə, siyahılara daxil edilmiş seçicilərin ümumi sayının 54,09 faizi seçki bülletenlərini alıb.
Qeyd edək ki, səkkizinci çağırış Milli Məclis əvvəlkilərdən fərqli olaraq qarışıq sistemlə seçiləcək: deputatların 70%-i partiya siyahıları, qalan 30%-i isə birmandatlı dairələr üzrə seçiləcək. Ümumilikdə, Milli Məclisin 98 deputatı – 69-u partiya siyahıları, 29-u isə birmandatlı seçki dairələri üzrə seçilməlidir.
Əvvəllər aşağı palataya seçkilər proporsional sistemlə: partiya siyahıları üzrə keçirilirdi. Bununla yanaşı, seçki bülletenlərində “hamıya qarşı” qrafası yaranıb.