
Qazaxıstan və Çinin Xarici İşlər nazirlikləri (XİN) 2026-2028-ci illər üçün əməkdaşlıq memorandumu imzalayıb.
Bu barədə Qazaxıstan XİN-in mətbuat xidməti məlumat yayıb.
Tərəflər həmçinin Çinin Quançjou şəhərində Qazaxıstanın Baş konsulluğunun təsis edilməsi ilə bağlı nota mübadiləsi aparıb və bu il həyata keçirilməsi nəzərdə tutulan ikitərəfli səfər və tədbirlərin qrafikini müzakirə ediblər.
“Bizim qarşılıqlı əlaqələrimiz geosiyasi çağırışlara və konyunktur meyillərə məruz qalmır. Çin bizim üçün təkcə yaxşı qonşu və etibarlı dost deyil, həm də hərtərəfli əlaqələri olan yaxın ölkədir”, – mətbuat xidməti Qazaxıstanın Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleunun çinli həmkarı Van İ ilə görüşündəki sözlərini sitat gətirib.
M.Nurtleu həmçinin qeyd edib ki, 2024-cü ilin yekunları üzrə Qazaxıstan və Çin arasında ticarət dövriyyəsi 43,8 milyard dollar məbləğində rekord göstəriciyə çatıb. O, Astana və Pekinin qarşılıqlı ticarətin həcmini iki dəfə artırmaq niyyətində olduğunu bildirib.
Görüşdə qeyd olunub ki, Qazaxıstan-Çin investisiya portfeli təxminən 66,4 milyard dollar məbləğində 224 layihəni əhatə edir.