Qaz təchizatına qanunsuz müdaxilə aşkar edilib – Video

“Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları qaz təchizatına qanunsuz müdaxilə halı aşkar ediblər.
Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində sayğac göstəricisinin geri çəkilməsi faktına rast gəlinib.
Fərdi yaşayış evinə yeni sayğac quraşdırılıb, çıxarılan sayğac isə yoxlamadan keçirilməsi üçün Birliyin Metrologiya Departamentinə gətirilib.
Sayğacın yoxlamadan keçiriləcəyi ilə bağlı abonentə öncədən bildiriş göndərilib və yoxlama aparılan gün abonentlə əlaqə saxlanılıb. Sayğaca ilkin olaraq vizual baxış keçirilib. Daha sonra kamera vasitəsi ilə sayğacın daxilinə də baxış keçirilib. Sonuncu mərhələ isə sayğacın sınaq qurğusundan keçirilməsi olub.
Aparılan yoxlamalardan sonra sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması aşkar olunub.
Abonent dəymiş ziyana görə tərtib olunan akta əvvəlcədən imza ataraq razılaşsa da, daha sonra yazılan aktla razılaşmayıb. Abonentin bu cür davranışının səbəbi anlaşılan olmasa da, görünən odur ki, sayğaca müdaxilə halını tək insan beyni deyil, həm də müasir texnologiyalar üzə çıxartdı.
Daha ətraflı video materialda:
Şəhidimizin tabutu İran əsgərlərinə belə etibar edilməyib – Video

Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı zamanı şəhid olan Orxan Əsgərovun nəşi Bakıya gətirilib və ötən gün II Şəhidlər xiyabanında torpağa taşırılıb.
Şəhidimizin nəşinin Bakıya gətirildiyi saatlarda Tehran aeroportunda maraqlı anlar yaşanıb.
Belə ki, Azərbaycan heyətində yer alan təhlükəsizlik xidmətinin əməkdaşları İran hərbçilərinə şəhidimizin tabutunu daşımağı etibar etməyib.
Bu anda araya girən azərbaycanlılar, şəhidin tabutunu iran hərbçilərindən alaraq onu çiyinləri üzərinə qaldırıblar.
Azərbaycan heyətinin bu davranışı sosial şəbəkədə rəğbətlə qarşılanıb ki, bu da başadüşüləndir. Hər halda Orxan Əsgərovun İran hökumətinin səfirliyin təhlükəsizliyinə laqeyd münasibət göstərməsi nəticəsində şəhid olduğu heç kimə sirr deyil.
18 ildir kişi kimi yaşayır… – Video

İmişli rayon sakini Bulqeyst Əhmədova adlı qadın şəxsiyyət vəsiqəsi ilə bağlı problem yaşayır.
Adıçəkilən qadının şəxsiyyət vəsiqəsində cinsi “kişi” yazılıb.
Bundan başqa onun adı şəxsiyyətini təsdiq edən sənəddə Əhmədov Bulqeys Cəmil oğlu göstərilib.
8 övladı olan qadın 2015-ci ildə şəxsiyyət vəsiqəsini yeniləmək üçün İmişli rayon Polis Bölməsinə müraciət edib. Şəxsiyyət vəsiqəsi isə hazır olanda isə maraqlı durumla qarşılaşıb. Qadının vəsiqəsinin dəyişdirilməsi üçün doğum haqqında şəhadətnamə tələb olunur ki, ailə üzvləri də onu tapa bilmirlər.
Mövzu ilə bağlı hazırlanmış süjeti təqdim edirik:
“Küçədə işıqfor yoxdur, bir gündə iki qəza olur” – Video

“Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektinin Tofiq Abbasov və Özbəkistan küçələrinin kəsişməsində həftədə 2-3 qəza hadisəsi baş verir. Artıq o yoldan istifadə etməyə qorxuruq”.
Bu şikayətlə “Qafqazinfo”ya həmin ərazidə yaşayan bir qrup sakin müraciət edib. Vətəndaşların sözlərinə görə, ən son yanvarın 28-də iki qəza baş verib: “Bu qəzalara səbəb işıqforun olmamasıdır. Dəfələrlə işıqfor qoyulması üçün müraciət olunub, lakin bir nəticə yoxdur. Gün ərzində o yoldan istifadə edirik. Bu qədər qəzanı görəndən sonra çox qorxuruq”.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən sorğumuza cavab olaraq bildirildi ki, qurumun mütəxəssisləri qeyd olunan yol kəsişməsində təhlillər aparıb və svetofor obyektinin quraşdırılması məqsədəuyğun hesab edilib: “Bununla bağlı təklif hazırlanaraq rəy verilməsi üçün Dövlət Yol Polisinə təqdim ediləcək. Həmçinin, ərazidə hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması üçün yol nişanlarının vəziyyəti də təhlil edilib. Qısa zamanda yol kəsişməsində zəruri olan yol nişanları da təmin olunacaq”.
Lamiyə Məmmədova
Amerikalı müğənni vəfat etdi – VİDEO

Amerikalı müğənni Barrett Stronq yanvarın 29-da dünyasını dəyişib.
Bu barədə “Motown Records” səsyazma kompaniyasının muzeyi tviterdə bildirib.
O, 81 yaşında vəfat edib.
Qeyd edək ki, Stronq karyerasına 1959-cu ildə başlayıb. Həmin ilin sonunda “Money” mahnısını yazdırıb. Sözügedən mahnı bir müddət sonra rok klassikasına çevrilib. Onu “The Beatles” və “The Rolling Stones” kimi qruplar da ifa edib. 2011-ci ildə “Rolling Stone” jurnalı kompozisiyanı bütün dövrlərin ən yaxşı 500 mahnısı siyahısında 294-cü yerə layiq görüb.
Yaralılar Bakıya belə gətirildi – Video

Xəbər verdiyimiz kimi, Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı zamanı yaralanan səfirlik əməkdaşları da Bakıya gətirilib.
“Qafqazinfo” Heydər Əliyev Beynəlxalq Hava Limanından həmin anın görüntülərini təqdim edir:

Şəhid Elvin Şükürlünün anım mərasimi keçirildi – Video

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Elvin Şükürlünün xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
Mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, rayon icra hakimiyyətinin əməkdaşları, hərbi təhsil müəssisəsinin professor-müəllim heyəti, kursantlar, şəhidin ailə üzvləri, eləcə də döyüş yoldaşları iştirak ediblər.
Mərasim iştirakçılarına Vətən müharibəsi şəhidinin ömür və döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.

Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib – VİDEO

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Elvin Şükürlünün xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, rayon icra hakimiyyətinin əməkdaşları, hərbi təhsil müəssisəsinin professor-müəllim heyəti, kursantlar, şəhidin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşları iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasim iştirakçılarına E.Şükürlünün ömür və döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub, musiqili ədəbi-bədii kompozisiya təqdim edilib.
Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.
Şəhidin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Anım mərasimində şəhidimizə həsr olunan şeirlər, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.
“Report” nazirliyə isitnadən icmalı təqdim edir.
“Şahin, mən gəlmişəm, bəs, sən özün hardasan?” – Şəhid xanımı – VİDEO

Bu gün şəhid, Vətən Müharibəsi Qəhrəmanı Şahin Hüseynbala oğlu Allahyarovun ad günüdür. 29 yanvar 1993-cü ildə anadan olan Şahin Allahyarov 44 günlük İkinci Qarabağ müharibəsində böyük qəhrəmanlıqlar göstərərək şəhadətə yüksəlib. Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının baş giziri olan Şahin Allahyarov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin xanımı Kəmalə Allahyarova bir neçə ay əvvəl Şahin Allahyarovun şəhadətə qovuşduğu Şuşanı ziyarət edib.
“Qafqazinfo” şəhidin xanımının Şuşa təəssüratları ilə bağlı yazısını təqdim edir.
Son bir ildə dəfələrlə Şuşaya getməyi arzulamışdım. Amma həm də, tərəddüd edirdim. Öz-özümə suallar verirdim: Görəsən, o müqəddəs məkana getməyə hazırammı?
Bir anlıq gözümü yumub özümü hələ yalnız televizorda, internetdəki videolarda gördüyüm sıldırım qayaların zirvəsində, Cıdır düzündə, İsa bulağında təsəvvür edirdim. Ürəyim əsirdi, gözlərim dolurdu, qəribə bir həyəcan basırdı məni.
Şuşa mənim üçün təkcə Zəfər tariximiz, Qarabağın incisi, müqəddəs torpaq deyildi. Şuşanı mənim üçün daha da müqəddəsləşdirən şəhidimin – həyat yoldaşım Şahin Allahyarovun son döyüş ünvanı, son nəfəsini verdiyi yer, şəhadətə qovuşduğu məkan olması idi. Yüzlərlə qəhrəmanımız, şəhidimiz kimi, mənim Şahinimin də qanı bu müqəddəs torpağa tökülmüşdü.
Elə bilirdim, Şuşaya ayaq basanda Şahinin ruhu məni qarşılayacaq, məni salamlayacaq. Bunları xəyal etdikcə, daha çox duyğulanırdım, daha çox həyəcanlanırdım.
Aradan keçən uzun zamandan sonra nəhayət cəsarətimi toplayıb, Şuşaya gedəcəyimə qərar verdim. Gün təyin olundu və bizim Bakıdan yola düşməyimiz üçün məkan seçildi. Bu məkandan Şuşaya yola düşənlərin hamısını birləşdirən də Şuşa idi. Müqəddəs məkana üz tutanlar şəhid ailələri, həm də əzizini bu müqəddəs şəhər uğrunda gedən döyüşlərdə şəhid vermiş ailələr idi.
Kimisi övladını, kimisi qardaşını, kimisi də həyat yoldaşını şəhid vermişdi. Bu gün biz hamımız bu doğma və müqəddəs məkana əziz şəhidlərimizin ruhunu salamlamağa gedirdik. Onların necə bir yerdə döyüşdüklərini, qəhrəmanlıqlarını, şəhadətə qovuşma anlarını görməyə, hiss etməyə gedirdik.
Biz həyəcanlandıqca, sanki zaman keçmək bilmirdi.
İşğaldan azad olunmuş, ermənilərin viran qoyduğu torpaqlara daxil olduqca, Şuşaya yaxınlaşdıqca həyəcanım artırdı. Dağlı, dərəli, piyada keçilməsi çox çətin olan bu torpaqları gördükcə, dəhşətə gəlirdim. Bizim saatlardır maşınla getdiyimiz və bitməyən bu əraziləri bizim əzizlərimiz necə gəlmişdilər? Günlərlə ac-susuz, yorğun amma bir an belə dayanmadan, güllələrin altında hər an ölə biləcəklərini gözə alaraq, bir addım belə geriyə atmadan bu çətin relyefli əraziləri necə keçmişdilər?
Bu oğullar necə böyük bir sevgiylə bu Vətəni sevirmişlər, İlahi! Hər qarışına şəhidlərimizin qanı tökülmüş, hər qarışı can, qan bahasına azad olunan bu torpaqlardan keçdikcə, Şahinin böyük Vətən sevgisini daha dərindən anlamağa çalışıram və ona, şəhidimlə birgə bu torpaqlarda canından keçmiş igidlərimizə heyranlığım daha da artır. Gözlərimi yumub bir anlıq burada gedən qanlı döyüşləri xəyal etməyə çalışıram, xəyal etdiklərim belə məni dəhşətə gətirir, tez gözlərimi açıram.
Bələdçi elan edir: Şuşaya yaxınlaşırıq! Həyəcanım bir qədər də artır, gözlərim dolur. Qızğın döyüşlər vaxtı Şahinin bir telefon zəngində dediyi sözlər yadıma düşür: “Qalib gələk, müharibə qurtarsın, səni Şuşaya gəzməyə gətirəcəm!”.
Hıçqırtı məni boğur, hönkürmək istəyirəm, birtəhər özümü sakitləşdirirəm. Şuşaya daxil oluruq – 30 il həsrəti ilə yanıb-yaxıldığımız, şəninə mahnılar, dastanlar yazılan, sıldırım qayaları adamı vahimələndirən, yaşıl meşələri göz oxşayan müqəddəs şəhərə. Mənfur düşmən nə qədər darmadağın etsə də, Şuşa mahnılarda, şeirlərdə deyildiyi kimi gözəldir, əzəmətlidir, vüqarlıdır.
Öz müdrikliyindən bircə damcı da əksiltməyib, şəhid qanı daha da müqəddəsləşdirib bu gözəl diyarı. Qarabağın gözü, Azərbaycanın Cənnət diyarı Şuşa! Hər zaman kitablardan oxuduğum Şuşanı artıq canlı-canlı görürdüm. İşğal olunduğu tarix mənim yaşımdan belə böyükdür.
Avtobus Şuşanın dolambaclı, əsrarəngiz küçələrini keçərək, bizi əvvəldən müəyyən edilən əraziyə doğru aparır. Avtobusun pəncərəsindən baxdıqca, hər küçədə, hər evin qapısında müharibənin izləri görünür. Burda döyüşən Azərbaycan oğulları öz izlərini, imzalarını qoyublar. Adlar, rayon adları, müxtəlif rəmzlər hamısı qanlı döyüşlərdən bir xatirədir, hamısı bir qəhrəmanlıq dastanıdır. Düşünürəm, görəsən bu yazını yazanlar sağdırmı, yoxsa onlar da Şahin kimi son nəfəslərini bu torpaqda verib. Yenə hönkürürəm və pıçıldayıram: “Şahin, mən gəlmişəm, sən gətirməsən də, özüm gəldim. Bəs, sən özün hardasan, görmürəm axı səni??”.
Avtobus dağların üzük qaşı kimi dövrəyə aldığı Cıdır düzünə yaxınlaşır. Burada bizi üçrəngli müqəddəs şanlı bayrağımız və bayrağın keşiyində dayanan igid Azərbaycan əsgəri qarşılayır. Mənzərə o qədər əzəmətlidir ki, hamımız heyrətdən donub qalırıq.
Artıq burdayam-həyat yoldaşımı şəhid verdiyim yerdəyəm. Aylardır arzuladığım və böyük ümidlərlə gəldiyim yer. Qəribə hisslər keçirirəm- ən böyük arzusuna çatmış adam kimi sevincliyəm, son ümidini itirmiş adam kimi kədərliyəm. Bir an mənə elə gəldi ki, Şahin Şuşanın səmasından mənə baxır, üzündə də bir sevinc, hüzur var. Sanki mənim də ürəyimə bir rahatlıq gəldi, sakitləşdim.
Sən mənim üçün, balaların üçün, Vətənin üçün hər zaman yaşayacaqsan, Şahin! Mən bilirəm ki sən yenə də Vətənin keşiyindəsən. Bu dəfə səngərdə olmasan da, səmadan qoruyursan Vətənini!
Bakı metrosunda fövqəladə hadisələrlə əlaqəli təlim keçirilib – VİDEO

Fövqəladə Hallar Nazirliyi və “Bakı Metropoliteni” QSC-nin birgə təşkılatçılığı ilə metronun “28 May” stansiyasında təlim keçirilib.
FHN-dən verilən məlumata görə, təlimin mövzusu “Bakı metropolitenində baş verə biləcək fövqəladə hadisələr zamanı birgə fəaliyyətin təşkili” olub.
Təlimə rəhbərlik FHN-in Baş əməliyyat idarəsi tərəfindən həyata keçirilib.
Əvvəlcə, FHN-in “112” qaynar telefon xəttinə metronun “28 May” stansiyasından “qatı tüstülənmə” olduğu barədə “məlumat daxil olub” və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə, Dövlət Yanğın Nəzarəti, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Bakı Regional Mərkəzinin yanğından mühafizə və xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Şərti hadisə ilə bağlı Metropoliten əməkdaşları tərəfindən ilk olaraq stansiyanın bağlanması, tuneldə işçi işıqlarının yandırılması, təmas relslərindən gərginliyin kəsilməsi üçün qısa qapayıcıların pozulması, keçid qapılarının açılması işləri həyata keçirilib. FHN-in mobil yanğın, xilasetmə və əməliyyat qrupları tərəfindən fərdi mühafizə vasitələri və kimyəvi kəşfiyyat cihazlarından istifadə edilməklə operativ olaraq kəşfiyyat və əməliyyat şəraitinin qiymətləndirilməsi işləri aparılıb, xilasetmə vasitələri tətbiq edilməklə Metropoliten əməkdaşları ilə birlikdə qatardakı “zərərçəkmişlər” təxliyə olunaraq onlara “ilkin tibbi yardım göstərilib”.
Uğurla keçən təlimdən sonra nəticələr müzakirə olunub, FHN və Metropolitenin əməkdaşları arasında obyektdə baş verə biləcək fövqəladə hallarda xilasetmə işlərinin aparılması, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi və təxliyə zamanı təhlükəsizlik qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.
Təlimə FHN-in ümumilikdə 7 ədəd texnikası və 50 nəfər şəxsi heyəti cəlb olunub.
Ordumuz körpü salmaqla su maneələrinin aşılması tapşırıqları praktiki icra edilir – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi plana uyğun olaraq mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Plana əsasən mühəndis bölmələri mürəkkəb əməliyyat şəraitində döyüş əməliyyatlarının mühəndis təminatı üzrə tapşırıqları yerinə yetirirlər.
Digər dövlət agentliklərinin mütəxəssislərinin də iştirakı ilə keçirilən məşğələlərdə əsas diqqət mühəndis təminatını yerinə yetirən hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin və döyüşə hazırolma vərdişlərinin, eləcə də silahlanmaya qəbul edilmiş müasir mühəndis texnikası və avadanlıqlarından effektiv istifadə etmə üzrə bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.
Məşğələlərə cəlb edilən şəxsi heyət minaların və partlamamış döyüş sursatlarının aşkar edilməsi və zərərsizləşdirilməsi, ponton-körpü salmaqla su maneələrinin keçilməsi, mina sahələrində müxtəlif üsullarla keçidlərin açılması, maneələrin dəf edilməsi və digər tapşırıqları praktiki icra edirlər.
Azərbaycan Ordusunun mühəndis bölmələrinin şəxsi heyətinin döyüş hazırlığının artırılması məqsədilə keçirilən məşğələlər davam edir.
“Vasif Orxanın öldüyünü deyəndə ağladı” – Video

Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum zamanı qurbanlarımız daha çox ola bilərdi. Əgər qəhrəman Vasif Taığyev terrorçunu zərərsizləşdirməsəydi, itkilərimiz daha çox ola bilərdi.
TV-nin əməkdaşları caninin üzərinə atılaraq daha böyük faciənin qarşısını alan Vasif Tağıyevin ailəsilə həmsöhbət olub.
Vasifin atası Natiq Tağıyev oğlu ilə qürur duyduğunu deyib, hadisədən necə xəbər tutduqları barədə danışıb.
Daha ətraflı videosüjetdə:
İranlıların yaratdığı narkoşəbəkənin üzvləri saxlanıldı – VİDEO

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirən 2 nəfər – Fariz Mehdiyev və Əflatun Nəsrullayev saxlanılıb.
Onlar İran vətəndaşlarının yaratdığı narkoşəbəkənin üzvləri olduqlarını etiraf ediblər.
Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.
Saxlanılan şəxslər paytaxt ərazisində narkokuryerlik etdiklərini və onlayn yolla əldə etdikləri narkotiklərin satışını həyata keçirdiklərini bildiriblər.
Faktlarla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Fariz Mehdiyev və Əflatun Nəsrullayevin üzvü olduqları narkoşəbəkənin digər üzvlərinin və Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən olunması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

“Səfirliyə hücumla bağlı bu xəbəri eşitsəydim, təəccüblənərdim” – Mirşahin+Video

Tanınmış jurnalist Mirşahin Ağayev bu gün Azərbaycanın İrandakı səfirliyinə olan terror hücumuna münasibət bildirib.
Hadisə ilə bağlı REAL TV-də yayımlanan “Real intervyu” verilişində danışan jurnalist Tehrandakı səfirliyimizdə Vyana Konvensiyasının pozularaq təhlükəsizlik qaydalarına düzgün riayət olunmadığını qeyd edib.
“İran haqqında danışarkən diqqət yetirəcəyimiz əsas məsələ orada heç bir beynəlxalq qanunun işləməməsidir. İran İslam Respublikasında baş verənlərin heç birinin beynəlxalq qanuna dəxli yoxdur”.
Daha ətraflı videomaterialda:
“Azəriqaz” İB-də media nümayəndələrinin iştirakı ilə “Açıq qapı” keçirildi – Video

SOCAR “Azəriqaz” İB-də media nümayəndələrinin iştirakı ilə növbəti “Açıq qapı” aksiyası keçirilib.
Tədbirdə çıxış edən Bakı Regional Qaz İstismarı Departamentinin rəisi Rauf Əhmədov son 1 ildə paytaxt və Abşeron rayonu üzrə abonentlərin sayında 42 min artımın qeydə alındığını bildirib. Departament rəisi aksiya çərçivəsində qaz xətlərinə kənar, yəni qanunsuz qoşulmalarda da artım müşahidə olunduğunu deyib.
Media nümayəndələri ilə görüşdə SOCAR “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev kənar qoşulmalarla bağlı abonentlərə müraciət edib.
Şöbə rəisi həmçinin fərdi yaşayış evləri və ya mənzillərə qaz xətlərinin çəkilməsi məsələsinə də toxunub. O, qeyd edib ki, SOCAR “Azəriqaz” İB-nin daxili resursları hesabına çəkilən küçə xətlərinə qoşulma prosesi sakinlərin vəsaiti hesabına, xüsusi lisenziyası olan podratçı şirkətlər tərəfindən həyata keçirilməlidir. Mənzillərin və ya fərdi yaşayış evlərinin qazlaşdırılması istisna hal kimi şəhid ailələrinə və qazilərə şamil edilir.
Aksiya daha sonra jurnalistləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.
Daha ətraflı video materialda:
Binəqədidə narkotiklərin satışını həyata keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb – VİDEO

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirməkdə şübhəli bilinən 2 nəfər – Fariz Mehdiyev və Əflatun Nəsrullayev saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər paytaxt ərazisində narkokuryerlik etdiklərini və onlayn yolla əldə etdikləri narkotiklərin satışını həyata keçirdiklərini deyiblər.
Faktlarla bağlı 4-cü Polis Şöbəsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
“Fariz Mehdiyev və Əflatun Nəsrullayevin üzvü olduqları narkoşəbəkənin digər üzvlərinin və Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən olunması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir”, – məlumatda qeyd olunub.
Həmçinin baxın
Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib – VİDEO
Ordumuz körpü salmaqla su maneələrinin aşılması tapşırıqları praktiki icra edilir – VİDEO
“Səfirliyə hücumla bağlı bu xəbəri eşitsəydim, təəccüblənərdim” – Mirşahin+Video
“Azəriqaz” İB-də media nümayəndələrinin iştirakı ilə “Açıq qapı” keçirildi – Video
Binəqədidə narkotiklərin satışını həyata keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıb – VİDEO
Sürücülərə axşam saatlarında avtomobillərini texniki baxışdan keçirmələri üçün şərait yaradılıb – VİDEO
Bir məhlədə 13 gəncin adına 1 milyon manata yaxın borc bildirişi gəldi – Video
Ukrayna televiziya kanalı Qarabağda minatəmizləmə prosesi ilə bağlı material hazırlayıb – VİDEO
MN: “Hərbi hissələrə yeni gələn çağırışçıların qəbulu davam edir” – VİDEO
ƏƏSMN-in bu gün onlayn satışa çıxardığı mənzillərdən 1106-sı bron edildi – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla