Qaz sayğaclarının uzaq məsafədən oxunmasına başlanıldı – Video

Təbii qaz sayğaclarının uzaq məsafədən oxunma cihazları Azərbaycana gətirilib.
“Azəriqaz”dan verilən məlumata görə, ilkin olaraq bu cihazlar çoxmərtəbəli binaların mənzillərinin çöl eyvanlarında olan qaz sayğaclarında quraşdırılıb. Beləliklə, abonent ilə Birliyin nəzarətçilərinin təması minimuma enəcək və sayğac oxunmalarında operativlik təmin ediləcək.
Bu cihazların alınmasına dair aparılan danışıqların yekunu olaraq Türkiyənin “Atlas sayğac və ölçü cihazları” şirkətinin təkliflərinə üstünlük verilib. Şirkətin rəhbəri Saleh Bakırın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıdadır və test yoxlanışları onların iştirakı ilə icra olunur.
Qeyd edək ki, mexaniki sayğacların göstəricilərinin fiziki olaraq oxunuşu üçün xeyli sayda nəzarətçi işə cəlb olunur. Bu baxımdan işin səmərəliliyinin artırılması məqsədilə, qərara alınıb ki, abonentlərin istifadəsində olan mövcud mexaniki sayğaclara əlavə onlayn nəzarət cihazları yerləşdirilsin.
Radiodalğa ötürücüləri ilə çalışan cihazlar imkan verir ki, uzaq məsafədən nəzarətçi fərdi yaşayış evinə yaxınlaşmadan səyyar terminalla mexaniki sayğacın məlumatlarını bir neçə dəqiqə ərzində oxuyaraq mərkəzi bazaya ötürsün. Mexaniki sayğac öz funksiyasını əvvəlki kimi yerinə yetirir.
Sadəcə qaz axını ilə bağlı məlumatlar paralel olaraq uzaqdan idarəediləcək formada cihazın qeydiyyatına düşür. Bu cihazlar fiziki müdaxilə olmadan uzaqdan idarəetmə ilə borclu abonentin mexaniki sayğacının klapanının bağlanmasına da şərait yaradır.
Onlayn nəzarət cihazları mexaniki sayğacların göstəricilərinin ilin sonunda tam vaxtında oxunmasını təmin edəcək. Yəni aşağı tarifli güzəştli limitlə bağlı keçid dövrünü smart-kart tipli sayğaclarda olduğu kimi mexaniki sayğaclarda da eyni vaxtda – hər il dekabrın 31-də tənzimləmək üçün şans yaranır.
Xocavəndin Çiraquz kəndi – VİDEO

Müdafiə Nazirliyi Xocavənd rayonunun Çiraquz kəndindən videogörüntülər paylaşıb.
“Report” həmin görüntüləri təqdim edir.
Türkiyə hərbi sənayesindən daha bir uğur – VİDEO

Türkiyənin milli hərbi sənayesi daha bir yeni silah sistemini təqdim edib.
Bu, SUNGUR yaxın mənzilli zenit-raket kompleksidir. “Ejder Yalçın” zirehli avtomobilinin üzərində quraşdırılan raket kompleksinin sınaqlarının tamamlandığı haqda Müdafiə Sənayesi Agentliyinin başqanı İsmayıl Demir özünün sosial şəbəkə hesabından elan edib. Və kompleksin videogörüntülərini paylaşıb.
Kompleks portativ özəllikləri sayəsində quru, hava və dəniz platformalarına inteqrasiya edilə biləcək. “Sevindirici hadisənin xəbərini aldıq, birazdan sizlərlə də paylaşacağam, gözləyin”,-İsmayıl Demir yazıb. Və daha sonra kompleksin sınaqlarına dair görüntüləri yayıb. Videogörüntülərə əsasən SUNGUR yaxın mənzilli hava hədəfini yüksək dəqiqliklə vurur. Kompleksi Türkiyənin və dünyanın aparıcı hərbi sənaye şirkətlərindən olan ROKETSAN hazırlayıb.
Bu komplekslər Türkiyə Silahlı Qüvvələrinin silahlanmasında yer alan və ABŞ istehsalı olan “Stinger” zenit-raket komplekslərini əvəz edəcək. Və Türkiyənin eşalonlaşdırılmış havadan müdafiə sisteminin ilk eşalonunda yer alacaq.
Kompleks qanadlı raketlərə, pilotsuz uçan aparatlara, alçaqdan uçan təyyarələrə və vertolyotlara qarşı yüksək effektivlik nümayiş etdirir. Və quru qoşunlarını həm hücumda, həm müdafiədə belə hava hədəflərinə qarşı qoruyur. Tezliklə SUNGUR komplekslərinin silahlanmaya daxl olacağı gözlənilir. Komplekslər ROKETSAN-ın PORSAV “yer-hava” raketləri ilə təchiz edilib. Bu raketlər 4 kilometrə qədər yüksəklikdə, 8 kilometrə qədər uzaqlıqda olan hədəfləri vura bilir.
Qeyd edək ki, SUNGUR yaxın mənzilli zenit-rakeet komplekslərinə gələcəkdə Azərbaycan da maraq göstərə bilər. Çünki bu komplekslər Azərbaycan ordusunun silahlanmasında yer alan “OSA” yaxın mənzilli zenit-raket komplekslərini (modernizə edilmiş variant) gələcəkdə əvəz etmək üçün ideal vasitədir.
Ağdam rayonunun Eyvazxanbəyli kəndindən videogörüntülər

Müdafiə Nazirliyi Ağdam rayonunun Eyvazxanbəyli kəndindən videogörüntülər paylaşıb.
“Report” həmin görüntüləri təqdim edir.
Qarabağda aeroportun tikintisi sürətlə aparılır – VİDEO

Füzuli şəhərində beynəlxalq aeroportun tikintisinə başlanılıb və artıq payızda onun istismara verilməsi planlaşdırılır.
Bu, dağıdılmış yaşayış məskənlərinin, o cümlədən Şuşa şəhərinin bərpasını sürətləndirəcək.
Ərazidə eyni zamanda iki avtomobil yolu inşa olunur. Füzuli aeroportu ən ağır hava maşınları da daxil olmaqla, bütün təyyarə növlərini qəbul etməyə qadir olacaq və artıq beynəlxalq indekslər kataloquna daxil edilib.
“Azəraeronaviqasiya” müəssisəsinin Hava Hərəkətinə Nəzarət idarəsinin direktoru Fərhan Quliyev bu hava limanının bölgənin, xüsusən də Şuşanin turizm potensialını üzə çıxaracağını, bununla yanaşı bölgənin iqtisadi inkişafına töhfə verəcəyini qeyd edib.
Ermənistanda etiraz aksiyaları – Paşinyanın istefası tələb olunur + Video

Ermənistanın Sünik vilayətinin Kapan şəhərində müxalifətin mitinqi başlayıb.
Aksiyanın 2 minə yaxın iştirakçısı Baş nazir Nikol Paşinyanın dərhal istefasını tələb edir. Müxalifət tərəfdarları onu xəyanətdə, müharibədə məğlubiyyətdə və bütövlükdə regionun və ölkənin təhlükəsizliyini təmin edə bilməməkdə ittiham edirlər.
Bakı meri küçələrin qardan gec təmizlənməsinin səbəbini açıqladı – Video

“Ayın 24-də səhərə yaxın tam həcmdə olmasa da, küçələrin böyük bir hissəsi təmizlənərək istifadəyə verilmişdi”.
Bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mətbuata açıqlamasında deyib.
Onun sözlərinə görə, 12 saat dayanmadan qar yağdığını nəzərə almaq lazımdır:
“Küçəni təmizləyirdilər, 1-2 saatdan sonra həmin küçəyə yenidən qayıtmalı olurdular. Biz öz zəif yerlərimizi də gördük. Ancaq hesab edirəm ki, kommunal xidmət öz vəzifəsinin öhdəsindən gəldi.
Bakıda beş minə qədər küçə mövcuddur. Bu beş min küçəni eyni anda qardan təmizləmək mümkün deyil. Bu proses qrafik əsasında həyata keçirildi”.
“Bu amillər olan zaman istənilən münaqişə həll oluna bilər” – İlham Əliyev + Video

“Qarabağı azad edənlərin arasında ən böyük rol oynayan, bax, bizim son 17 il ərzində yetişmiş insanlarımızdır”.
Bu sözləri Prezident İlham Əliyev ötən gün yerli və xarici media nümayəndələri üçün keçirilən mətbuat konfransında deyib.
Dövlət başçısı bildirib ki, yaşlı nəslin, əlbəttə ki, böyük əməyi, təcrübəsi və bilikləri var:
“Amma döyüşə gedən, öz sinəsini atəş altına qoyan, bax, 17 il ərzində vətənpərvərlik ruhunda tərbiyə almış bizim övladlarımızdır. Hansılar ki, öz canından keçib vətən uğrunda. Bu amillər olan zaman istənilən münaqişə həll oluna bilər”.
İlham Əliyev: “Dağlıq Qarabağ mövcud deyil və hər kəs oranı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır” – VİDEO

“Qarabağda rəsmi dil məsələsi barədə sualınıza dair qeyd edə bilərəm ki, bu, bir manipulyasiyadır. Hazırda Azərbaycanın o bölgəsində qeyri-qanuni olaraq özlərini rəhbər adlandıranların manipulyasiyasıdır. Onlar orada suahili dilini də Qarabağın rəsmi dili elan edə bilərlər. Bunun heç bir təsiri və nəticəsi ola bilməz. Dağlıq Qarabağ mövcud deyil və hər kəs oranı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Düşünürəm, bu, onların, həmin cinayətkar xunta rejiminin son nəfəsidir, son cəhdləridir ki, guya onlar dövlətdirlər”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 26-da yerli və xarici jurnalistlər üçün videoformatda keçirdiyi mətbuat konfransında İspaniyanın “La Vanguardia” qəzetinin əməkdaşının sualını cavablandırarkən deyib.
“Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir və Azərbaycan ərazisində digər heç bir dilin rəsmi statusu ola bilməz. Eyni zamanda, biz heç bir dilə hər hansı məhdudiyyət qoymuruq. Rus dili Azərbaycanda bildiyiniz kimi, çox geniş istifadə edilir. Bu gün bizdə sovet dövründən fərqli olaraq rus dilində daha çox qəzet və internet saytları fəaliyyət göstərir. 340-a yaxın rus bölməsi olan məktəbimiz var. Ermənistanda isə neçə belə məktəb var? Sıfır. Ermənistanda yalnız orada olan rus hərbi kontingentinin övladları üçün bir məktəb fəaliyyət göstərir. Onlarda hətta təqribən belə bir qanun da qəbul edilib ki, erməni uşaqları rus məktəblərinə gedə bilməz. Yəni bu, özlərinin qeyd etdiyi kimi, strateji tərəfdaşlarına olan diskriminasiya, ayrı-seçkilikdir. Onlar Rusiyadan hərbi resursları qəbul edirlər, bizim məhv etdiyimiz bütün silahları, hansı ki dəyəri 3-5 milyard dollar civarındadır, onlar bütün bunu Rusiyadan pulsuz almışdılar. Bu, hədiyyə və ya dırnaqarası kredit müqaviləsi əsasında olmuşdur. Həmin kredit ki, onlar heç zaman onu ödəməyəcəklər. Baxın, belə bir tərəfdaşa qarşı onlar ayrı-seçkilik edirlər. Rusiya televiziya kanallarına qarşı yeni qanunvericilik qəbul edilmişdir. Müharibədən sonra onlar bunu bir balaca, qismən aradan qaldırıblar. Onlar rus dilini qadağan edirlər, rusdilli məktəbləri qadağan edirlər. Ancaq baxın, indi Rusiya sülhməramlıları Qarabağa yerləşəndən sonra birdən bunlar rus dilini rəsmi dil kimi qəbul edirlər. Mən suahili dilini təklif edirəm. Belə olsa, onlar dil cəhətdən uzaq, ucqar ölkələrlə təmas qurmağa da nail ola bilərlər.
Gələcəyə gəldikdə, Azərbaycanda fərqli dildə danışan insanların hər cür hüquq və imtiyazları mövcuddur. Onların təhsilə çıxışları təmin edilir, bizim bütün dövlət universitetlərində rus bölmələri var. Nəzərə alaq ki, həmin ərazilərdə yaşayan erməni icması öz aralarında erməni dilində danışa bilərlər, sovet dövründə bizim o bölgədə erməni dilində qəzetlər dərc edilirdi, orada xüsusi proqramlar var idi. Digər bütün dillər kimi erməni dili də Azərbaycanda qorunacaqdır.
Mənim müxtəlif xarici dil biliklərimə dair komplimentinizə görə təşəkkür edirəm. Bəli, mən xarici dilləri öyrənmişəm və hər zaman bunu daha tez-tez istifadə etmək mənə xoşdur”, – dövlət başçısı bildirib.
“Alı” ləqəbli narkotacir saxlanıldı – Video

Səbail rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan dəstənin daha bir üzvü saxlanılıb.
DİN Mətbuat xidmətindən verilən məlumata görə, bir neçə gün əvvəl narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan Nurlan Kişiyev və Nicat İmanquliyevin saxlanılması barədə məlumat verilib.
Qeyd edilən əməliyyat nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan vətəndaş Nicat İmanquliyevin yaşadığı evdən ümumi çəkisi 2 kiloqramdan artıq olan narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. N.İmanquliyev ifadəsində narkotik vasitələri satış məqsədilə “Alı” adlı şəxsdən əldə etdiyini bildirib.
Özünü “Alı” kimi təqdim edərək narkotik vasitələrin satışı ilə məşğul olan vətəndaş Allahverdi Orucov tutulub. Onun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 11 büküm satış üçün qablaşdırılan narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin, Abşeron rayonunda yaşadığı mənzilindən isə 5 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
A.Orucov ifadəsində paytaxt və ətraf ərazilərdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
Saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və onlar tutularaq istintaqa cəlb olunublar. Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Bosniya və Herseqovinanın “O Kanal” televiziyası Ağdamdan reportaj hazırlayıb – VİDEO

Bosniya və Herseqovinanın “O Kanal” telekanalının çəkiliş heyəti erməni işğalından azad edilmiş Ağdam şəhərində olub.
“Report”un məlumatına telekanalın əməkdaşı “Qafqazın Hirosiması” kimi adlandırıdğı Ağdam barədə reportaj hazırlayıb.
Reportajda vurğulanıb ki, ətraf düzənliklər minalanıb: “Şəhərdə gördüyümüz tək şey xarabalıqlar idi. Şəhərin böyük hissəsi dağıdılmışdı. Yalnız “Cümə məscidi” istisna təşkil edirdi. Təxminən 30 illik işğaldan sonra Azərbaycan Ağdamı və 1990-cı illərdə işğal olunmuş digər əraziləri azad etdi. Ağdam 1990-cı illərdə ən böyük cinayətlərdən birinin törədildiyi Xocalıda sakinlərin qaça bilməsi üçün yol idi. 1992-ci ildə Xocalı soyqırımı kimi məşhurlaşımış qırğın zamanı 613 nəfər həlak olub. Fevralın 26-da bu hadisənin 29 ili tamam olub”.
Qeyd olunur ki, Ağdama qaçış Xocalı sakinlərinin əksəriyyəti üçün ölümcül oldu: “Vətən müharibəsinin zabitlərindən biri Zahid bəy həmin gecəni, dinc sakinlərin dağlarla və minalanmış ərazilərlə qaçmasını xatırlayır. Hər şey fevralın 25-dən 26-a keçən gecə baş verdi. Biz sakinləri mühasirəyə alınmış şəhərdən çıxarmağa çalışırdıq. Bizə dedilər ki, keçmiş SSRİ-nin 366-cı alayı ermənilərlə birgə şəhəri mühasirəyə alıb. Yaralıları çıxarandan sonra biz bir qədər irəli getdik və dağın başında yerdə uzanmış yüzlərlə insan, qadın, uşaq, kişi gördük. Mən uzun müddət şokda idim”.
Ermənilərin Xocavənddə atıb qaçdığı silah-sursat aşkarlandı – VİDEO

Xocavənd rayonunda ermənilərə məxsus silah-sursat aşkar edilərək götürülüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd RPŞ əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş inzibati ərazisində əvvəllər düşmənin səngər və saxlanc yeri kimi istifadə etdiyi qazmalardan xeyli sayda silah-sursatlar aşkar edilərək aidiyyatı üzrə təhvil verilib.
Belə ki, tədbirlər zamanı erməni hərbçilərin atıb qaçdığı 7 ədəd “Kalaşnikov” markalı avtomat, 2 ədəd pulemyot, 2 ədəd snayper tüfəngi, 1 ədəd qumbaraatan, avtomat daraqları və 2527 ədəd müxtəlif çaplı güllələr aşkar edilərək götürülüb.
Əfəndilər kəndindən görüntülər – Video

Müdafiə Nazirliyi Qubadlı rayonunun Əfəndilər kəndindən video yayıb.
“Qafqazinfo” həmin görüntüləri təqdim edir:
ABŞ-da yaşayan Xocalı sakini: “Qətliamdan 29 il keçməsinə rəğmən, onun təsirini hələ də hiss edirəm” – VİDEO

Vaxtilə Xocalıdan məcburi köçkün düşmüş, hazırda isə ABŞ-ın Kaliforniya ştatında yaşayan və Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin üzvü olan Anar Usubov amerikalı bloger Sandra Stringerlə Xocalı hadisələri və İkinci Qarabağ müharibəsi haqqında fikirlərini bölüşüb.
Baku TV həmyerlimizin amerikalı fəalla söhbətini təqdim edib.
O, bildirib ki, faciəli hadisələr zamanı cəmi 8 yaşı olmasına baxmayaraq, həmin dəhşətləri yaxşı xatırlayır və qətliamdan 29 il keçməsinə rəğmən, onun təsirini hələ də hiss etməkdədir.
“Düzü, ötən ilin ortalarında, hələ müharibə başlamazdan əvvəl mənim öz torpaqlarımızı geri qaytaracağımıza heç bir ümidim yox idi. Üstündən 30 il keçib. Amma sonradan baş verənlər göstərdi ki, Azərbaycan heç zaman öz əzəli torpaqları üzərindəki suveren haqlarından imtina etməyib. Bizim qələbəmizdə Türkiyənin ölkəmizə göstərdiyi mənəvi və siyasi dəstəyin rolu danılmazdır. Hərçənd, ermənilər döyüşlərdə türk hərbçilərinin iştirakını iddia etsələr də, buna dair heç bir sübut təqdim edə bilməyiblər.
Bizimlə qarşı-qarşıya döyüşlərdə uduzduqlarını görən ermənilər dinc sakinlərin yaşadığı Azərbaycan şəhərlərini raket atəşinə tutublar. Onlarla mülki əhalini öldürüblər. Bu baş verənlər mənə uşaqlıqda yaşadığım dəhşətləri xatırladırdı. İndi bütün məcburi köçkünlər doğma yurd-yuvalarına qayıtmaq həsrətilə yaşayır. Bunun dəqiq nə vaxt baş verəcəyini isə hələ ki bilmirik”, – deyə A.Usubov bildirib.
Onun sözlərinə görə, məcburi köçkünlərin bir çoxu torpaqlarımızın azad olunacağı günü görmək arzusu ilə vəfat edib. Lakin onun ən böyük xoşbəxtliyi məhz bu günləri gözlərilə görməkdir. Belə ki, bu xoşbəxtlik heç də hər kəsə nəsib olmayıb.
“Bu günləri gördüyüm üçün özümü bəxtəvər hesab edirəm. Lakin bir daha müharibənin olmaması üçün əlimdən gələni edəcəyəm. Əgər bölgədə yenidən qarşıdurma baş verərsə, bunun sonu olmayacaq. Düşünürəm ki, biz hamımız yeni savaşın qarşısını almaq üçün bütün gücümüzü səfərbər etməliyik”, – deyə keçmiş Xocalı sakini qeyd edib.
Sonda onu da bildirək ki, Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzi bu müsahibəni bir çox yerli Amerika təşkilatları və aidiyyəti qurumlarla bölüşüb. Həmçinin Xocalı qətliamının ildönümü ilə bağlı bu təşkilatlara əlavə məlumatlar çatdırıb.
Şuşada bir dəqiqəlik sükut… – Video

Şuşada Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bunu əks etdirən görüntülər Daxili İşlər Nazirliyinin feysbuk hesabında paylaşılıb.
Şəhid ailələrinə verilən binadan reportaj – Video

“Həyat yoldaşım Mətləb Ağayev 1992-ci ildə şəhid olanda uşaqlarımın biri 1 yaş iki aylıq, o biri də 2 yaş yarımlıq idi. Çox çətinliklə, əzab-əziyyətlə, kirayələrdə onları böyütmüşəm. Prezidentimiz bu evi bizə təqdim elədi. Artıq o çətinliklər arxada qaldı…”
Bunu ötən gün Ramana qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün inşa olunan yaşayış kompleksində mənzillə təmin olunan şəhidin xanımı Bəhliyə Ağayeva bildirib.
Onun sözlərinə görə, 2015-ci ildən ev növbəsinə dayanıb. Səbirsizliklə, həsrətlə bu evin alınmasını gözləyib. Nəhayət ki, 15-ci binanın 5-ci mərtəbəsindən ona 3 otaqlı mənzil verilib:
“Ev veriləcəyi ilə bağlı xəbər bizə gəlib çatanda ailəmiz böyük sevinc hissi keçirdi. Ev çox yaxşıdır, təmirlidir, ailəmizin çox xoşu gəldi, hər şeydən razıyıq. İki oğlum var idi, təəssüf ki, oğlumun biri 3 ay əvvəl rəhmətə gedib, o da bu evi səbirsizliklə gözləyirdi, ona qismət olmadı. Amma balaca nəvəm var, o bu evdə böyüyəcək. Atasının da, oğlunun da ruhu şad olsun. Bütün şəhid ailələri adından minnətdarlığımı bildiririəm”.
Bəhliyə xanıma açarlar təqdim olunan gün mənzillə tanış olsa da, yenə də əvvəlki sevinclə otaqları gəzir, həvəslə bizi mənzillə tanış edir.
Vətən müharibəsi şəhidi Əmir Kazımovun atası İlham Kazımova da yeni kompleksin 4-cü mərtəbəsindən 3 otaqlı mənzil verilib:
“İkinci Qarabağ müharibəsi başlayanda – sentyabrın 29-u oğlum Əmir müharibəyə çağırılıb və cəbhəyə yollanıb. Oktyabrın 10-u şəhid olub, neytral ərazidə qaldığına görə 52 gündən sonra nəşini götürüb dəfn eləmişik.
…Ev almağı gözləmirdim, bunlar hamısı qəfildən baş verdi. Fevralın 9-u Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən zəng gəldi və mən nazirliyə dəvət olundum. Sonra sənədlərimizi toplayıb İcra Hakimiyyətinə təqdim elədim. Üzərindən iki həftə keçmədi ki, cənab Prezident şəxsən bu mənzili mənə təqdim elədi”.
Şəhidin atası deyir ki, ailəsiylə çətin şəraitdə və kiçik mənzildə yaşayıb. Hazırda onlara təqdim olunan 3 otaqlı mənzilin hər bir şəraiti var.
Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimovun sözlərinə görə, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən nəzərdə tutulandan 3 dəfə artıq – 626 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzil və fərdi evlər təqdim olunub.
Növbəti ildə bundan 50 faiz daha artıq, yəni 934 mənzil və fərdi evin təqdimatı həyata keçirilib. Ötən il isə indiyə qədərki saylarla müqayisədə rekord sayda 1572 mənzil və fərdi evin təqdimatı olub:
“2021-ci ilə gəldikdə isə Prezidentin 25 yanvar 2021-ci il tarixli sərəncamıyla 2014-2019-cu illərdə uçota alınan şəxslər, eyni zamanda 2020-ci ildə hərbi əməliyyatlar zamanı şəhid olanların ailələri və müharibə əlilləri 5 il müddətinə mənzil və fərdi evlərlə təmin olunacaqlar. Bu proses mərhələli şəkildə həyata keçiriləcək və 2021-25-ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili – bu kateqoriyadan olan şəxslər evlə təmin olunacaq. 2021-ci ildə isə 3 mindən çox mənzil və fərdi evin sahibinə açarların təqdim olunması prosesi nəzərdə tutulub və Prezidentin göstərişi əsasında bu proses həyata keçiriləcək”.
Qeyd edək ki, Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlilləri üçün doqquzmərtəbəli 30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib. Ərazidə məktəb, uşaq bağçası, klub-icma mərkəzi inşa olunub. Ötən gün Prezident İlham Əliyev kompleksdə şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində iştirak edib.
Gülnar Əliyeva
Foto-Video: Pərvin Zeynal
“Xocalıda meyitləri yığanda Çingizin kadrlarına da düşmüşəm” – Video

“Əl-ayağı məftillə bağlı olan, başı kəsilən insanlar görmüşəm. Heç kim insan öləndən sonra onun başının dərisini soymur. Bunu ancaq ermənilər edə bilərdilər. Ona görə də mən ancaq erməninin vəhşiliyini görmüşəm”.
Xocalı sakini Şükür Adilovun Xocalı faciəsiylə bağlı xatırladıqları bunlardan ibarətdir. 1963- cü il təvəllüdlü Ş. Adilov Ağcabədi rayonu Sarıcallı kəndində doğulsa da, 20 il Xocalı polis şöbəsində çalışıb. Ona görə də ailə üzvləriyə birgə Xocalı rayonunda qeydiyyatdadır. Ən kiçik oğlu Ceyhun Mustafazadə isə 44 günlük Vətən müharibəsində şəhid olub.
“Qafqazinfo” şəhidin ailəsinin məskunlaşdığı Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi 258 saylı uşaq bağçasında olub və onun ailə üzvləriylə söhbətləşib.
Reportaj zamanı Xocalı hadisələrini bir daha xatırlayan müsahibimiz bildirir ki, həmin vaxt həvəskar fotoqraf kimi faliyyət göstərib:
“Xocalıdan meyitləri yığan yerdə Çingiz Mustafayevin çəkdiyi bir-iki lentdə də düşmüşəm. Ermənilər meyitin qolunu-qıçını kəsirdilər, başına mismar vururdular. O zaman həmin kadrları çəkmişdim, daha sonra həmin şəkilləri muzeyə təhvil verdim. Xocalı Polis Şöbəsinə də verdiyim şəkillər var idi. Bəziləri də Ağcabədidə kənddə evimizdə qalır.
Həmin hadisələrdən sonra 1 il özümə gəlmədim. Orada gördüyüm ən incə detallları dilimə gətirə bilmirəm. Yadıma düşdükcə yenidən eyni dəhşəti yaşayıram. Həm də ki, gözlə gördüyüm çox şeyi dilə gətirmək olmur. Bu cür yaşanan hadisələr oğlum Ceyhuna da təsir etmişdi. O, xalqımıza qarşı edilən bu haqsızlıqlarla barışa bilməzdi və bilmədi də. Həm də torpaqlarımızın işğalda olmasıyla barışmırdı. Özü texnologiya müəllimi olsa da, hərbi xidmətdən sonra öz fəaliyyətini MAXE kimi davam etdirdi.
Özüm birinci Qarabağ müharibəsi veteranıyam, travma almışam. Bir var hadisələri qıraqdan görüb eşidəsən, bir də var hadisələri görən biriylə eyni evdə yaşayasan. Mən ayın yarısından çoxunu döyüş bölgəsində olurdum. Bizim işimiz hərbçilərlə birgə xidmət aparmaq idi. 25-dən 26-na keçən gecə orada olmamışam. Silah gətirməyə getmişdik. Qohumlarımızın hamısı Xocalıda qalmışdı. Onların içərisində şəhid olanlar da oldu. Hadisədən sonra Xocalıya qayıtdıq. Yaralıları xəstəxanaya gətirdik. Qarlı-qadalı günlər idi. Ölüm həddindən artıq çox idi. Yaralıların da sayı xeyli idi. Onları Ağdam xəstəxanasına daşıyırdıq. Çətin günlər idi. Orada qalanların çoxu əsir düşdü. Çox çətinliklə yolda ölənlər oldu. Yaxın qohumlarımdan-həyat yoldaşımın əmisi və əmisi oğlu orada girov qaldı. Əmioğlunun fevralın 25-də 25 yaşı tamam olmuşdu… Elə həmin gündən də itkin sayılır”.
A. Şükürovun şəhid oğlu 1997-ci il təvəllüdlü Ceyhun Mustafazadə hərbi xidməti kəşfiyyatçı kimi başa vurub. Əsgərlikdə olan zaman Naxçıvanın Günnüt kəndinin alınması əməliyyatında iştirak edib.
Şəhidin atası bildirib ki, Günnüt əməliyyatındakı şücaətinə görə Müdafiə naziri ona qol saatı hədiyyə edib: “Bir neçə dəfə fəxri fərmanlarla təltif edilib. Həm istehkamçı, həm kəşfiyyatçı, həm də snayper idi. MAXE kimi ötən ilin yanvarında Tərtər rayonunda xidmətə başladı. Sonuncu dəfə sentyabrın 25-də bir yerdə olduq. Vəziyyətin çətinləşdiyini bilirdik. Hiss edirdik ki, nəsə baş verəcək. Ancaq müharibənin başlamasından xəbərimiz yox idi. Bizə ürək-dirək verdi ki, ondan gec xəbər alsaq, narahat olmayaq. 27-si müharibə başladı. Həmin gündən döyüşlərə kəşfiyyatçı kimi başlayıb. O Mübariz postunun, Talış kəndinin, Suqovuşanın alınmasında, Murov dağı istiqamətində gedən döyüşlərin hamısında iştirak edib. Oktyabrın 10-u saat 10:30-da yaralanıb. Oktyabrın 12-də Ağcabədi rayonunun Sarıcallı kəndində dəfn edilib.
Kəşfiyyatçı olduğu üçün düşmən tərəfdə yaralanıb. Özü sürünərək bu tərəfə keçib, komandirlərə məlumat verib və onu gəlib döyüş bölgəsindən çıxarıblar. Onu Gəncə hospitalına gətiriblər və orada da dünyasını dəyişib.
Ən yaxın döyüş yoldaşları da şəhid olub. Bir neçəsi isə qazidir. Yanvarın 27-də Ceyhunun ad günü idi. Onu məzarlıqda ziyarətə gəlmişdilər. Yoldaşları deyir ki, Ceyhunu snayperlə vurmaq mümkün deyildi. O, çox cəld biri idi. Müharibənin bütün sirlərini bilirdi. “Vətən uğrunda”, Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Uşaqlıq albomunda şəkillərinin çoxunda əlində silah var. Ceyhun əslən xocalılı olmasa da, özünü bir xocalılı kimi hiss edirdi. Bu barədə keçirilən bütün tədbirlərdə iştirak edirdi. Haqsızlıqla razılaşmayan bir insan idi. O, hadisələrə yerində reaksiya verməyi xoşlayırdı. Ona görə də Xocalı hadisəsiylə heç cür barışa bilməzdi. Gedən müharibə göstərdi ki, vətənimiz etibarlı əllərdədir”.
Şəhid C. Mustafazadə iki il yarım əvvəl anasını uzun sürən xəstəlikdən sonra itirmişdi. Onun Ülvi və Şamo adlı qardaşları var. Şəhidin anası Xocalıda anadan olsa da, Xankəndidə böyüyüb. Daha sonra isə Ağdama köçüblər.
C. Mustafazadə sonuncu dəfə oktyabrın 9-u ailəsiylə danışıb. Atasının sözlərinə görə, o, hər gün 5-10 saniyə olsa da, ailəsiylə danışarmış: “Hər dəfə bir nömrəylə əlaqə saxlayırdı. Biz də o nömrələrə yığdıq. Axır nömrələrin birinə zəng çatdı. Açıb dedilər ki, Ceyhun yaralanıb. Ayın 11-i axşam saat 7 idi. O zaman komendant saatı olduğu üçün heç hara getmək mümkün deyildi. Oktyabrın 12-si Gəncəyə getdim. Hospitalların hamısını gəzdik, ancaq onu tapmadıq. Ən sonda Xocalı İcra Hakimiyyətindən zəng vurub dedilər ki, Ceyhun şəhid olub. Şəhid olacağı ürəyinə danıbmış. Oktyabrın 9-da günorta saat 3-4 arasında telefonun yaddaşında olan bütün adamlara zəng edib qısa danışıb. Biz sonradan bunu telefonundan tapdıq…”
Foto-Video: Pərvin Zeynal
Həmçinin baxın
Ermənistanda etiraz aksiyaları – Paşinyanın istefası tələb olunur + Video
Bakı meri küçələrin qardan gec təmizlənməsinin səbəbini açıqladı – Video
“Bu amillər olan zaman istənilən münaqişə həll oluna bilər” – İlham Əliyev + Video
İlham Əliyev: “Dağlıq Qarabağ mövcud deyil və hər kəs oranı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır” – VİDEO
Bosniya və Herseqovinanın “O Kanal” televiziyası Ağdamdan reportaj hazırlayıb – VİDEO
ABŞ-da yaşayan Xocalı sakini: “Qətliamdan 29 il keçməsinə rəğmən, onun təsirini hələ də hiss edirəm” – VİDEO
Xocalı soyqırımı ilə bağlı Azərbaycan Ordusunda tədbirlər keçirilib – VİDEO
Los Ancelesdə Xocalı soyqrımına dair ingilis dilində film hazırlanıb – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla