“Qarakənd faciəsi zamanı mənim 24 yaşım var idi. Atam Qarabağda idi. Dayım qızı zəng edib dedi ki, Zülfü dayımdan narahatam. 5-10 dəqiqə sonra qapımız döyüldü. Qapını açanda atamın sürücüsünü gördüm. Sürücü bildirdi ki, Zülfü müəllimin helikopterini vurublar”.

Bunu “Report”un yerli bürosuna Qarakənd faciəsi zamanı həlak olan ozamankı Baş nazirin müavini, deputat Zülfi Saleh oğlu Hacıyevin qızı Lalə Hacıyeva deyib.

O qeyd edib ki, Qarakənd faciəsindən 2 gün öncə əmisi ilə atasının yanına gedib: “Əmim dedi ki, Zülfü, Qarabağa getmə. O da gülümsəyərək bildirdi ki, mən getməyim, sən getmə, bəs, kim getsin?! Elə ora mən getməliyəm”.

Şəhid qızı bildirib ki, Zülfü Hacıyev hələ Qarabağ Təşkilat Komitəsinin sədri olarkən ermənilər 3 dəfə qurumun binasına qumbara atıblar: “Xoşbəxtlikdən xəsarət alan olmayıb”.

L.Hacıyeva onu da əlavə edib ki, bu gün atası Zülfü Hacıyev və helikopter qəzasında həlak olan digər şəxslərin də ruhları şaddır. Çünki Qarabağ artıq azaddır.

Qeyd edək ki, 1991-ci il noyabrın 20-də Ağdam yaxınlığında, Xocavənd rayonunun Qarakənd səmasında “Mi-8” hərbi helikopterinin ermənilər tərəfindən vurulmasından 32 il ötür.

İstinadlar Report