Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qoyulmuş tələblərin və verilən tapşırıqların icrası ilə bağlı Qaradağ rayonunda koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə mobil işçi qruplar tərəfindən keçirilən reydlər gücləndirilib.

Qaradağ Rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin, rayon Prokurorluğunun, Dövlət Təhlükəsizlik Xidmətinin rayon İdarəsinin, Bələdiyyənin, Sahə İnzibati Ərazi Nümayəndəliklərinin, fəal gənclər və könüllülərin daxil olduğu mobil qrupların üzvləri tərəfindən keçirilən növbəti reydlər zamanı marketlərdə, bazarlarda, apteklərdə və digər ictimai-iaşə obyektlərində onların qarşıya qoyulmuş tələb ilə fəaliyyət göstərməsi yoxlanılmış, xidməti heyəti ilə maarifləndirici söhbətlər aparılmış və pandemiyaya qarşı mübarizədən irəli gələn tələb və tövsiyələr izah olunub.

Görülən tibbi-profilaktik tədbirlər çərçivəsində Qaradağ Rayon İcra Hakimiyyətinin strukturları tərəfindən noyabrın 25-də səhər saatlarından başlayaraq rayonun əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin xüsusi texnikaları və əməkdaşları tərəfindən xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilib.

Mərkəzi küçələrlə yanaşı qəsəbələrin yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılıb. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq rayon sakinləri ciddi zərurət yaranmadığı təqdirdə həmin gün küçəyə çıxmamaları barədə xəbərdarlıq ediliblər.

Gün ərzində rayonunda kommunal xidmətlərinin 200 nəfərdən çox əməkdaşı tərəfindən dezinfeksiyaedici aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında, yol kənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər görüblər.

Qeyd edək ki, rayonda tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada davam etdiriləcək.

 




İstinadlar Qafqazinfo