İyunun 1-də Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki “Dəniz Palace” şadlıq sarayında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə tədbir keçirilib.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, başçısı yanında Şuranın üzvləri, Qarabağ qazisi Elmir Abbasov, şəhid ailələrinin və qazilərin uşaqları, əlilliyi olan uşaqlar və onların valideynləri iştirak ediblər.

Süleyman Mikayılov bu gün ölkəmizdə uşaq və yeniyetmələrə, gənclərə göstərilən diqqət və qayğının, onlara yaradılan hərtərəfli şəraitin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyev bu sahəyə xüsusi diqqət ayırıb, uşaq və yeniyetmələrin sağlam və bilikli böyümələri yönündə bir sıra tədbirlər həyata keçirib, müxtəlif beynəlxalq konvensiyalara qoşulub, müvafiq fərman və sərəncamlar imzalayıb.

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşıb. Bu siyasətin davamı olaraq son illərdə Prezident İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın uşaqlarla bağlı məsələlərə xüsusi diqqət yetirmələri həmin sahəyə qayğının daha da artmasına səbəb olub.

Daha sonra tədbir bayram konsert ilə davam etdirilib.