Qaradağda 5 hektar qamışlıq yandı – Video

Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində yanğın baş verib.
Bununla əlaqədar dərhal FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının açıq ərazidəki qamışlıq sahədə baş verdiyi və güclü külək səbəbindən hər an yaxınlıqdakı kommunikasiya xətlərinə keçmə riskinin mövcud olduğu müəyyən edilib.
Yanğınsöndürənlər tərəfindən güclü küləyin yaratdığı maneəyə baxmayaraq görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğın qısa müddətdə söndürülərək bilavasitə yaxınlıqda yerləşən kommunikasiya xətlərinə, o cümlədən yüksək gərginlikli hava elektrik xətləri və neft sənayesi obyektlərinə ziyan vurmasına imkan verilməyib. Yanğın nəticəsində təxminən 5 hektar sahədə qamışlıq yanıb.
Prezident Bakıda beynəlxalq konfransda çıxış etdi – Fotolar + – VİDEO

Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir.
Bu gün Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayır.
“Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan konfransda 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri iştirak edəcək.
Üç gün davam edəcək konfransda “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul olunacaq, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq ediləcək, qurumun sədri və sədr müavinləri seçiləcək.
***
İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev konfransda iştirak edir.
Dövlət başçısı konfransda çıxış edib.
***
Prezident İlham Əliyevin çıxışı
– Hörmətli xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Azərbaycana xoş gəlmisiniz. Sizin hamınızı görməyə çox şadam. Ümidvaram ki, şəhərimizdə yaxşı vaxt keçirəcəksiniz.
Bu gün zənnimcə Qoşulmama Hərəkatının tarixində vacib bir tədbir keçirilir. Burada – Bakıda biz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini yaradırıq. Həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində əlavə bir addım olan Azərbaycanın bu təşəbbüsünü dəstəklədiyinə görə Qoşulmama Hərəkatına üzv olan dövlətlərə minnətdarlığımı bildirirəm. Azərbaycan parlamentinin səkkiz il ərzində sabiq bir üzvü olaraq, sizin sabiq həmkarınız olaraq mən parlament diplomatiyasının və parlamentlərarası münasibətlərin necə əhəmiyyət kəsb etdiyini yaxşı bilirəm. Əminəm ki, parlament şəbəkəmiz təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaq.
Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra ikinci ən böyük beynəlxalq təsisatdır və əlbəttə ki, biz hamımız səsimizin dünya miqyasında eşidilməsini istəyirik. Parlament şəbəkəsi bizim təkcə irəli sürdüyümüz və dəstəyinizi qazandığımız yeganə təşəbbüs deyil. Digər vacib bir təşəbbüs gənclər şəbəkəsidir. Növbəti ay burada, Bakıda başqa önəmli bir tədbir, Qoşulmama Hərəkatının Gənclər Sammiti keçiriləcəkdir. Bunlar Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış addımlardır və hesab edirəm ki, bu istiqamətdə praktiki addımların atılması üçün vaxt yetişib. Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır.
Hesab edirəm ki, indi institusional inkişaf istiqamətində daha çox addımların atılması üçün düzgün vaxtdır və bu da öz növbəsində bizə beynəlxalq arenada maraqlarımızı qorumağa və əlbəttə ki, ölkələrimiz arasında həmrəyliyin gücləndirilməsinə kömək edəcək.
Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvüdür. Biz Qoşulmama Hərəkatı ailəsinə 2011-ci ildə qoşulduq və fəaliyyətimizin ilk günlərindən bəri həmrəylik, qarşılıqlı dəstək və Bandunq prinsiplərinin təşviqinə töhfəmizi verməyə çalışmışıq. Biz Bandunq prinsipləri ilə tamamilə razıyıq və bu prinsiplərin ölkələr arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət üçün yeganə əsas kimi qəbul edirik. Ərazi bütövlüyü, suverenlik, müstəqillik, bir-birinin işlərinə müdaxilə etməmə – bu prinsiplər bütün ölkələr tərəfindən qorunub saxlanılsaydı, heç bir müharibə, münaqişə və ədalətsizlik olmazdı. Fəaliyyətimizin ilk günlərindən Azərbaycan Qoşulmama Hərəkatının bütün təşəbbüslərinə çox fəal cəlb olunmuşdur. Hesab edirəm ki, Qoşulmama Hərəkatına sədrlik etmək üçün Azərbaycanın namizədliyinin yekdil şəkildə dəstəklənməsinin də əsas səbəbi bu idi. 120 ölkənin bu möhtəşəm yekdil dəstəyi 2016-cı ildə nümayiş etdirilmiş və 2019-cu ildə Bakıda biz Qoşulmama Hərəkatının Zirvə toplantısını təşkil edərək müvəffəqiyyətlə keçirdik və 2019-2022-ci ilə qədər sədrliyi üzərimizə götürdük. Qoşulmama Hərəkatına sədrliyimizin yenə də 120 ölkənin yekdil qərarı ilə 2023-ci ilin axırına kimi uzadılmasını ölkəmizə böyük bir hörmət və fəaliyyətimizin qiymətləndirilməsi əlaməti kimi qəbul edirik. Biz buna görə sizə çox minnətdarıq, sizin dəstəyinizi doğrultmaq və bunun düzgün seçim olduğunu nümayiş etdirmək üçün əlimizdən gələni edəcəyik.
Qoşulmama Hərəkatında sədrliyimiz COVID-19 ilə üst-üstə düşdü və Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu fəal oynayan ölkələrdən biri idi. Biz Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsü ilə çıxış etdik, onu 2020-ci ilin may ayında keçirdik və bu, pandemiya ilə mübarizə ilə bağlı yaxşılaşmada səylərimizin Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən səfərbər edilməsi üçün ilkin addımlardan biri idi. Bunun nəticəsində biz 2020-ci ilin dekabr ayında uğurla keçirilmiş, COVID-19 ilə mübarizəyə həsr edilmiş BMT Baş Assambleyanın xüsusi sessiyasının çağırılması ilə bağlı üzv dövlətlər tərəfindən dəstəklənmiş təşəbbüsü irəli sürdük. Bizim səylərimiz təkcə həmrəyliyin gücləndirilməsi və dəstəyin təmin edilməsinə yönəlməmişdir, eyni zamanda, ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı bizim məlumat bazasından istifadə etməyə başlamış Ümumdünya Səhiyyə Təşkilatı üçün də faydalı oldu.
Beləliklə, üzv dövlətlərdə yaratdığımız məlumat bazası bu pandemiya ilə və gələcəkdə baş qaldıra bilən istənilən digər xəstəliklə mübarizədə çox faydalı idi və faydalı olmağa davam edir. Biz 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı təmin etmişik. Həmçinin biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə etmişik və bu vəsaitin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə birbaşa ayrılmışdır. Beləliklə, COVID-19 ilə mübarizəyə yanaşmamızla bağlı səylərimiz zənnimcə çox mühüm qlobal təsirə malik olmuşdur. Çünki biz peyvənd millətçiliyinə qarşı açıq şəkildə etirazını bildirən ölkələrdən biri idik. Hamımızın xatirindədir ki, pandemiyanın ilk günləri və aylarında bəzi zəngin ölkələr onlara lazım olduğundan ola bilsin üç və ya dörd dəfə çox peyvəndləri tədarük edir və bununla da digər ölkələri peyvəndlərə çıxışdan məhrum edirdi. Biz hamımız digər ölkələrin çıxılmaz vəziyyətdə olduğu bir vaxtda zəngin ölkələrin peyvəndlərin mütləq əksəriyyətindən istifadə etdiyinin şahidi olduq. Buna görə də bizim peyvənd millətçiliyinə qarşı mübarizəmiz Beynəlxalq Millətlər Təşkilatı tərəfindən də dəstəklənmişdir. Hesab edirəm ki, bu da vaksinlərin ədalətli paylanılmasına mühüm təsir göstərmişdir.
Başqa sözlə, Azərbaycan həmişə regional mövzular və qlobal məsələlərlə bağlı öz mövqeyini nümayiş etdirirdi və əlbəttə ki, Qoşulmama Hərəkatının sədri olaraq biz ədalətsizliyə, beynəlxalq hüququnun pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparmağa davam edəcəyik. Biz, həmçinin Qoşulmama Hərəkatının üzv dövlətlərinin böyük dəstəyinin də şahidi olduq. Qeyd etdiyim kimi, Qoşulmama Hərəkatına sədrliyin verilməsi və sonra da onun uzadılması ilə bağlı yekdil qərar ölkələrin Azərbaycana olan münasibətini aydın nümayiş etdirirdi. Şahidi olduğumuz digər vacib bir həmrəylik əlaməti Ermənistan tərəfindən təqribən 30 illik işğaldan sonra torpaqlarımızın azad edilməsi zamanı ölkəmizin yaşadığı ən çətin dövrə təsadüf etdi. Biz öz torpağımızda savaşırdıq, biz ədaləti bərpa edirdik, beynəlxalq hüququ bərpa edirdik. Lakin əfsuslar olsun ki, bəzi ölkələlər bizə qarşı kampaniyaya – qarayaxma, böhtan və şantaj kampaniyasına başladılar.
Təəssüflər olsun ki, bu sadəcə şifahi kampaniya və ya ictimai ittihamlar deyildi. Bəzi ölkələr bizim bu haqq işimizə BMT, onun Təhlükəsizlik Şurası səviyyəsinə çıxarmağa cəhd etdi. Lakin həmin vaxt Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan, Qoşulmama Hərəkatında təmsil olunan dostlarımız anti-Azərbaycan mahiyyətli bəyanatı blokladılar. Azərbaycana qarşı ittihamı blokladılar və bununla da ermənipərəst qlobal qüvvələrin Azərbaycana qarşı hücumuna mane oldular. Biz bu həmrəyliyə görə sizə minnətdarıq.
Bir daha qeyd etmək istəyirəm ki, biz ədaləti bərpa edirdik. Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi. Ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi etnik təmizləmə ilə nəticələndi. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Bizim tarixi və dini irsimiz erməni işğalçıları tərəfindən yer üzündən silinib. Bu gün azad olunmuş ərazilərə səfər edənlər bu barbarlığın və vandalizmin şahidi ola bilərlər. Məscidlərimizin təhqiri, mədəni və dini abidələrimizin dağıdılması – bunlar faktlardır və bunu heç kəs görməzdən gələ bilməz. Ermənipərəst qüvvələr nə qədər də bunu görməzdən gəlməyə çalışsalar da buna müvəffəq ola bilmirlər. Çünki artıq, minlərlə, bəlkə on minlərlə insan, o cümlədən xarici qonaqlar, siyasətçilər, parlament sədrləri və üzvləri, jurnalistlər, ekspertlər və sıravi insanlar azad edilmiş ərazilərə səfər ediblər.
Biz bu münaqişəyə son qoyduq, ədalət və beynəlxalq hüququ bərpa etdik. 2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısındakı çıxışımda qeyd etmişdim ki, biz ədaləti və beynəlxalq hüququ müdafiə edəcəyik. Biz bunları bərpa edə bilməməyin, başqalarından asılı olmağın nə olduğunu yaxşı bilirdik. Biz uzun illər, təqribən 30 il ərzində bunu gözləyirdik. Gözləyirdik ki, beynəlxalq ictimaiyyət ədalətsizliyə və işğala son qoyulmasına yardım edəcək. Bu məqsədlə ATƏT 1992-ci ildə Minsk qrupunu təsis etdi və o, bu münaqişənin həll yolunu tapmalı idi. Yəni, işğala son qoyulmalı idi. Əksinə, Minsk qrupu bu münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi.
Bu gün Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna ehtiyac yoxdur. Biz Minsk qrupuna artıq əlvida demişik. Təəssüflər olsun ki, Ermənistan və digərləri onu həyata qaytarmağa çalışır. Lakin bu, mümkünsüzdür. O, artıq ölüb. İşğaldan əziyyət çəkmiş ölkə kimi biz bunu açıq şəkildə bəyan edirik. Düşünürəm ki, ATƏT-in Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya nəinki qeyri-məhsuldardır, eyni zamanda, regionda mümkün sülhün bərqərar olması üçün dağıdıcı təsirə malikdir.
2020-ci il noyabrın 10-da 44 gün sürən Vətən müharibəsi nəticəsində Ermənistan kapitulyasiya etməyə və məğlubiyyətini etiraf etməyə məcbur oldu. Daha sonra döyüş meydanında azad edilməmiş digər rayonlardan çıxmağa məcbur edildi. Bunu etməyə bizə sadəcə 44 gün kifayət etdi. Ancaq biz bunu 30 ilə yaxın gözlədik. İşğal illəri dövründə, müxtəlif beynəlxalq tədbirlərdə çıxış edərkən mən Ermənistana qarşı sanksiyaların tətbiqinə çağırırdım. Deyirdim ki, bu problemin dinc həllinin yeganə yolu Ermənistana qarşı sanksiyaların tətbiqidir. O sanksiyalar ki, səmərəli olacaq və onların iqtisadiyyatına sarsıdıcı təsir göstərəcək. Əfsuslar olsun ki, heç bir sanksiya tətbiq edilmədi və əksinə, Ermənistan Azərbaycanla müqayisədə bəzi ermənipərəst siyasətçilərdən getdikcə daha çox dəstək alırdı.
Gördüyümüz kimi, Minsk qrupunun fəaliyyətinin yeganə məqsədi münaqişəni dondurmaq və torpaqlarımızı əbədi işğal altında saxlamaqdan ibarət idi. Biz həmin siyasətə son qoyduq, güc və siyasi müdriklik sayəsində torpaqlarımızı azad etdik.
Deyə bilərəm ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vəziyyət təkcə regional deyil, qlobal məsələdir. Çünki bu, təkcə beynəlxalq hüququn təməl prinsiplərinin tam pozulması deyil, həm də BMT Təhlükəsizlik Şurasının qətnamələrinin kobud pozulması və onlara məhəl qoyulmaması halı idi. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni qoşunlarının bizim ərazimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Sual olunur ki, niyə bu qətnamələr icra edilmədi? Buna cavab verə bilən yoxdur və ya cavab vermək istəmir. Növbəti sual ondan ibarətdir ki, niyə BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün içərisində icra olunur, bizə gəldikdə onlar 28 il ərzində kağız üzərində qalır? Əgər cəsur azərbaycanlı hərbçilər torpaqlarımızı azad etməsə idi həmin qətnamələr yəqin ki, daha 28 il ərzində kağız üzərində qalacaqdı.
Bu, BMT-nin və onun Təhlükəsizlik Şurası çərçivəsində islahatların aparılması məsələsini gündəmə gətirir. Çünki qətnamələr icra edilmirsə, onları qəbul etməyin nə mənası var. Biz islahatların tərəfdarıyıq və hesab edirəm ki, bu, Qoşulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində müzakirə olunmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin siyasi üstünlük əsasında icra edilməsinə son qoyulmalıdır.
Ümumilikdə, hər kəsə məlumdur ki, Qoşulmama Hərəkatı dünyada BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Hesab edirəm ki, biz səylərimizi səfərbər edərək potensialı və həmrəyliyi gücləndirməli, vahid mövqedən çıxış etməliyik. Bilirəm ki, bəzi üzvlər arasında müəyyən problemlər var. Düşünürəm ki, Qoşulmama Hərəkatı həmin problemlərin həlli yolunu tapmaq üçün platforma ola bilər. Həmçinin ölkələrimizin maraqlarının müdafiəsi üçün platforma rolunu oynaya bilər. Çünki Qoşulmama Hərəkatının bir çox üzvü oxşar tarix və problemlərə malikdir. Bir çox hallarda ədalətsizliklə üzləşib və öz milli maraqlarını müdafiə etməyə çalışır. Biz bunu birlikdə edə bilərik və bunu daha səmərəli edə bilərik. Biz məhz bunun tərəfdarıyıq.
Beləliklə, Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına və bəlkə də müəyyən mərhələdə onu təşkilata çevrilməsinə yönəlib. Bilirəm ki, Qoşulmama Hərəkatının tarixində bununla bağlı müzakirələr olub və bəlkə də bu müzakirələri yenidən başlamağın vaxtı çatıb. Çünki bu gün biz dünyada qlobal qütbləşmənin, müharibənin, münaqişənin, proqnozlaşdırıla bilinməyən vəziyyətin, ərzaq, enerji və humanitar böhranların şahidi oluruq. Hesab edirəm ki, Qoşulmama Hərəkatı təkcə ölkələr üçün maraqlarını müdafiə etmək və bir-birini dəstəkləmək platforması deyil, beynəlxalq arenada daha fəal rol oynamaq üçün platforma da ola bilər. Azərbaycan olaraq biz bunu görmək arzusundayıq və ümid edirəm ki, bizim hörmətli qonaqlarımız, Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentlərinin nümayəndələri bu işə töhfə verəcək və əlbəttə ki, mən də Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçıları ilə məsləhətləşmələrimi davam etdirəcəm.
Əziz dostlar bizimlə olduğunuza görə sizə təşəkkür edirəm. Ənənəvi Azərbaycan qonaqpərvərliyini göstərmək üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, bu konfrans təkcə çox məhsuldar deyil, həm də ünsiyyət və sıx təmasların qurulması baxımından da yaxşı fürsət olacaqdır. Nəticədə isə biz həmrəylik, qarşılıqlı dəstək və təsisatlarımızın gücləndirilməsində tərəqqinin şahidi olacağıq.
Sağ olun.
***
Sonra Milli Məclisin sədri Sahibə Qafarova çıxış edərək konfransın gündəliyi barədə məlumat verib. Bildirib ki, konfransda “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul edilib, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq olunub, qurumun sədri və sədr müavinləri seçilib.
Qeyd edək ki, üç gün davam edəcək konfransa 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri qatılıblar.
Tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərlərinin ölkə rəsmiləri ilə görüşləri nəzərdə tutulub.
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edəcək, burada aparılan quruculuq və abadlıq işləri ilə tanış olacaqlar.
“Azərişıq” Masallının iki kəndinin elektrik şəbəkəsini yenidən qurur – VİDEO

“Azərişıq” ASC Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, Masallı rayonunun Eminli və Ərəb kəndlərinin elektrik şəbəkəsi yenidən qurur.
Bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, yenidənqurma işləri çərçivəsində 171 abonenti olan Eminli kəndində 5 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 12 km-a yaxın 10 kV-luq, 11 km-dan çox 0,4 kV-luq elektrik xətti yenilənəcək.
Masallının Ərəb kəndində də yenilənmə işlər davam etdirilir. 156 abonenti olan kənd ərazisində 2 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 7 km-a yaxın 10 kV-luq, 10 km-dan çox 0,4 kV-luq elektrik xətti dəyişdiriləcək.
Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunacaq.
Eminli və Ərəb kəndləri ilə yanaşı,Masallı rayonunun Xırmandalı və Mollaoba kəndlərində də yenidəqurma işləri davam edir. İşlər yekunlaşdıqdan sonra ümumilikdə 2000-ə yaxın abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək.
Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir. İşlərin davam etdiyi və yekunlaşdığı digər kəndlər barədə də silsilə məlumatlar təqdim edəcəyik.
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı başlayıb, İlham Əliyev konfransda iştirak edib -2 – VİDEO

Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı davam edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib.
Prezident Bakıda beynəlxalq konfransda çıxış edir – Canlı – VİDEO

Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir.
Bu gün Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayır.
“Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan konfransda 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri iştirak edəcək.
Üç gün davam edəcək konfransda “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul olunacaq, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq ediləcək, qurumun sədri və sədr müavinləri seçiləcək.
Tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərlərinin ölkə rəsmiləri ilə görüşləri nəzərdə tutulub.
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edəcək, burada aparılan quruculuq və abadlıq işləri ilə tanış olacaqlar.
***
İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı işə başlayıb.
Azərbaycan Prezidenti İlham Əliyev konfransda iştirak edir.
Dövlət başçısı konfransda çıxış edir.
“Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan konfransa 40-dan çox ölkənin parlament nümayəndə heyətlərinin, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri qatılıblar.
Üç gün davam edəcək konfransda “Bakı Bəyannaməsi” və “Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin İş Qaydalarına dair Nizamnamə” qəbul olunacaq, təşkilatın rəsmi loqosu və bayrağı təsdiq ediləcək, qurumun sədri və sədr müavinləri seçiləcək.
Tədbirdə iştirak edən nümayəndə heyətləri rəhbərlərinin ölkə rəsmiləri ilə görüşləri nəzərdə tutulub.
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransının iştirakçıları Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edəcək, burada aparılan quruculuq və abadlıq işləri ilə tanış olacaqlar.
Solovyov Azərbaycandan üzr istədi – Video

Rusiyalı jurnalist və teleaparıcı Vladimir Solovyov separatçı David Babayanı “Соловьев Live” proqramının efirinə dəvət etdiyi üçün Azərbaycandan üzr istəyib.
Solovyov “Соловьев Live” proqramının səhər buraxılışında bu barədə danışıb.
Rusiyalı jurnalist separatçı Babayanı efirə dəvət etməklə siyasi səhvə yol verdiyini etiraf edib: “Böyük siyasi səhvə yol verdim. Sözü yalnız bir tərəfə verməyim mənim səhvim idi. Bu, mənim səhvimdir və üzr istəyirəm, sözü Azərbaycan tərəfinə verməyə hazıram”.
Bununla yanaşı, Solovyov daha sonradan Azərbaycandan növbəti dəfə üzr istəyib.
Jurnalist “Вечер с Соловьевым” verilişinin efirində yenidən siyasi səhvə yol verdiyini təkrarlayıb: “Digər ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət Rusiyanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Mən özüm şəxsən bu prioritetlə tamamilə razıyam. Dünən mənim verilişimin səhər buraxılışında Bakıda qəbuledilməz olaraq qiymətləndirilən hadisələr baş verdi. Mən öz adımdan Azərbaycandan üzr istəyirəm, çünki bu mənim şəxsi siyasi səhvimin nəticəsi idi. Çətin vaxtlarda səhvlər olur”.
FHN “Qrand” hotelin fəaliyyətini məhdudlaşdırdı – Foto+Video

Bakıda “Qrand” hotelin fəaliyyəti məhdudlaşdırılıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi, ev 11/33 ünvanında yerləşən mehmanxanada yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
– birinci və ikinci mərtəbələrdə təxliyə yolları yanar meteriallarla üzlənib;
– mətbəx sahəsində daxili qaz boruları yivli birləşmələrlə istismar olunur və mətbəxdə qaz sızmasının xəbərdar edilməsi üçün avtomatik xəbərverici qurğu quraşdırılmayıb;
– obyektin ərazisində qeyri-standart qaz su qızdırıcısından istifadə olunur;
– obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;
– elektrik paylayıcı lövhəsinin, qazanxana və mətbəx sahələrinin elektrik qurğuları “Elektrik qurğularının quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;
– mətbəx sahəsinin tüstü bacası yağ qalıqlarından təmizlənməyib;
– obyekt ilkin yanğınsöndürmə vasitələri və odsöndürən balonlarla tam təmin olunmayıb;
– obyektin çardaq sahəsinin, dəhlizin və qonaq otaqlarının üzləndiyi taxta konstruksiyalar odadavamlı məhlulla hopdurulmayıb;
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının pozulması səbəbindən baş verə biləcək yanğın hadisələrindən insanların həyatının və sağlamlığının, dövlətin əmlak maraqlarının, milli sərvətin, ətraf mühitin, bütün mülkiyyət növlərinin qorunması məqsədilə, qanunvericiliyin tələblərinə uyğun olaraq, “Qrand” mehmanxanasında işlərin və xidmətlərin göstərilməsinin məhdudlaşdırılması barədə qərar qəbul olunub.
Bu gün Türkiydə möhtəşəm Qarabağ parkının açılışı olacaq – VİDEO

Bu gün Türkiyənin Batman şəhərində Qarabağ parkının açılışı mərasimi keçiriləcək.
Yeni yaradılan parkın ümumi sahəsi 15 397 kvadrat metrdir
Parkda uşaqlar üçün oyun meydançası, hovuz var. Parkda, həmçinin sərgi yerləri ilə yanaşı Azərbaycanın yeddi məşhur incəsənət ustalarının əsərləri də yer alacaq.
“Azərbaycan mədəniyyətinin izlərini özündə əks etdirən Qarabağ parkı Batmanın təbiəti, qardaşlığı və incəsənəti bir yerə gətirəcək yeni görüş yeri olmağa hazırdır”, – deyə parkın açılışı ilə bağlı video çarxda bildirilir.
Sumqayıtda qadını avtobusdan itələyən sürücü saxlanıldı – Video

Sumqayıtda sərnişini təpiklə vuraraq avtobusdan itələyən sürücü Aqil Kosayev saxlanılıb.
Sumqayıt şəhər Polis İdarəsindən bildirilib ki, sürücü saxlanılaraq məsuliyyətə cəlb edilib. Onun haqqında araşdırmalar başlanılıb.
Qeyd edək ki, avtobusdan yıxılan sərnişin Sənubər Baxışəliyeva yüngül bədən xəsarətləri alıb.
“Sherlock’s” restoranı söküldü – Video

Xəzər dənizi sahilində illər əvvəl qanunsuz olaraq tikilən hasarların və iaşə obyektlərinin söküntü işləri aparılır.
Bu barədə “Baku TV” məlumat yayıb.
Bildirilir ki, bu gün Xəzər rayonu Buzovna çimərliyi ətrafında sahil boyu vətəndaşların sərbəst şəkildə çimərliyə daxil olub istirahət etmələrinə maneə törədən, qanunsuz olaraq inşa edilən obyektlər də sökülür. Belə ki, illərdir fəaliyyət göstərən çimərlikdən bir neçə metr məsafədə yerləşən məşhur “Sherlock’s” restoranı artıq sökülüb.
Goranboy və Naftalana suyun verilməsi bərpa olundu – Video

İntensiv yağıntıların və sel sularının Goranboy və Göygöl rayonlarında su mənbələrinə vurduğu ziyanın fəsadları aradan qaldırılır.Hazırda su mənbələrində infiltrasiya qurğusunun təmizlənməsi işləri intensiv qaydada davam etdirilir.
Son günlər müşahidə olunan intensiv yağıntılar və sel suları Goranboy və Göygöl rayonlarında şəhər mərkəzlərini və bəzi kəndləri içməli su ilə təmin edən Ballıqaya, Bənövşəli və Kürəkçay mənbələrinə ciddi ziyan vurub. İyunun 22-də sel nəticəsində Qaraçay çayından gələn ağac qırıntıları, daş və lil Ballıqaya sutəmizləyici qurğusunun infiltrasiya sahəsini bərk kütlə ilə doldurub və qurğuda emal prosesi tam dayanıb. Qısa müddətdə qurğuda təmizləmə işləri aparılaraq suyun verilişi bərpa olunsa da, iyunun 25-də selin təkrarlanması emal prosesinin yenidən dayanmasına səbəb olub. Nəticədə, Goranboy, Naftalan və Xocalı sukanal sahələrinin bu mənbədən qidalanan yaşayış məntəqələrinə içməli suyun verilməsi dayandırılıb. “Azərsu” ASC tərəfindən əraziyə xüsusi texnika və maşınlar cəlb olunaraq təmir-bərpa işlərinə başlanılıb. Artıq qurğunun bir hissəsi təmizlənib. Goranboy, Naftalan şəhərlərinə və Ağcakənd qəsəbəsinə, eləcə də bir sıra kəndlərə içməli suyun verilməsi qismən bərpa olunub.
Sel və daşqınlar Göygöl şəhərini və ətraf kəndləri içməli su ilə təmin edən Kürəkçay və Bənövşəli mənbələrinə də ziyan vurub. Selin gətirdiyi lil və bərk maddələr qurğularda emal proseslərinin dayanmasına səbəb olub. Hazırda mənbələrdə təmir-bərpa işləri davam etdirilir. Artıq Bənövşəli mənbəyinin fəaliyyəti bərpa edilib, Kürəkçay mənbəyində isə işlər davam etdirilir.
“Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov, “Sutikinti” Müəssisəsinin, regional sukanal idarələrinin nümayəndələri su mənbələrinə baxış keçiriblər. Sel nəticəsində hidrotexniki qurğulara dəymiş ziyanın müəyyənləşdirilməsi və aradan qaldırılması ilə bağlı işçi qrupu yaradılıb. Əhalinin içməli suya olan tələbatını ödəmək üçün hər iki rayona sudaşıyan nəqliyyat vasitələri səfərbər olunub və mənbədə emal prosesi bərpa olunana qədər sakinlər maşınlarla daşınan su ilə təmin olunacaqlar.
“Hyundai”da kanala düşdülər – Video

Qubanın Mirzəməmməd kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Quba Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1948-ci il təvəllüdlü Mavik Ağakərimova məxsus “Hyundai Santafe” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı dərinliyi təxminən 6 metr olan suvarma kanalına düşüb və avtomobilin içərisində köməksiz vəziyyətdə qalmış 2 nəfərin həyatı təhlükə altındadır.
Yanğınsöndürən-xilasedicilər müvafiq xilasetmə vasitələrindən istifadə etməklə sürücü Mavik Ağakərimov və sərnişini 1953-cü il təvəllüdülü Leyla Ağakərimovanı avtomobildən çıxarıb xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Müdafiə Nazirliyi “Gizir hazırlığı kursu”na qəbul elan edib – VİDEO

Müdafiə Nazirliyinin hərbi hissələrinə gizirlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar avqust ayının 8-dən sentyabr ayının 10-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müraciət etmiş vətəndaşlar hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilir və hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır.
Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər “Gizir hazırlığı kursu”na qəbul edilirlər.
Kursu müvəffəqiyyətlə başa vuran vətəndaşlarla 5 (beş) il müddətinə bağlaşma bağlanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.
Namizədlər AO TTM-də fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:
– kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);
– şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə;
– xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;
– tam orta təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti – 2 nüsxədə;
– doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətləri – 2 nüsxədə;
– nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) – 2 nüsxədə;
– uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda) – 2 nüsxədə;
– evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış – 2 nüsxədə;
– 8 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 6 ədəd 3×4 sm və 2 ədəd 4,5×6 sm ölçüdə);
– psixoloji, nevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması barədə arayışlar;
– qeydiyyatda olduğu poliklinikadan sağlamlıq haqqında arayış;
– qeydiyyatda olduğu poliklinikadan son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə arayış;
– hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) – 2 nüsxədə.
Qeyd edək ki, nazirlik məhkumluğu olan hərbi vəzifəlilərin “Gizir hazırlığı kursu”na qəbul üçün müraciət etməmələrini xahiş edib.
Gecəki yanğında 2 avtomobil yararsız hala düşüb – Video

Xəbər verdiyimiz kimi, gecə saatlarında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva və R.Rza küçələrinin kəsişməsində yerləşən obyektdə yanğın baş verib.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Havanın güclü küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin hadisəyə operativ müdaxiləsi və peşəkarlıqları sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
FHN-dən “Qafqazinfo”ya bildirilib ki, yanğın nəticəsində tikinti meydançasının ərazisində hər birinin sahəsi 15kv.m olan dəmir konstruksiyalardan ibarət 2 ədəd gözətçi konteynerinin taxta üzlüyü və içərisində olan əşyalar, 100kv.m. sahəyə yığılmış tikinti materialları, 1 ədəd ağac və yaxınlıqda dayanmış vətəndaşlara məxsus “Mercedes-200” və “Nissan Pathfinder” markalı minik avtomobillərinin yanar hissələri yanıb.
Ərazidə olan digər tikinti materialları, yaxınlıqda dayanmış avtomobillər və yaxınlıqdan keçən diametri 159 mm olan qaz xətti yanğından mühafizə olunub.
Bakıda məktəb binasındakı yanğın söndürüldü – Video+Fotolar+

Bakının Sabunçu rayonu, Sabunçu qəsəbəsində orta məktəb binasında yanğın başlayıb.
“112” qaynar telefon xəttinə Sabunçu qəsəbəsində orta məktəb binasında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Fövqəladə Hallar Nazirliyi Sabunçuda məktəb binasında baş verən yanğın barədə məlumat yayıb.
Bildirilib ki, hazırda yanğınla mübarizə tədbirləri davam edir. Yanğının söndürülməsinə müşahidə olunan güclü külək və məktəbin dam örtüyünün bəzi yerlərdə taxta konstruksiyalardan ibarət olması mane olur. İnsan həyatı və sağlamlığı üçün hər hansı təhlükə yoxdur.
Əlavə məlumat veriləcək.
***
Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində orta məktəb binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.
Müşahidə olunan güclü küləyə, habelə məktəbin mərtəbəlarası örtüyünün bəzi yerlərdə taxta konstruksiyalardan ibarət olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğının daha geniş əraziyə yayılmasına imkan verilməyib.
Yanğın nəticəsində ümumilikdə təxminən 1100 kv.m sahəsi olan dam örtüyünün 700kv.m hissəsi və 2 sinif otağı yanıb, digər sinif otaqları və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.
32 narkotacir tutulub – DİN – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son günlərdə 32 narkotacir tutulub, onlardan 90 kiloqram narkotik maddə aşkar edilib.
Paytaxt və bölgələrdə son 25 gündə keçirilən əməliyyatlarla sosial şəbəkələr vasitəsi ilə vətəndaşları narkokuryerliyə cəlb edən və onlayn yolla satış həyata keçirən mütəşəkkil dəstənin daha 32 üzvü saxlanılıb. Onlardan 90 kiloqram narkotik vasitə və psixotrop maddə, 2815 ədəd psixotrop tərkibli həb və 75 ədəd kultivasiya edilərək yetişdirilən çətənə kolu aşkar edilib.
Yardımlı, Masallı, eləcə də paytaxtın Qaradağ rayonlarındakı əməliyyatlar zamanı Amid Ağayev, İbrahim Ələsgərov, Mais Əliquliyev və tanışı Hüseyn Məmmədov tutulublar. Bu şəxslərdən, idarə etdikləri avtomobillərdən, eləcə də yaşadıqları evlərdən ümumilikdə 47 kiloqram yüksək təsiredici narkotik maddə, o cümlədən 28 kiloqram heroin, 8 kiloqram metamfetamin, 7 kiloqram tiryək, 4 kiloqram marixuana, psixotrop tərkibli həblər, elektron tərəzilər, narkotik vasitələrin satışından əldə etdikləri pul vəsaitləri və onlayn satış zamanı istifadə etdikləri plastik kartlar aşkar edilib. Adları çəkilən 4 nəfər qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik vasitələri Azərbaycan ərazisində qəbul edərək satışını təşkil etməli imişlər. Onların məqsədi narkotik vasitələri satmaqla yanaşı, sosial şəbəkələrdə müxtəlif videoşantaj, narkotik vasitə istifadəçilərinə “qayğı” göstərmək və pulsuz narkotik vasitə təklif etmək yolları ilə iradəsi zəif olan şəxsləri narkokuryerliyə cəlb etmək olub.
Baş İdarənin paytaxt, eləcə də Respublikanın digər bölgələrindən həyata keçirdiyi əməliyyatlar zamanı narkotik vasitələrin satışını təşkil edən daha 28 nəfər saxlanılıb. Onlardan 43 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, ekstazi, metadon həbləri, narkotik vasitələrin onlayn satışı, həmçinin pul dövriyyəsini təşkil etmək üçün istifadə olunan plastik kartlar aşkar olunub.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

Həbsdə olan vəzifəli şəxsin ailəsindən 52 min alıblar – VİDEO

Korrupsiyada təqsirləndirilən və ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə 11 il həbs cəzası alan Azərbaycan Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri Lütfi Qədirovun ailəsi dələduzluqla qarşılaşıb.
Məlumata görə, L.Qədirovun qardaşı və həyat yoldaşı ibtidai istintaq və məhkəmə prosesi zamanı onun həbsdən azad edilməsi, daha yüngül cəza almasına nail olmaq məqsədilə keçmiş polis zabiti, 1969-cu il təvəllüdlü Xanlar Əliyevə 52 500 manat pul veriblər. X.Əliyev vəd etdiyi işi 100 min manata həll edəcəyini, Lütfi Qədirovun azadlığa çıxmasından sonra onun ailəsindən daha 50 min manat alacağını bildirib. L.Qədirovun ailəsi də bu vədlə razılaşıb.
L.Qədirovun məhkəmələrində iştirak edən, onu yüksək vəzifəli şəxslərin vasitəsilə həbsdən azad etdirəcəyini bildirən Xanlar Əliyev vədinə əməl etməyib. Belə ki, L.Qədirova məhkəmənin hökmü ilə 11 il həbs cəzası verilib. Bundan sonra zərərçəkmiş tərəf prokurorluğa müraciət edib.
Araşdırmalar zamanı məlum olub ki, L.Qədirovun qardaşı Şirxan Qədirov Xanları sinif yoldaşı Əlifəttah vasitəsi ilə tapıb. Əlifəttah əvvəllər polis orqanlarında işləyib, hazırda isə onunla balıq ticarəti ilə məşğul olan Xanların bu işi müsbət həll edə biləcəyini deyib və tərəflər arasında vasitəçilik edib.
Bakı Ağır Cinayətlər Məhkəməsində Xanlar və Əlifəttah Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) və 32.4,312.2-ci (rüşvət vermədə iştirak) maddələri ilə təqsirləndiriliblər. Məhkəmənin 21 iyun 2022-ci il tarixli hökmü ilə Xanlar Əliyevə 8 il həbs cəzası verilib. Tərəflər arasında vasitəçilik etmiş Əlifəttaha qarşı isə 8 min manat cərimə cəzası tətbiq edilib.
Xatırladaq ki, ötən il Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin uzun illər bədii rəhbəri olmuş Lütfi Qədirova 11 il həbs cəzası verilib. Məhkəmənin qərarı ilə iş üzrə təqsirləndirilən Orkestrin təsərrüfat işləri üzrə müdiri olmuş Nəzakət Zairova isə şərti cəza alıb.
Lütfi Qədirov qarşı qaldırılan 355 minlik mülki iddia da təmin edilib.
Nizam Rza
Həmçinin baxın
“Azərişıq” Masallının iki kəndinin elektrik şəbəkəsini yenidən qurur – VİDEO
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı başlayıb, İlham Əliyev konfransda iştirak edib -2 – VİDEO
Gəncədə sənədsiz avtoservis məntəqəsinin tikintisinin qarşısı alınıb – VİDEO
“Ağır sirrozdan sağalan xəstələrim var” – Qastroenteroloq Aqil Ağakişiyev – VİDEO
Əlilliklə bağlı imtina alanlara xoş xəbər – Bu tarixdən qüvvəyə minir – VİDEO
“Düşmənin qurduğu istehkamları bir anda keçdik” – Qalib ordunun zabiti – VİDEO
“Ordumuz Vətən müharibəsində mükəmməl döyüş taktikası nümayiş etdirdi” – Məhərrəm Əliyev – VİDEO
Rusiyanın dini lideri Novorossiysk kilsəsində mərasim zamanı yıxılıb – VİDEO
Hindistanlı turistin axtarışlarına xüsusi təlim keçmiş itlər cəlb olunub – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla