Ermənistanda 2008-ci ilin mart hadisələrində Qarabağdan Yerevana erməni silahlı cəza dəstələrinin aparılması təsdiqlənib.

Bunu Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki erməni silahlı dəstəsinin o vaxtkı başçısı Movses Akopyan “Azadlıq” radiostansiyasının ermənicə redaksiyasına müsahibəsində bildirib.

O, hərbçi kimi əmrləri yerinə yetirdiyini söyləyib.

Bildirilib ki, 2008-ci il fevralın 23-də Qarabağdan Yerevana əvvəlcə 300, sonra 400 silahlı aparılıb.

Xatırladaq ki, 2008-ci ilin fevral ayında Ermənistanda prezident seçkiləri keçirilib. O vaxt Mərkəzi Seçki Komissiyası namizədlərdən biri olan və hakimiyyətin dəstəklədiyi Serj Sarqsyanın 52,8 faiz səs topladığını və qalib gəldiyini elan edib. Digər namizəd – Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan seçkidə saxtakarlıq olduğunu elan edib və nəticələri tanımayıb.

Seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq, martın 1-2-də ölkədə geniş aksiyalar keçirilib. Hakimiyyət mitinqin dağıdılması üçün güc tətbiq edib. Ordu və polisin açdığı atəş nəticəsində 10 nəfər ölüb, xeyli insan yaralanıb. Bu hadisələri törədənlər indiyədək cəzalandırılmayıblar.

Oxumağa dəyər:   Mirşahin Əli İnsanovun əmlaklarını yaydı - SİYAHI

Nikol Paşinyan Ermənistanın baş naziri olandan sonra 2008-ci ilin 1-2 mart hadisələrinə görə cinayət işi təzələnib. O vaxtkı prezident Robert Koçaryan məsələ ilə bağlı 2018-ci il iyulun 27-də həbs olunub.