Qarabağda tikiləcək binaların və digər obyektlərin layihələndirilməsi zamanı ərazinin potensialından asılı olaraq müxtəlif bərpa olunan enerji mənbələri üzrə qurğuların quraşdırılması nəzərə alınacaq.

Bunu “Report”a açıqlamasında Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Layihələrlə iş və hüquq şöbəsinin müdir müavini Cəbrayıl Əliyev deyib.

C.Əliyevin sözlərinə görə, ölkə başçısının 16 noyabr 2022-ci il tarixli Sərəncamına əsasən qəbul edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda bu inkişafın sistemli bir şəkildə təşkilinə, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan bir inkişaf modelinin formalaşmasına imkan verəcək.

“Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 %-i 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal altında saxlanılıb. İşğal dövründə bu ərazilərdə Azərbaycanın şəhərləri və digər yaşayış məntəqələri, o cümlədən infrastruktur obyektləri tamamilə dağıdılmış, milli-mədəni irsimiz məhv edilmiş, təbii sərvətlərimiz talan edilmiş, iqtisadiyyata əhəmiyyətli dərəcədə zərər vurulub.

Lakin, 2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmiş və bununla da həmin ərazilərin dayanıqlı inkişafına başlanılıb.

Ümumiyyətlə, Dövlət Proqramının icrası əhalinin dayanıqlı məskunlaşması və işğaldan azad olunmuş ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası məqsədləri çərçivəsində həyata keçiriləcək. Təbii ki, dayanıqlı məskulnaşma üzrə fəaliyyətə iqtisadiyyatın bir çox sahələri ilə yanaşı enerji infrastrukturunun qurulması və yenidən bərpası, həmçinin ətraf mühitin etibarlı mühafizəsi, ekoloji təhlükəsizliyi, təbii resurslardan səmərəli və effektiv istifadə, “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji zonası” konsepsiyalarının tətbiqinin təşviq etmək üzrə bir çox tədbirlər daxildir”, – C.Əliyev bildirib.

Nazirlik rəsmisi əlavə edib ki, azad edilmiş ərazilərdə ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə üzrə zəruri infrastrukturun yaradılması təmin ediləcək.

“İşğaldan azad olunmuş ərazilərdə enerji səmərəli və ekoloji təmiz texnologiyaların tətbiqi məqsədi ilə günəş və külək elektrik stansiyalarının tikilməsi, yararsız hala salınmış kiçik su elektrik stansiyalarının (KSES) bərpası, o cümlədən yeni kiçik və böyük həcmli su elektrik stansiyalarının inşası, damüstü günəş enerjisi sistemlərinin quraşdırılması və küçə və yolların işıqlandırılmasında enerji səmərəli “yaşıl” texnologiyaların tətbiqinə dair tələblərin müəyyən edilməsi kimi tədbirlər öz əksini tapıb. “Yaşıl enerji” zonasının yaradılması çərçivəsində elektrik enerjisi dəyər zəncirinin hər bir həlqəsində “yaşıl texnologiya”lardan və “yaşıl enerji” potensialından texniki və kommersiya əlverişliliyi nəzərə alınmaqla istifadə ediləcək”, – C.Əliyev deyib .

Həmçinin, onun sözlərinə görə, Energetika Nazirliyi tərəfindən beynəlxalq məsləhətçi şirkətin cəlbi ilə əhalinin məskunlaşması üzrə proqnozlara uyğun olaraq müxtəlif ssenarilərin tətbiq edilməsi ilə ərazilərin inkişaf modelləri əsasında “İşğaldan azad olunmuş ərazilərdə “yaşıl enerji” zonası Konsepsiyası” sənədi hazırlanıb: “Sözügedən konsepsiyadan irəli gələn məsələlərin həlli məqsədi ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı” Nazirlər Kabinetinin 357s nömrəli 21 iyun 2022-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş və həmin ərazilərdə artıq yenidənqurma və bərpa işlərinə başlanılıb”.

İstinadlar Report