Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Göyçay rayon sakini, birinci Qarabağ müharibəsi qazisi, 1973-cü il təvəllüdlü Nəsirov Müğdət Rasul oğlunun intiharı ilə bağlı məlumat yayıb.

Agentlik adıçəkilən şəxsin intiharının əlillik dərəcəsi ala bilməməsi ilə əlaqələndirilməsini əsassız və uydurma adlandırıb.

Bildirilib ki, bu, həmçinin, hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılan hadisə ilə bağlı məsuliyyətsiz davranışdır:

“Müğdət Nəsirovun əlilliyinin qiymətləndirilməsi ilə bağlı ümumilikdə son aylarda tibbi-sosial ekspertiza xidmətinə heç bir müraciət, göndəriş daxil olmayıb. Onunla bağlı sonuncu dəfə göndəriş beş ay bundan əvvəl, 2020-ci ilin noyabrında daxil olub.

Həmin göndərişdə də onun son 27 ildə yalnız iki dəfə – 1994 və 2018-ci illərdə stasionar (7-9 gün) müalicə olunduğu qeyd edilib. Diaqnoz məlumatları ona əlillik təyinatına əsas yaratmayıb və əlavə müalicəyə ehtiyacının olması barədə qərar verilib”.

Muğdət Nəsirov Birinci Qarabağ Müharibəsində fəal iştirak edib, ayağından və qolundan ağır yaralandığı üçün hərbidən tərxis olunub.