
Ötən gün keçirilən “Qarabağ” futbol klubunun oyunundan çıxıb “Gənclik” stansiyasında metroya minən sərnişinlər vaqona zərər veriblər.
Bu barədə Bakı Metropoliteninin Mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev sosial şəbəkədə məlumat verib. O qeyd edib ki, bəzi “insanlar” ictimai istifadədə olan, hamımızın vergisi hesabına formalaşan büdcə vəsaiti hesabına alınan vaqonu pis vəziyyətə salıblar:
“Bu şəkillər Bakı Metrosunun 1566 saylı vaqonundandır. Dünən Həzi Aslanov – Dərnəgül xəttində 30 saylı marşrut üzrə hərəkət edirdi. Əsas vəzifəsi sərnişin, insan daşımaq idi. Amma və lakin “Qarabağ” futbol klubunun oyunundan çıxıb “Gənclik” stansiyasında metroya minən bəzi “insanlar” ictimai istifadədə olan, hamımızın vergisi hesabına formalaşan büdcə vəsaiti hesabına alınan vaqonu bu vəziyyətə salıblar. Əllərindəki bayraqların sopaları ilə vaqona və videomüşahidə kamerasına zərər veriblər”.